Azərbaycanda evlənənlərin sayı azalmağa davam edir. Bu ilin ilk 5 ayında ölkədə həm nikahların, həm də boşanmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə aşağı düşüb.
Bununla yanaşı, son 10 ilin statistikası göstərir ki, nikahların sayı tədricən azalarkən, boşanmalar əvvəlki illərlə müqayisədə xeyli artıb.
“Yeni Sabah” xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15 min 107 nikaha daxilolma və 8 min 87 boşanma halı qeydə alınıb. Marqarita pizza
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
Dövlət Statistika Komitəsinin illik məlumatları isə son on ildə ailə institutunda baş verən dəyişiklikləri daha aydın göstərir. 2015-ci ildə ölkədə 68 min 773 nikah qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 49 min 53-ə enib.
Başqa sözlə, son 10 ildə nikahların sayı təxminən 20 min azalıb.
Boşanmaların statistikası isə əks tendensiyanı ortaya qoyur. Əgər 2015-ci ildə 12 min 764 nikah pozulmuşdusa, 2025-ci ildə bu göstərici 21 min 384-ə yüksəlib. Beləliklə, son on ildə boşanmaların sayı təxminən 67 faiz artıb.
Son 10 ilin rəsmi statistikası belədir:
| İl | Nikahların sayı | Boşanmaların sayı |
|---|---|---|
| 2015 | 68 773 | 12 764 |
| 2016 | 66 771 | 13 114 |
| 2017 | 62 923 | 14 514 |
| 2018 | 62 484 | 14 857 |
| 2019 | 63 869 | 17 148 |
| 2020 | 35 348 | 14 628 |
| 2021 | 56 314 | 17 191 |
| 2022 | 61 939 | 15 983 |
| 2023 | 54 200 | 21 688 |
| 2024 | 49 508 | 21 384 |
| 2025 | 48 546 | 20 675 |
Statistikadan görünür ki, ən kəskin dəyişiklik 2020-ci ildə qeydə alınıb. Pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər fonunda nikahların sayı 35 min 348-ə qədər enərək son illərin ən aşağı səviyyəsinə düşüb. Sonrakı illərdə müəyyən artım müşahidə olunsa da, nikahların sayı pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb. Eyni zamanda, boşanmalar son illərdə ardıcıl olaraq 21 min civarında qalmaqda davam edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız