Ayxan Abbasovun gəlişindən sonra aydın məsələdir ki, çoxu ondan narazılıq edirdi. Amma görünən odur ki, bu komandanın 39 yaşlı çalışdırıcısı onları azdan-çoxdan “susdurmağı” bacardı.
Əvvəlki komandasını əməllicə tanıyan Abbasov üçün qələbə elə də çətin olmadı. Çünki məşqçi hər şeyi gözəl “ölçüb-biçmişdi”. Təbii ki, qalib müzakirə mövzusu edilməyəcək. Çünki vicdanla danışsaq, “Sumqayıt” komandasının necə can qoyduqlarını, əzmkar mübarizə göstərdiklərinin şahidi olduq.
Oyunun elə ilk dəqiqələrindən həm hücumameyilli, həm müdafiə oyunu göstərən komanda bu iki cəbhə arasında tarazlığı qorudu və istəyinə də nail oldu. Beləcə, “Sumqayıt” tarixində ilk dəfə olaraq, kubokun finalına adladı. Ayxan Abbasov çempionatdakı uğursuzluqlarının heyifini yığdı, yığdı axırda sabiq komandası “Zirə”ni qurbanına çevirdi. Toyuqlu pizza
Yeri gəlmişkən, “Sumqayıt” son vaxtlar komandaların baş ağrısına çevirilib. Komanda təkcə “Zirə”ni kubokdan kənarlaşdırmayıb. 26-cı turda lider olmağa namizəd olan “Neftçi”ni 2:3 udaraq taxtından salmağı da bacarıb. Son pillədən gəlib “Keşlə”ni öz yerinə yuvarlayıb. Olub komandaların “qənimi”. İndi bir az da gözləyib “Sumqayıt”ın “Qəbələ”ni də taxtından sala biləcəkmi sualının cavabını gözləyirik. Hər halda “Sumqayıt” çempionatda mövsümün bir hissəsində autsayder ola-ola gəlib finala çıxıbsa, qalib sayıla bilər.
Keçək, “Zirə”yə. 1-ci hissədə çox güman ki, “Zirə” futbolçuları gözəgörünməzlik suyu qəbul etmişdi. Meydanın rəqibə aid hissəsi “Sumqayıt”ın necə deyərlər, “yurduna” çevirilmişdi. Bu vəziyyətdən də “kimyaçılar” istifadə etməyi bacardılar.
İkinci hissədə “ayılan” “Zirə” 3 qolu vurmaqla əslində, “biz zəif deyilik” mesajını dolayı yolla çatdırmağa çalışırdı. Amma nə fayda? İslanmışın yağışdan nə qorxusu deyib rəli atılan komanda 3 qolu rəqib qapısından keçirtməyi bacarsa da, bu yetərli deyildi. “Zirə”ni finaldan ayıran 1 qol yəqin, hələ çox danışılacaq.
Bir az da stadion məsələsindən danışaq. Naxçıvanda keçiriləcək final matçı istər futbolçuların, istər azarkeşlərin, istər də futbol mütəxəssislərinin başını ağrıdır desək, yanılmarıq. Çox hörmətli PFL final oyununu aparıb atıb Azərbaycanın yuxarı başına. Ora da getmək üçün gərək masanın ətrafında bir dövrə vurasan. Bu yol məsələləri bir kənara, əsas məsəslələrdən biri də budur, stadionda projektor yoxdur. Bu amildən xəbərdar olan qrum axı niyə oyunu dünyanın o başına atıb? Projektorun olmamasına görə, sözsüz ki, oyunlar günorta keçiriləcək. Futbolçulara bir mesajdır verirlər ki, finala çıxmısınız, əziyyət çəkmisiniz, canınız çıxsın, oynayın. Hazırda havaların istinməyindən də hər kəs xəbərdardır. Bir PFL-dən başqa. Yəqin, qrumun daxilində qışdır, daxildə qar yağır və günorta matç ola bilər. Digər variant da budur ki, Azərbaycanda yaşayan futbolçular dəmirdəndir. Başqa açıqlaması? Məncə, yoxdur.
Nə isə, 19-unu da gözləyirik, Avropaliqasına şans qazanan komandanı da. Belə deyək, futbolçu istidən ölə-ölə oynasın nə işim var?!
Naibə Məmmədova
Telegram kanalımız