“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sosial şəbəkə hesabındakı “BNA sürücülərə qan uddurur” paylaşımından sonra agentlik məsələni nəzarətə götürüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev qeyd edib. O bildirib ki, məsələ ilə bağlı baş redaktorla əlaqə yaradılıb:
“Rəşad müəllim bildirdi ki, “Nissan Altima” markalı avtomobili ilə Yazıçılar Birliyinin inzibati binasına getdiyi zaman Xaqani küçəsində nəqliyyat vasitəsi qanunsuz parklanmaya intellektual nəzarət kameraları tərəfindən qeydə alınıb və inzibati tənbeh tədbiri görülüb. Paylaşımda da iddia olunur ki, nəqliyyat vasitəsi 20-30 saniyə qadağan edilən yerdə dayandığı üçün cərimə sanksiyası tətbiq edilib. Rəşad müəllimin bizə verdiyi ilkin məlumatda avtomobilin Dövlət Qeydiyyat Nişanı 90 PV 525 bildirilsə də, sonradan 10 PV 525 olduğu vurğulandı. Hər iki Dövlət Qeydiyyat Nişanı üzrə araşdırma aparıldı. pizza hut
Müəyyən edildi ki, 10 PV 525 Dövlət Qeydiyyat Nişanlı Nissan Altima markalı avtomobilin iştirakı ilə Rəşad müəllimin qeyd etdiyi kimi nə 19.02.2019 tarixində, nə də əvvəlki günlərdə dayanma və durma qaydalarının pozulmasına dair hər hansı bir fakt qeydə alınmayıb.
90 PV 525 Dövlət Qeydiyyat Nişanlı avtomobilin iştirakı ilə isə dayanma və durma qaydalarının pozulması ilə bağlı bir hal qeydə alınıb. 15.02.2019 tarixində saat 11:09-da qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü avtomobillə Nəsimi rayonu Səməd Vurğun küçəsi Təzə bazarın yanına gələrək dayanma və durmanın qadağan edildiyi yerdə avtomobilini park edib. Saat 11:12-də sürücünün bu xətası kameralar tərəfindən qeydə alınıb. Saat 11:22-də isə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə inzibati tədbir görülüb. Təqdim edilən foto və video görüntülərdən də məlum olduğu kimi bu nəqliyyat vasitəsi qadağan edilən yerdə 10 dəqiqədən də artıq nəqliyyat vasitəsini saxlayaraq qanunun tələblərini pozub”.
M.Ağayev qeyd edib ki, Rəşad Məcidin fikirləri reallığı əks etdirmir:
“90 PV 525 Dövlət Qeydiyyat Nişanlı Toyoto Prado markalı avtomobilin bu və ya digər formada Rəşad Məcidə aid olub olmadığını dəqiq bilməsəm də, hər halda, bu nömrəni bizə özü təqdim edib. Və elə bu nəqliyyat vasitəsi ilə bağlı olan nəticələr onu deməyə əsas verir ki, hörmətli Rəşad müəllimin “Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!” fikirləri reallığı əks etdirmir. Əks halda, bir nəqliyyat vasitəsinə 10 dəqiqədən sonara cərimə sanksiyası tətbiq edilməzdi.
Əlbəttə ki, cəmiyyətdə nüfuz sahibi olan bir şəxsin qanunsuz parklanmaya qarşı aparılan tədbirləri yanlış təqdim etməsi təəssüf doğurur. Nəzərə alsaq ki, bu şəxs həm də ictimai rəyin formalaşmasında birbaşa iştirak edir, o halda onun hər hansı bu kimi reallığı əks etdirməyən fikirləri insanların dövlətin ayrı-ayrı strukturlarına qarşı narazılığına səbəb olur. Bunu nəzərə alaraq tövsiyə edirik ki, əhaliyə göstərilən nəqliyyat xidmətləri ilə bağlı hər hansı bir narahat edici məqamla rastlaşdıqda bunu ictimailəşdirmədən əvvəl Bakı Nəqliyyat Agentliyinə müraciət edilsin. Vətəndaş müraciətlərinə verdiyimiz önəmin nəticəsi olaraq, bunun üçün 141 Çağrı Mərkəzi də daxil olmaqla bir neçə platformada şərait yaradılıb. Gün ərzində Bakı Nəqliyyat Agentliyinə vətəndaşlardan, eləcə də KİV-dən müxtəlif məzmunlu müraciətlər daxil olur və hər bir müraciət obyektiv araşdırılmaqla həll edilir”.
Telegram kanalımız