Sosial şəbəkələrdə “Sabah” - “Qarabağ” oyununa dair müzakirələrə Mətbuat Şurasının sədri Rəşad Məciddə qoşulub.
“Yeni Sabah” xəbər verir ki, o, “Sabah”ın həm kubok yarışında “Qarabağ”ı mübarizədən kənarlaşdırması, həm də Premyer Liqada çempionluğa çox yaxınlaşmasını belə dəyərləndirib:
“Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması qeyri-mümkündür.
“Qarabağ”ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə “Qarabağ”ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi.
Avropanın məşhur klublarıyla cəngə çıxan “Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi. Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir”.
R.Məcid paylaşımında “Sabah” adının uğurlu seçim olduğunu vurğulasa da, milli rəğbət üçün klub adında daha dərin hekayənin olmasının vacibliyini qeyd edib. O, nümunə kimi “Araz”, “Turan”, “Zəngəzur”, “Göyçə”, “Kəpəz” kimi adların daha çox duyğu oyada biləcəyini yazıb.
Bu fikirlərə cavab verənlər arasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, AFFA-nın vitse-prezidenti Balaş Qasımov da yer alıb. O, Rəşad Məcidin mövqeyinə istehzalı tonda münasibət bildirib:
"Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” olsun? O zaman həm hisslər yerində olar, həm də siyasət".
Xatırladaq ki, “Sabah” son oyunda “Qarabağ”ı Azərbaycan Kubokundan kənarlaşdıraraq finala yüksəlib. Premyer Liqada isə “bayquşlar” liderdir və ikinci pillədə qərarlaşan “Qarabağ”ı 13 xal qabaqlayır.

Telegram kanalımız