Bildiyiniz kimi, Rusiyada kontr-sanksiya tədbirləri çərçivəsində kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş məhdudiyyətlər 31 dekabr 2020-ci ilə qədər uzadılıb. Rusiyaya qarşı sanksiya tətbiq edən dövlətlərdən gətirilən quş növləri, ət, süd məhsulları, balıq, habelə qoz-fındıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları embarqo altındadır. Bu dövlətlər sırasında Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Avstraliya və Norveç də var. Daxili bazarın balanslaşdırılması üçün Rusiya Federasiyası əsasən MDB ölkələrindən, o cümlədən Azərbaycandan ərzaq məhsullarının idxalını təşviq edir.
Kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində Azərbaycanla Rusiya arasında genişmiqyaslı əməkdaşlığı nəzərə alaraq ölkəmizin bu baxımdan vacib rol oynadığı qeyd olunur. Bəs biz qonşu ölkəyə daha çox hansı kənd təsərrüfatı məhsullarını ixrac edirik? Bu baxımdan ölkəmizin potensialı nə dərəcədədir? Çatışmazlıqlar, problemlər nələrdir?
Bu suallarımıza cavab tapmaq üçün kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli ilə əlaqə saxladıq. “Yeni Sabah”a açıqlamasında Rusiya bazarının bizim Sovet dövründən ən yaxın, ənənəvi bazarımız olduğunu deyən N. Nəsirli hazırkı durumu belə şərh edib: pizza sifarişi
“Rusiya bazarı bizim Sovet dövründən ən yaxın, ənənəvi bazarımızdır. Sözün açığı, keçən ilə qədər Rusiyaya məhsul aparmaq daha asan idi. Çünki Rusiya beynəlxalq sertifkasiya sisteminə qoşulmamışdı və ciddi keyfiyyət tələbləri yox idi. Rusiyanın 200 milyondan artıq əhalisi var və ölkənin ildən-ilə kənd təsərrüfatı məhsullarına tələbatı artır. Amma son bir neçə ildir, müşahidə edirik ki, Rusiya prinsipial olaraq, kənd təsərrüfatı məhsulları üzrə öz təlabatını yerli istehsal hesabına təmin etmə proqramını həyata keçirir. Xüsusilə də, Rusiyanın cənub bölgələrinə həm xarici, həm yerli investisiya nüfuz edir.
Beləliklə, onlar bir sıra məhsullar üzrə tələbatlarını ödməyə başlayıblar. Artıq 2-3 ildir ki, bəzi məhsulları idxalından çıxardıb. Bunun da səbəbi odur ki, həmin məhsullar üzrə yerli istehsalını gücləndirib. İndiki dövrdə biz Rusiya bazarına ənənəvi bazar kimi baxmamalıyıq. Artıq Rusiyaya məhsul ixrac etmək çətindir. Rusiya başa düşdü ki, bir çox ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edəndə müəyyən virus mənşəli xəstəliklər də ölkəyə gəlir və ölkənin karantin vəziyyəti gərginləşir. Bu mənada keçən il bir neçə dəfə Azərbaycanın bir sıra məhsulları, o cümlədən, pomidor və digər məhsullara embarqo qoyuldu. Çünki həmin mıhsullarda güvə xəstəliyi vardı. Bu baxımdan, Rusiya bazarına məhsullarımız rəqabət məsələsində mövqeyini itirir”.
N.Nəsirli Rusiya bazarına məhsul ixracında bizimlə rəqabətdə olan ölkələrin adlarını qeyd edib və onların Rusiya bazarına “ayaq açmasında” bəzi səbəblərə görə, bizdən üstün olduğunu söyləyib:
“Rusiyaya ixrac olunan əsas məhsullarımız pomidor, fındıq, xurma və bəzi tərəvəz məhsullarıdır. Pomidor burada əsas yeri tutur. Xurma isə isti ölkələr, o cümlədən, Azərbaycanda yetişir.
Lakin ixracda məhsul azlığı ciddi siqnaldır. Bu həm dövlət, həm özəl sektora aid məsələdir. Nəzərə alaq ki, Rusiya bazarını ələ keçirmək üçün böyük mübarizə aparırlar. Bilirsiniz ki, Rusiyanın 87 faizi yay görmür, bu da əkinçilik üçün əlverişli deyil.
Məsələn, İran keçən il Hollandiya tipli müasir qapalı istixana sistemləri qurdu. Bu da sırf Rusiya bazarının ələ keçirilməsi üçün atılmış addım idi. Qardaş Türkiyə Krım ələ keçirildikdən sonra Qara dəniz üzərindən Rusiya ilə iqtisadi əlaqələrini gücləndirib. Dəniz nəqliyyatı kifayət qədər ucuzdur. Belə oloduqda Türkiyənin məhsulları Rusiya bazarına çıxanda İran və Azərbaycan məhsullarının maya dəyəri ucuz başa gəlir. Yəni, Rusiya bazarı getdikcə mürəkəbləşir və tələblər yüksəlir. Buna da özəl və dövlət sektoru ciddi nəzarət etməli, Rusiya bazarının tələbinə uyğun istehsal qurulmaldır”.

Ötən ilin oktyabrında AZƏRTAC-a danışan İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya ilə ölkəmiz arasındakı kənd təsərrüfatı üzrə əməkdaşlıqla bağlı bu sözləri deyib:
“Xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir. Xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına gəlincə, ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır.
Bu məsələ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclaslarında əsas diqqət yetirilən istiqamətlərdəndir. Komissiya tərəfindən ayrı-ayrı məhsullar üzrə təhlillər aparılır. Nəticələr göstərir ki, Azərbaycanın kənd təsərrüfatı və emal məhsullarının Rusiyaya ixracının 2 dəfə artırılması potensialı var və bu imkanın reallaşdırılması hədəf kimi müəyyən olunub. Təsadüfi deyildir ki, ticarət əməkdaşlığının inkişafı Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfərləri çərçivəsində əsas müzakirə mövzularından olub.
İqtisadi əməkdaşlığımızda kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb.
Yeri gəlmişkən, bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır”.
Ötən ilin dekabrında Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% artıb. Onun sözlərinə görə, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 6,2% təşkil edib, həmçinin aqrar məhsulların Azərbaycandan ixracı ötən ilin müvafiq dövrü ilə əsaslı formada artıb: "Hesab edirik ki, bu göstəricilər ilin sonunadək artacaq. Bu göstəricilər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində düzgün dövlət siyasətinin nəticəsi sayıla bilər".
Naibə Məmmədova
Telegram kanalımız