Qarabağ müharibəsi tarixini Ağdamsız təsəvvür etmək qeyri-mümkündür. Strateji coğrafi mövqeyi, iqtisadi potensialı və mənəvi çəkisi ilə bu rayon həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin mərkəzi qovşaqlarından biri olub.
Ağdam sadəcə bir yaşayış məskəni deyil, Dağlıq Qarabağın "qapısı" və regionun ən mühüm logistik mərkəzi idi. Birinci Qarabağ müharibəsi illərində Ağdam hərbi əməliyyatların əsas koordinasiya nöqtəsi rolunu oynayırdı. Şəhər erməni hərbi birləşmələrinin Dağlıq Qarabağın içərilərinə doğru irəliləməsinin qarşısını alan ən böyük istehkam və Azərbaycan ordusunun əks-hücum əməliyyatları üçün baza idi.
Lakin 1993-cü ilin yayında Azərbaycanın daxilində baş verən siyasi böhran və ordu sıralarındakı pərakəndəlik şəhərin müdafiə qabiliyyətinə ağır zərbə vurdu. Toyuqlu pizza
Qəhrəman şəhərin işğalı
1993-cü il iyulun 23-də uzun sürən qanlı döyüşlərdən, mühasirə və aramsız artilleriya atəşindən sonra Ağdam şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Bu, müharibənin gedişatında ən ağır itkilərdən biri idi, çünki Ağdamın süqutu ətraf rayonların müdafiəsini daha da çətinləşdirdi.

İşğal dövrü Ağdam üçün tarixin ən qaranlıq səhifəsi oldu. Erməni tərəfi şəhəri hərbi doktrinalarına uyğun olaraq "bufer zona"ya çevirdi və beynəlxalq hesabatlarda "Ruhlar şəhəri" (Hiroşima of Caucasus) adlandırılan mənzərə ortaya çıxdı. Şəhərin infrastrukturu tamamilə dağıdıldı, evlər talan edildi, tarixi-mədəni abidələr, qəbiristanlıqlar və muzeylər yerlə-yeksan olundu. İşğal illərində yalnız Ağdam Cümə məscidinin minarələri hərbi müşahidə məntəqəsi kimi istifadə edildiyi üçün sağ qala bildi, lakin binanın daxili təhqir olundu və mal-qara saxlanılan yerə çevrildi.
Ağdamı qoruyan igid oğullar
Ağdamın müdafiəsi Azərbaycanın müasir hərbi tarixində fədakarlıq və qəhrəmanlıqla dolu bir epopeyadır. 1990-cı illərin əvvəllərində rayonun müdafiə xətti həm yerli könüllü batalyonların, həm də nizami ordu hissələrinin çiyinləri üzərində qurulmuşdu.
Bu döyüşlərdə simalaşan şəxsiyyətlər arasında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xüsusi yeri vardır. "Qartal" ləqəbli bu komandir nəinki Ağdamın kəndlərinin müdafiəsində, həm də Xocalı soyqırımı zamanı əsir və girovların dəyişdirilməsində, şəhidlərin döyüş meydanından çıxarılmasında misilsiz xidmətlər göstərib. Onun rəhbərlik etdiyi bölmələr strateji yüksəkliklərin qorunmasında düşmənə ağır zərbələr vurmuşdu. Allahverdi Bağırovun şəhidliyi bütün bölgə üçün böyük itki olsa da, onun qoyduğu mübarizə yolu sonrakı nəsillər üçün örnəyə çevrilmişdi.
Müdafiə döyüşlərində adını tarixə yazdıran digər bir qəhrəman isə "Azərbaycan Bayrağı" ordenli Asif Məhərrəmovdur (Fred Asif). Onun yaratdığı könüllü özünümüdafiə batalyonu Ağdamın ən çətin günlərində cəbhənin ən qaynar nöqtələrində vuruşub. Asif Məhərrəmovun komandanlığı altında həyata keçirilən əməliyyatlar düşmən irəliləyişinin qarşısını dəfələrlə kəsmiş, xüsusilə strateji kəndlərin müdafiəsində həlledici rol oynamışdı.

Onunla yanaşı, Yelmar Edilov kimi qəhrəmanlar da öz canları bahasına Ağdamın sərhəd kəndlərini qorumuş, kəşfiyyat qruplarına rəhbərlik edərək düşmən planlarını alt-üst etmişdilər. Bu insanlar sadəcə əsgər deyil, həm də doğma torpağa bağlılığın ən ali nümunələri idilər.
Ağdamın müdafiəsi təkcə kişilərin deyil, həm də cəsur Azərbaycan qadınlarının mübarizə meydanı olmuşdu. Milli Qəhrəman Gültəkin Əsgərova bir həkim kimi döyüş bölgəsinə yollanaraq yüzlərlə yaralını ölümün pəncəsindən qurtarmış, eyni zamanda əlinə silah alaraq ön cəbhədə vuruşmuşdu.
Onun Aranzəmin, Naxçıvanlı kəndləri istiqamətində göstərdiyi rəşadət bu gün də hörmətlə anılır. Ağdam uğrunda gedən döyüşlərdə fərqlənən digər Milli Qəhrəmanlar — Canpolad Rzayev, Muxtar Qasımov, Əlyar Əliyev (Ağdam istiqamətindəki fəaliyyəti ilə) və onlarla başqaları Azərbaycan hərb tarixinin şanlı səhifələrini yazmışlar. Bu qəhrəmanların hər biri Ağdamın işğaldan azad edilməsi ideyasının mənəvi təməllərini qoymuş, onların ruhu 2020-ci ilin Zəfər yürüşündə Azərbaycan əsgərinə güc vermişdi.

Ağdam əzəmətinə qovuşur
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Ağdamın taleyində həlledici dönüş yaratdı. Azərbaycan ordusunun cəbhənin digər istiqamətlərində, xüsusilə Şuşada qazandığı parlaq qələbələr Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ağdamın azad edilməsi digər rayonlardan fərqli olaraq hərbi yolla deyil, siyasi-diplomatik yolla, üçtərəfli bəyanatın şərtlərinə əsasən reallaşdı.
2020-ci il noyabrın 20-də Ağdam rayonu bir güllə belə atılmadan Azərbaycanın nəzarətinə keçdi. Bu, Azərbaycanın hərbi qüdrətinin diplomatik müstəvidəki qələbəsi idi. Bu gün Ağdam sürətlə bərpa olunur, şəhər müasir "smart city" konsepsiyası əsasında yenidən qurulur və illər boyu xarabalığa çevrilmiş torpaqlarda həyat yenidən canlanır.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız