Taleh Yüzbəyovun estetik əməliyyat etdirən qadınlara dair atmacası bəzi zərif cins nümayəndələrinin ürəyinə tikan kimi batıb.
Sifarişçi şirkət videonu sosial şəbəkədən silsə də, müzakirələr, etirazlar və ittihamlar dalğası davam edir.
“İnsanın öz zahiri görünüşündən müəyyən dərəcədə narazı qalması normal sayılsa da, bu narazılıq həyatın əsas hədəf mərkəzinə çevrilirsə, artıq psixoloji və ya psixiatrik problemdən xəbər verə bilər”. Pepperoni pizza
Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, psixiatr Araz Əliquliyev bildirib.
Onun sözlərinə görə, estetik əməliyyatlara həddindən artıq meylin arxasında çox vaxt dismorfofobiya insanın öz xarici görünüşünü təhrif olunmuş şəkildə qüsurlu hesab etməsi dayanır:
“Əksər hallarda bu cür hallar dismorfofobiya nəticəsində yaranır. Bu pozuntu obsesiv-kompulsiv, ipoxondrik və ya konversion (isterik) pozuntular fonunda ortaya çıxa bilər. Buna görə də estetik əməliyyatlardan əvvəl psixoloji və psixiatrik konsultasiyanın keçirilməsini məqsədəuyğun hesab edirik. Məqsəd mümkün psixi pozuntuların vaxtında aşkarlanmasıdır".
Psixiatr qeyd edib ki, təcrübədə psixi pozuntulardan əziyyət çəkən şəxslərin bədənlərinin müxtəlif nahiyələrində ardıcıl estetik əməliyyatlar etdirdikləri hallarla tez-tez rastlaşırlar:
"Belə xanımlar qaş, göz, burun, dodaq, sinə, qarın, çanaq-sağrı nahiyəsi və hətta ayaqlarda belə estetik müdaxilələr etdirirlər. Təəssüf ki, bəzi hallarda estetik cərrahlar da bundan maddi qazanc üçün fürsət əldə edirlər".
Araz Əliquliyev xüsusilə ayaqlarda aparılan estetik müdaxilələrin riskli olduğunu vurğulayıb:
“Bu nahiyədə əzələlərin və damar şəbəkəsinin çox olması ucbatından gel və digər maddələrin vurulması ciddi ağırlaşmalara səbəb ola bilər və belə fəsadlarla bağlı müraciətlərə tez-tez rast gəlinir”.
Psixiatrın fikrincə, estetik əməliyyatdan əvvəl bir neçə amil mütləq qiymətləndirilməlidir:
“Bunlara psixi pozuntuların olub-olmaması, başqalarına bənzəmək istəyi (yamsılama meyli) və cəmiyyətin yaratdığı sosial status təzyiqi daxildir.
Bəzi insanlar düşünür ki, estetik əməliyyat etdirməsələr, cəmiyyətdə geri qalacaqlar. Bu da onları ardıcıl əməliyyatlara sövq edə bilir".
A.Əliquliyev əlavə edib ki, bu gün rinoplastika tibbi göstərişdən asılı olmayaraq, demək olar ki, kütləvi şəkildə həyata keçirilir:
“Bunun nəticəsində insanların təbii görünüşü və fərdiliyi tədricən itir. Küçəyə çıxanda xüsusilə qadınların xarici görünüş baxımından bir-birinə nə qədər bənzədiyini görmək mümkündür. Təbii gözəllik və ilahi bəxş edilmiş daxili harmoniya getdikcə aradan qalxır”.
Aytəkin Əzizqızı
Telegram kanalımız