Xəbər verdiyimiz kimi, ölkə prezidentinin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib. Fərmana əsasən ölkə qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.
Prezident Mərkəzi Banka bir ay müddətində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarda və digər qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb ona təqdim etməyi tapşırıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ildə yaradılmışdı. Neftin dünya bazar qiymətindəki kəskin enişindən sonra Azərbaycanda müşahidə olunan böhran maliyyə-bank sektorunu daha ciddi zədələmişdi. 2015-ci ildə baş verən devalvasiyalardan sonra bankların vəziyyəti kəskin pisləşmiş, bir sıra bank defolt vəziyyəti ilə üzləşmişdi. Bu vəziyyətdə Palatanın yaradılması maliyyə-bank sektorundakı problemin aradan qaldırılması məqsədi daşıyırdı. Mərkəzi Bankın maliyyə-bank sistemindəki tənzimləyici funksiyalarının əksəriyyəti alınaraq Palataya verilmişdi. Lakin qurumun rəhbərliyinə gətirilən Rüfət Aslanlının, yumşaq desək, düzgün olmayan fəaliyyəti nəticəsində Palataya olan ümidlər doğrulmadı. Buna görə də əksər mütəxəssislər bu qurumun tezliklə ləğv olunacağı qənaətindəydi. pizza hut
İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və səlahiyyətlərinin və əmlakının Mərkəzi Banka (AMB) verilməsi gözlənilən və əslində, bir az da bundan əvvəl atılması tələb olunan addım idi: “Ölkə Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılan Palata ötən 3 il 10 aylıq dövrdə fəaliyyəti ərzində çox effektsiz xarakter daşıdığını, faktiki olaraq heç bir halda yenilik gətirmədiyini çoxdan sübut etmişdi”.
Ekspertin sözlərinə görə, Palata ona görə yaradılmışdı ki, ölkə iqtisadiyyatının maliyyə sektorunda dayanıqlığı təmin olunsun və bu sahədə nəzarət tədbirləri gücləndirilsin: “Başqa sözlə desəm, ölkənin qiymətli kağızlar bazarında, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrində, habelə ödəniş sistemlərində çeviklik və şəffaflıq əldə olunsun, eyni zamanda bu sahələrdə tənzimləmə və nəzarət sistemi təkmilləşdirilmiş formada təşkil edilsin. Bütün bunlar təşəkkül tapdımı? Xeyr... Niyə? Çünki bütün bayaq sadalananların təşəkkül tapması üçün əslində, MBNP kimi qurumun yaradılmasına ehtiyac yox idi. Bu, səhv addım idi, heç bir effekt verə bilməzdi və qeyd etdiyim kimi də vermədi.
Sadəcə olaraq, 2014-2016-cı illər ərzindəki neftin dünya bazar qiymətlərinin düşməsi ilə yaranan məlum böhran və xarici təsirlər üzündən maliyyə bazarımız bir təlatüm yaşadı ki, Palata yaratmaq əsas çıxış yollarından biri hesab edildi. Halbuki bu, məsələni konserviləşdirməkdən başqa bir şey deyildi. Ölkənin maliyyə bazarındakı böhran, bank sektorunun iflic vəziyyətə düşməsi və sair, neftin qiymətinin enməsi nəticəsində yaranmamışdı. Bu, əvvəlcədən mövcud idi ki, sadəcə olaraq, “yaranın üstü” açıldı".
P.Heydərov hesab edir ki, Ümumiyyətlə, Mərkəzi Bank və Maliyyə Nazirliyi olan yerdə sözügedən bazarı idarəetmək, tənzimləmək və ona nəzarət üçün əlavə bir quruma ehtiyac yoxdur: “Digər tərəfdən, bank sektoru, sığorta və qiymətli kağızlar bazarı maliyyə bazarının ayrı-ayrı seqmentləridir. Bunlara bir ”dam altında" diqtə etmək özü də sağlam məntiqə sığmır. Odur ki, Palata elə gündən “anadan ölü doğulmuş uşaq” idi".
Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, Palata bank-maliyyə sektorunda mənfi rol oynayıb: “Bu qurum öz qeyri-peşəkarlığı ilə yadda qaldı və bank sektorunda olan problemləri daha da dərinləşdirdi. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri Palatanın böhranlı bir sektorda tənzimləmə üçün yaradıldı. Bunu əvvəldən etmək lazım idi. Ümumiyyətlə, Palata yaratmaq ideyası çox müsbət addım idi, maliyyə-sektorunun tənzimlənməsi müstəqil qurum tərəfindən həyata keçirilməlidir. Mərkəzi Bank pul siyasətini tənzimləyən qurumdur, bu, bütün dünyada belədir. Lakin bu obyektiv səbəbə baxmayaraq, subyekltiv səbəblər üzündən Palata işini effektiv qura bilmədi. Yarandığı gündən daxildə didişmələr başlandı, Direktorlar Şurası ilə İdarə Heyəti arasında mübarizə qızışdı. Rüfət Aslanlı ilə İbrahim Alışov yola getmədi. O zaman Palatanın əsasnaməsini hazırlayan qrupun üzvü idim və bildirdim ki, iki idarəetmə orqanının yaradılması düzgün deyil. Yaradılırsa, biri o birinə tam tabe etdirilməlidir, əks halda bir-birini qıracaqlar. Mən deyən kimi də oldu, ötən il prezident Direktorlar Şurasını ləğv edənədək. Nəticədə, Palataya qeyri-peşəkar, sahəyə aidiyyəti olmayan bir adam rəhbərlik etməyə başladı”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bank da səlahiyyətləri Palataya verildiyinə görə bu quruma mane olurdu: “Palatadakı vəziyyət üzündən savadlı kadrlar oradan uzaqlaşdılar. Ən pis vəziyyət sığorta sahəsində yarandı - bu sahə üzrə Palatada savadlı mütəxəssis heç yox idi. Beləliklə, Palata qarşısına qoyulan heç bir vəzifənin öhdəsindən gələ bilmədi və son nəticədə ləğv olundu”.
Ə.Həsənov hesab edir ki, Mərkəzi Bankda da kadr islahatlarının aparılmasına ehtiyac var: “Maliyyə-bank və sığorta sahəsində nəzarət Mərkəzi Banka verildi. Faktiki olaraq, Rusiyadakı səlahiyyətlərə malikdir Mərkəzi Bank. Lakin düşünürəm ki, böyük ehtimalla, bu qurumda da ciddi dəyişikliklər ediləcək. Çünki orada elə böhranlı vəziyyətin yaranmasında məsuliyyət daşıyan köhnə komandadır. Bu komanda ilə sektorda ciddi keyfiyyət dəyişikliyinə nail olmaq mümkün deyil”.
Telegram kanalımız