“BMT-də Azərbaycan tərəfinin erməni təxribatlarına cavab olaraq səsləndirdiyi fikirlər, eləcə də, əlimizdə olan və göstəriləsi faktlar çoxdur. Həm Qazaxın 7 kəndi ilə yanaşı Naxçıvanın Kərki kəndi, həm orada beynəlxalq ədalət mövzusunun qaldırılması, həm də 10 noyabrda Ermənistan tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməməsi... Mövzular həddindən artıq çoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Analitik Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin fikirlərinə münasibət bildirib. pizza sifarişi
Y. Əliyev bəyan edib ki, Ermənistanın silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələrini ölkəmin ərazisindən tam çıxarmaqdan və işğal olunmuş 8 sərhədyanı kəndi Azərbaycana qaytarmaqdan imtina etməsi, eləcə də davam edən mina terroru və digər qanunsuz fəaliyyətləri, Azərbaycanda köhnəlmiş və ya uydurma adlarla yaşayış məntəqələrinə istinadlar, geniş yayılmış qarayaxma kampaniyası və dezinformasiya, eyni zamanda onun ərazisində fəaliyyət göstərən etnomillətçi qruplar tərəfindən irqi nifrətin qızışdırılması və təbliğatının qarşısının alınmaması BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, insan hüquqlarına və sülh gündəliyinə heç bir şəkildə uyğun gəlmir.
Öz növbəsində, T. Zülfüqarov bildirib ki, bundan əlavə, Ermənistanın təzminat verməsi, işğaldan azad olunmuş ərazilərdə ekovandalizmin törədilməsi mövzuları da burada yer alıb:
“Təbii ki, Azərbaycan mütəmadi şəkildə bunu dünyaya çatdırır. Lakin bizim ictimaiyyətdəki bəzi insanlar irad tuturlar ki, guya, biz səsimizi çatdıra bilmirik. Siyasətdə isə belə bir məfhum var: onlar bizi eşidirlər, amma yenə öz bildiklərini edirlər. Özlərini elə göstərirlər ki, guya belə bir şey yoxdur”.
Eks-nazir xatırladıb ki, biz bunu 30 il ərzində müşahidə etdik:
“İşğal barəsində danışanda onlar elə cavablar verirdilər ki, elə bir işğalçı onlar deyil, bizik. Biz bu vəziyyəti başa düşməliyik. Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev mütəmadi şəkildə bu barədə danışmalıdır. Prosedura əsasən, o, quruma məktub göndərir və müvafiq məktubda bu və ya digər mövzuya aid məsələlər qaldırılır”.
Müsahibimiz əmindir ki, burada xəritələr barəsində də məsələlər qaldırılıb:
“Əgər atəşkəs və hərbi əməliyyatların dayandırılması öhdəliyi götürülürsə, belə olan halda ərazilərin minalanması yeni bir hərbi əməliyyat anlamına gəlir. Deməli, Ermənistan gizli şəkildə minalama fəaliyyətini torpaqlarımızda davam etdirir. Eləcə də işğal dövründə basdırılan minaların xəritəsini dəqiq şəkildə təqdim etmir. Bu da hərbi əməliyyatların davam etdirilməsi deməkdir. Təbii ki, buna aid məsələlər qaldırılır və bu, davam etməlidir”.
Siyasi təhlilçinin qənaətinə görə, faktiki olaraq, biz necə ki işğal barəsindəki məsələləri qaldırırıqsa, 8 kənd barəsində də o şəkildə siyasətimizə davam etməliyik:
“Əslinə qalsa, bu, birmənalı şəkildə işğaldır. Ermənistan deyir ki, guya, biz sərhədi pozmuşuq. Onlar hər yerdə car çəkirlər ki, Azərbaycan bizə hərbi təcavüz edir, ərazilərimizi və s; mövqeləri bundan ibarətdir. Hətta bəziləri bunlara inanıb bizi ittiham etməyə cəhd göstərir. Amma burada göz qabağında olan 8 kənd məsələsi var. O cümlədən bu kəndlərdən didərgin düşmüş insanlar Azərbaycanda yetərincədir”.
“Ona görə də bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Amma bu, o demək deyil ki, təbliğatımızı gücləndirsək, bizə hər tərəfdən imkan yaranacaq, yox! Qərbdə, eyni zamanda Rusiyada hansısa qüvvələr bu siyasəti həyata keçirirlər. Onları maliyyələşdirən siyasi dairələr isə özünə uyğun olan məlumatları təbliğ edirlər və edəcəklər də”, – fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız