Dekabrın 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında Qarabağdakı sülhməramlı qüvvələrinə əlavə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır.
Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bu fikirləri cəfəngiyat adlandırıb:
“Baş nazir Nikol Paşinyanın özü bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi qəribə budur ki, o, Azərbaycan ərazisinə aid hansısa təkliflər verir. Onun bu məsələyə aidiyyəti yoxdur və ümumiyyətlə, Azərbaycan ərazisinə aid hər hansı fikirlər səsləndirməsi ən azı gülməli və siyasi baxımdan əsassız, hətta cəfəngdir”. pizza hut
T. Zülfüqarovun qənaətinə görə, Baş nazirin siyasi bəyanatları daim ziddiyyətli olub:
“Buna dair ciddi fikir yürütmək mənasızdır. Eləcə də bu, müasir siyasi məntiqə uyğun deyil. 9 noyabrda imzalanan üçtərəfli sənəddə Ermənistan hərbi birləşmələrinə aid bir bənd var: sülhməramlıların bölgəyə daxil olması ilə paralel olaraq Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir. Bu baxımdan, Paşinyan yalnız 9 noyabr sənədinə ona aid olan məsələlərə şərh verə bilər”.
Müsahibimiz hesab edir ki, Ermənistan baş nazirinin açıqlaması yalnız daxili auditoriya üçündür:
“Artıq Ermənistanda siyasi böhran dərinləşir və Paşinyan iqtidarı daha çox ictimaiyyətə yönəlmiş belə bəyanatlar verir ki, xalqı sakitləşdirsin. Amma reallıq baxımından bu bəyanatların təsiredici imkanları gerçək görünmür”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız