"Əgər təhlükəsizliyə təminat olmasaydı, şübhəsiz, həmin şəxslər heç bir halda Ukrayna paytaxtına qayıtmazdılar".
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli deyib.
O, xarici diplomatik missiyaların Kiyevə qayıdışının artıq Rusiyanın Ukrayna paytaxtına hücum etməyəcəyi ilə əlaqələndirilməsi ehtimalına münasibət bildirib. pizza hut
Xatırladaq ki, artıq Çexiya, Sloveniya, Litva, İtaliya, İspaniya və Türkiyə səfirləri Kiyevə dönüblər.
BAXCP funksioneri mövzu ilə bağlı bildirib:
“Əslində, Ukraynaya müdaxilə başlayanda belə bir rəy yaranmışdı ki, Rusiya Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatdıqdan sonra əməliyyatları dayandıracaq, bundan sonra danışıqlar masasına oturacaq. Amma proseslər ekspertlərin söylədiyi istiqamətdə cərəyan etmədi. Ayrı-ayrı istiqamətlərdən Ukraynaya hərbi müdaxilənin şahidi olduq və paytaxt Kiyev, o cümlədən ölkənin Qərb əraziləri hərbi əməliyyatların hədəfi oldu".
Siyasi şərhçinin sözlərinə görə, indiki şəraitdə Kiyevə təkcə səfirlər deyil, beynəlxalq təşkilatların nümayəndələri də qayıdıblar:
"Digər tərəfdən, həm bir neçə ölkənin dövlət başçısı, həm də bir sıra beynəlxalq təşkilatın rəhbəri Ukraynaya səfərlər edib. Əgər təhlükəsizliyə təminat olmasaydı, şübhəsiz, həmin şəxslər heç bir halda Ukrayna paytaxtına getməzdilər. Ola bilsin ki, hanısa diplomatik kanallarla Kiyevə Rusiyanın hücum etməyəcəyi barədə məlumat ötürülüb, ya da Kiyevə qayıdış razılaşdırılıb.
Ümumi mənzərə bunu deməyə əsas verir. Görünür, Rusiyanın bundan sonrakı dövrdə Kiyevə hücum etmək planları yoxdur və proses daha çox Mariupolun nam nəzarətə götürülməsi, Xarkov və separatçı bölgələrin tamamilə nəzarətə keçirilməsi istiqamətində gedəcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız