Tərcüməçi, jurnalist Arzu Qazıyeva “Qanun” nəşriyyatın rəhbəri Şahbaz Xudoğlu haqqında ittihamlar irəli sürüb.
“Yeni Sabah” xəbər verir ki, o, Benjamin Qremin “Ağıllı sərmayədar” kitabını tərcümə etmək üçün nəşriyyatla qiymət məsələsində öncədən razılaşsa da, vəsaiti tam ala bilmədiyini deyib.
A.Qazıyeva Ş.Xuduoğlunu razılaşmanı pozmaqda günahlandırıb:
“Qanun”nəşriyyatında “maliyyə çətinliyi səbəbilə” tərcümə edənin cibinə girmək premium məsələdir. Maraqlısı odur ki, “maliyyə çətinliyi” yalnız tərcüməçinin cibində aktivləşir, amma nəşriyyatın planlarında yox olur. Nəşriyyat işləyir, kitablar çap olunur, satış davam edir, maaşlar verilir — amma söhbət kənar əməkdaşların – tərcümə edənlərin zəhmət haqqına gələndə “böhran peyda olur”.
Bu, böhran deyil!
Bu, seçimdir!
Bu seçimin adı — başqasının haqqını öz büdcəsinə uyğun “optimallaşdırmaqdır”!
“Optimallaşdırma” situativ qərar deyil, çox sistemli bir yanaşmadır: əvvəl razılaşırlar, sonra azaldırlar və ya dayandırırlar, sonra izah verirlər və sonda bunu adi hal kimi təqdim edirlər.
Bu adi hal "Qanun" nəşriyyatının rəhbərinin “idarəetmə” üsuludur. Premium üsuldur.
Burda nəzərə alınmayan yeganə məsələ tərcümə edənin maraqları, mənafeyi, çəkdiyi zəhmət, sərf etdiyi vaxt, enerji, xərclədiyi gözünün nuru, ən sonda qazancının itirilmiş halallığıdır”.
O, bildirib ki, tərcümə üçün əvvəlcədən 2000 işarəyə görə 7 manat qonorar razılaşdırılsa da, sonradan nəşriyyat bu şərti dəyişərək ödənişdə kəsinti edib:
“Qanun” nəşriyyatı ilə sonuncu hekayəm çox sadədir. Benjamin Qrem “Ağıllı sərmayədar” kitabını tərcüməyə götürəndə nəşriyyatın sahibi ilə qiymətini də əvvəlcədən razılaşdırdım. Razılaşmanın predmeti: kitab iqtisadi məzmunlu, dərsliyə yaxın, terminləri, akademik tərzi olan bir əsərdi. 500-dən çox səhifəli kitabda 1 040 388 işarə vardı, üstəlik, nə üçünsə işarə hesabına daxil olmayan 97 sayda irili-xırdalı zəhlətökən cədvəl və çertyojlar - əgər onlar da işarə hesabına daxil olsaydı, total sayı 2 milyona yaxın olardı. Buna görə, zəhməti çoxdur, məsuliyyət böyükdür, qarşılıq heç olmasa işin miqyasına yaxın olmalıdır. Qarşılıq da ondan ibarət idi ki, ənənəvi olan 2000 işarənin 6 manatdan hesablanan tərcüməni 1 manat artıq, yəni 7 manatdan hesablanmasını istədim. Yenə də ödənilməsi çətin olacaq böyük məbləğ deyildi və həmin cədvəlləri də hesablasaq ənənəvi 6 manatın total məbləği 7 manatın total məbləğinə bərabərdir.
Mənim xahişim nəzərə alındı, razılaşdıq, əmin edildim və mən tərcüməyə başladım. Bu arada təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, mən tərcüməçi deyiləm, yaxşı tərcümə edirəm, bacarıram, deyilənlərə görə, hətta çox yaxşı bacarıram. İşimə məsuliyyətlə yanaşıram, vasvasıyam, əksər tərcüməçilər google/translate-dən istifadə etdikləri halda, mən belə fırıldaqlara getmirəm”.
Arzu Qazıyeva bunu tərcüməçilərin haqqına hörmətsizlik adlandırıb:
“Tərcüməni hələ iki il əvvəl - 2024-cü ilin aprelində təhvil verdim. Lakin qonorarımı bu iki illik müddət ərzində ölüm-zülümlə almağa başladım. Səbəb kimi maliyyə problemləri göstərilirdi. Ah, bu dəli, dəli böhranlar, bitib-tükənməyən pulsuzluq…
Bu hələ harasıdır ki…
Ödənişim tam bitməmiş mənə məlumat vermədən, razılığımı almadan qonorarım dayandırıldı. Mühasibatlığa zəng edəndə mənə bildirdilər ki, bəs deməzsən, nəşriyyat razılaşmamızın üstündən xətt çəkib”.
Tərcüməçi iddia edib ki, nəşriyyat maliyyə çətinliyini əsas gətirərək tərcüməçilərdən endirim istəyib:
“Səbəbini öyrənəndə Şahbaz Xuduoğlunun cavabları bir-birindən artıq məni şaşırdı, heyrətləndirdi, düzü eşitdiklərimə inana bilmirdim:
"Bizim təcrübəmizdə belə hallar daim olur – pulu çatdıra bilməyəndə tərcüməçidən xahiş edirik ki, bizə endirim etsin, 1 manat 20 qəpik endirim. Hər tərcüməçidən 1 manat 20 qəpik endirim bizim üçün böyük qənaətdir”.
