“Çaşdırıcı sual məsələsinə görə Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə cavab verməlidir. Abituriyentlər üçün sınaq suallarını hazırlayan DİM-dir, onlardan hansı dərəcədə çaşdırıcı olub-olmamasını həmin qurum bilir. Əgər elm və təhsil nazii belə bir faktı aşkarlayıbsa, deməli, çox ciddi məsələdir”.
Bu sözləri “Yeni Sabah”a təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.
“İmtahana salınan suallar aydın və rasional olmalıdır. İddialar da var ki, suallar süni şəkildə çətinləşdirilir. Bu da sual doğurur: indiyə qədər bu kimi məsələlər Elm və Təhsil Nazirliyinin orta təhsil məktəbləri ilə məşğul olan şöbəsində, yaxud Təhsil İnstitutunda müzakirə olunub? Cavab – xeyr! Çünki həmin şöbələrdə çalışanların əksəriyyətinin bu məsələlərə aidiyyəti yoxdur. Məsələn, nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gətirilib. Bu cür şəxslərlə nazirin qaldırdığı problemi necə müəyyən etmək olar? MəleykəAbbaszadə deyir ki, şagirdlərin koqnitiv bacarıqları ölçülməlidir. Koqnitiv bacarıq nə deməkdir? Axı sözügedən məsələ niyə indi qoyulur?” – deyə ekspert narazılığını gizlətməyib. Sezar pizza
E.Əliyev vurğulayıb ki, müəllim hazırlayan ali məktəblərdə fəlsəfə elmi artıq tədris edilmir:
“1993-cü ildən test üsulu ilə imtahan keçiririk. 33 ildə niyə koqnitiv bacarıqlar və sosial-emosional bacarıqların ölçü metodologiyası qoyulmayıb? Cəmiyyət dəyişib, artıq süni intellekt dövrüdür, bu bacarıqlar mütləq olmalıdır. Həm də müəllim hazırlayan ali məktəblərdə olmalıdır. Amma koqnitiv psixologiya ümumiyyətlə tədris olunurmu?!”
E.Əliyev qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin bir araya gələ bilməməsi və sözügedən məsələləri müzakirə etməməsi cəmiyyəti çaşdırır:
“Əslində, nazir bunu deməklə cəmiyyəti çaşdırır. İnsanlar düşünür ki, bunlar heç cür ortaq məxrəcə gələ bilməyi. 2 qurumun bir araya gələ bilməməsi və sözügedən məsələləri müzakirə etməməsi cəmiyyətdə heyrət doğurur.
Sualların sayını şagirdlərə verilən vaxta bölsək, təxminən 1 suala 2 dəqiqə möhlət düşür. Axı, 2 dəqiqə ərzində şagird mürəkkəb riyazi tənliyi necə həll edə bilər?!”
Xatırlatma: elm və təhsil naziri Emin Əmrullayev aprelin 10-da Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə sistemləri: Etimad, şəffaflıq və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib ki, mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir:
“Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənn mütəxəssislərinə yönəlmiş çağırışdır".
Nazim Hacıyev
Telegram kanalımız