Birinci xanım Mehriban Əliyevanın aprel şəhidi Sənan Axundovun mənzil probleminə gecikmədən müdaxiləsi, ailəni yeni mənzillə təmin etməsi həm “Şərurlu İsfəndiyar” timsalında bütün harın iş adamları, həm də bir sıra məmurlar üçün böyük bir dərsdir. Təbii ki, bunu anlayanlar üçün.
Oğlunu Qarabağ savaşında itirmiş bir atanı, ərini itirmiş bir qadını divara dirəyərək 100 min manat pul tələb edən maqnat, “sənədin saxtadır” deyərək onları küçəyə atan məhkəmə sədri birinci xanımın bu addımından sonra özlərinin nə qədər rəzil durumda olduqlarını anladılarmı görəsən? Onlar bu xəbərlə bütün ölkədə biabır olduqdan sonra bu axşam öz ailələrinin yanına hansı üzlə dönəcəklər, övladlarının və ya nəvələrinin gözlərinə necə baxacaqlar? Şəhidimizin övladının fotosu saytları və sosial medianı “bəzədi”, onlar həmin qız balanın gözündəki sualı oxuya bildilərmi? Çətin...
Son zamanlar ölkədə baş verən proseslər göstərir ki, artıq medianın hansısa məmurun qanunsuz əməllərini ifşa etməsinə ehtiyac qalmayıb. Elə situasiya yaranıb ki, hər kəs, hər şeyi bilir, hər kəsin əməlləri təbii olaraq üzə çıxır və eybəcər görüntüsünü hamı izləyir. Ölkə prezidenti də, birinci Vitse-prezident də bunun fərqindədir. Fərqindədir ki, ayrı-ayrı sahələr üzrə təyin olunmuş bir sıra şəxslər öz vəzifələrinin öhdəsindən gələ bilmir. Gəlsəydi, məhkəmə şəhid ailəsini çölə atıb, harın iş adamının iddiasını təmin etməzdi. Sezar pizza
Prezidentə, vitse-prezidentə ünvanlanmış müraciət, ərizə və şikayətləri də artıq kimsə yarı yolda itirə bilmir. Hər bir müraciət oxunur, haqlı tələblərə dərhal reaksiya verilir, problemlərin həlli üçün addımlar atılır.
Mediada, sosial şəbəkələrdə işıqlandırılan problemlər araşdırılır, günahkarlar cəzalandırılır. Bir sözlə, ölkədə yeni situasiya yaranıb.
İctimai rəy və baxışlar da dəyişib. Heç kimi aldatmaq mümkün deyil.
Şəhid ailəsinin evinin əlindən alınması həm də onu göstərdi ki, prezidentin mədəniyyət xadimləri ilə görüşündə anons etdiyi məhkəmə sahəsindəki qanunsuzluqlar dözülməz həddədir. Adında “ali” sözü olan Ali Məhkəmə belə vətəndaşın hüququnu heçə sayaraq “makler”in xeyrinə qərar çıxara bilir.
Son ictimai-siyasi prosesləri təhlil edən şərhçilər ölkədə yaxın 1-2 ay ərzində ciddi dəyişikliklərin olacağını, mükəmməl idarəetmə sisteminin yaradılacağını və islahatların xüsusilə vətəndaşla işləyən qurumları əhatə edəcəyini proqnozlaşdırırlar. Bu o deməkdir ki, yerində olmayan məmurlar sözün birbaşa mənasında yerində olmayacaqlar. Artıq səhiyyə, şəhid ailəsi və digər sosial problemlərlə bağlı Birinci vitse-prezidentə deyil, aidiyyatı quruma müraciət olunacaq. Vətəndaş üzləşdiyi problemin həllini prezidentə müraciətdən sonra deyil, elə ilkin məhkəmə instasiyasındaca tapa biləcək.
İsfəndiyar Axundov timsalında əhalinin alın təri ilə qazandıqlarını əllərindən alan tikinti boslarına gəldikdə Mehriban Əliyevanın bu gün atdığı addımı onun üçün tərs şillə hesab etmək olar. Bir günün içərisində işgüzar nüfuzu sıfırlanmış bu iş adamı əlindəki bütün var-dövlətini xərcləsə belə, onu bərpa edə bilməyəcək. Etdiyi hərəkətdən səmimi peşmanlıq hissi keçirib üzr istəmək əvəzinə, media şirkətlərini qapı-qapı gəzib açıqlamalar verməsi və haqlı olduğunu isbat etmək cəhdləri yersizdir.
Aprel şəhidimizin ailəsinə dövlət tərəfindən onlara verilən yeni mənzildə gözəl günlər arzu edirəm. Həm də o arzu olunandır ki, tikinti şirkətinin bu vaxta qədər həmin 50 kvadratlıq mənzil üçün aldığı pullar ailəyə geri qaytarılaydı...
Elnur Məmmədli
Telegram kanalımız