Yəni 1 manat 20 qəpik “tük çəkmək” nəşriyyat üçün böyük qənimət imiş.
Nəyə və niyə qənaət? Cavab daha karıxdırıcı oldu:
"Siz heç təsəvvür etmirsiz ki, biz həmin endirimlərlə digər ödəniş növbəsini gözləyən tərcüməçilərin pulunu verməyə başlayacağıq”.
Növbədə sən demə xeyli tərcüməçi qonorarını gözləyirmiş və onların qonorarı mənim zəhmət haqqımdan kəsilərək onlara ödəniləcək.
Eh-vay!!! Təsəvvür edirsiz? Mənim pulumdan kəsilir ki, başqasının pulu ödənsin!
Maliyyə çətinlikləri var, amma çıxış yolu ödənişin təxirə salınması, möhlət verilməsi və ya aylıq məbləği azaltmaq deyil, halbuki ədalətli yol olardı. Bu, zəhmət haqqını sonuna çatanda ümumiyyətlə verməməkdir!
Siz tez-tez xarici ölkələrə səfərlərə gedirsiz, nəşriyyatlarla əlaqə saxlayırsız, oraların təcrübəsində də həlləm-qəlləmlik varmı?”
Arzu Qazıyeva paylaşımında Şahbaz Xuduoğlunun əvvəlki açıqlamalarını da xatırladıb. O bildirib ki, nəşriyyat rəhbəri vaxtilə qonorar razılaşmasının dəyişdirilməsini tənqid etsə də, tərcüməçilərlə bağlı məsələdə fərqli mövqe sərgiləyib:
“Bu yaxınlarda Sizin yutub kanallarından birinə verdiyiniz müsahibəyə baxmışdım. Müsahibədə bir epizod diqqətimi çəkmişdi. Həmin epizod yerinə düşdüyü üçün xatırlatmaq istəyirəm: yazıçı Manaf Süleymanovun nəvəsi ilə babasının “Oxuduqlarım, gördüklərim, eşitdiklərim” kitabının nəşri üçün ona 10% qonorar verəcəyiniz barədə razılaşmısdız. Lakin işə başlayanda adam sizdən 40% qonorar istəyib. Və Siz haqlı olaraq narazılığınızı bildirirdiz ki, “axı bu, düzgün deyil”, “axı bu, doğru deyil”. Düzdür, haqlısız. Əlbəttə ki, söz danışıqdan keçər. Əlbəttə ki, sözü tutmamaq doğru deyil, düzgün deyil, cığallıq etmək nadürüstlükdür. Lakin məsələ tərcüməçiyə çatanda eyni cığallıq necəsə doğru olur, düzgün olur, dürüst olur.
6 manatla 7 manat arasındakı “1 manat 20 qəpik”lik fərq 520 manatdır. Bu məbləğ sizi kasıb etmədiyi kimi, məni də varlı etməyəcək. Bu məbləğ tərəflər arasındakı düzgünlüyün, dürüstlüyün və etibarın qiyməti, mənimsə halal zəhmət haqqımdır.
Siz nadirliyinə görə çox qiymətli sayılan dürüstlüyü, düzgünlüyü, etibarı və həm də vacib olan zəhmət haqqımı sadəcə kəsmirsiz, sahibi olduğunuz nəşriyyat və bir naşir kimi özünüz haqqında tablonu tamamlayırsız. Həmin tablodan dünyanın ən gözəl peşəsi olan maarifçi naşir əvəzinə adi bir xəspuş baxır.
Məndən kəsilən o “1 manat 20 qəpik” sizin üçün böyük "uğurdur".
Bu qədər “böyük qazancı” bağışlayıram sizə.
Hər zəhmətin arxasında bir halallıq həddi var. Onu isə bağışlamıram!”.
Ş.Xuduoğlu isə cavabında bildirib:
“Redaktə ilə bağlı istəkləriniz nəzərə alınaraq təmin olunub. Lakin sonradan bəzi redaktə mərhələlərində ortaya çıxan qüsurlar işin keyfiyyəti baxımından bizi qane etmədiyi üçün əməkdaşlığa fasilə vermək qərarı verilmişdir. Sizinlə 2018-ci ildən əməkdaşlıq edirik və Qanun Nəşriyyatı üçün həyata keçirdiyiniz tərcümələr üzrə ödənişlərlə bağlı məlumatı diqqətinizə çatdırırıq. Qeyd edirik ki, tərcümə etdiyiniz əsərlərə görə qonorar ödənişləriniz aşağıdakı kimidir:
Con Le Karre “Gecə meneceri” – 2101.17 AZN
Mahmud Sərəci “Tehranın damları” – 1135.87 AZN
Con Le Karre “Balaca təbilçi qız” – 2105.96 AZN
Bencamin Qrem “Ağıllı sərmayədar” – 3121.16 AZN
Ümumilikdə bu əsərlər üzrə 8464 AZN məbləğində qonorar ödənilmişdir”.
Aydan Hacı
Telegram kanalımız