Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub.
Azərbaycan dövləti şəhid ailəsinin üzvlərinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır. Toyuqlu pizza
Oğlu 44 günlük Vətən müharibəsində şəhid olmuş Xalq artisti Əli Nur da dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, onların ailə üzvlərinə və qazilərə göstərdiyi münasibətdən, görülən sosial tədbirlərdən razıdır. Sənətkar həmin günləri qürurla anır:
“Cənab Prezident elə bir ordu yaratdı ki, qısa bir müddətdə torpaqlarımızı ala bildik. Oğlum Rövşən döyüşə gedəndə mənə dedi ki, ata, siz bilmirsiniz, Prezident elə bir ordu yaradıb ki, Qarabağı 2 həftəyə alıb, Zəngəzuru götürüb, ermənini mühasirədə saxlayacağıq. Müharibə 44 gün çəkdi, çünki İran həmişəki kimi ermənini silahlandırırdı, ərzaqla təmin edirdi. Müharibə vaxtı da İran bizə çox mane oldu. Bunlara baxmayaraq, Azərbaycanın müzəffər və qəhrəman ordusu qısa müddətdə torpaqları azad etdi. Sonra da rus ordusunu gətirib sülhməramlı adı ilə ərazilərimizdə saxladı. Bu tarixi bir hadisədir. Allah şəhidlərimizə rəhmət eləsin, onlar şəhid olmasaydılar, torpaqlarımız azad olmazdı. Onlar boyunlarına kəfən dolayıb düşmənin üstünə əjdaha kimi şığıdılar. Onların qəhrəmanlıqları əbədi olaraq Azərbaycan tarixində qalacaq, Azərbaycan milləti onları heç vaxt unutmayacaq. Onlar qəhrəman idilər”.
Aktyor qeyd edib ki, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən də yüksək diqqət və qayğı göstərilir:
“Oğlum Rövşənin bir sözü var idi, deyirdi ki, birimiz canımızla, birimiz qanımızla o torpaqları almalıyıq. Elə dediyi kimi də oldu, zabit idi vuruşa-vuruşa gedirdi, Daşaltıda yaralandı qanın içində qaldı, amma geri qayıtmadı. Sonra Şuşanın girəcəyində onu snayperlə vurdular, sağ çiynindən iki güllə dəydi, biri qolunun altından çıxdı, digəri isə ürəyinə getdi... 40 dəqiqə sonra isə çavuş Sərxanın qucağında keçindi. O həmişə deyirdi ki, bu qədər yol gəlmişik, bizim ölməyə ixtiyarımız yoxdur.

Bu gün dövlətimiz də onların xidmətlərini unutmur. Elə bu gün Yasamal rayon İcra Hakimiyyətinə getmişdim, onlar Yasamalda Rövşənin adını bir küçəyə verəcəklər. Dövlətimiz nə lazımdırsa, onların ailələri üçün edir, ev verir, şəraitləri ilə maraqlanır.
Azərbaycanda problemlər bitmək bilmir, çünki elə geosiyasi ərazidə yerləşirik ki, bütün dünyanın gözü bizdədir. Ona görə də Azərbaycanı qoruyub saxlamaq olduqca çətindir. Yer üzü hamısı sanki bizim düşmənimizdir. Ona görə biz şəhid ataları, anaları olaraq gözümüzün biri ilə ağlayırıqsa, biri ilə sevinməli, gülməliyik. Çünki Azərbaycan ordusu qələbə çaldı və bütün dünya bunu qəbul etdi. Bizim üçün bundan böyük tarixi hadisə yoxdur.
Allah bütün qazilərimizə can sağlığı versin. Onlar təsadüfən sağ qalan şəhidlərdir. Şəhidə güllə dəydikdən sonra birinci anaya, daha sonra ataya dəyir. Bu ölənə qədər yaddan çıxmayacaq hadisədir. Amma biz xoşbəxtik ki, bizim belə qəhrəman balalarımız var və vətən yolunda canlarını fəda ediblər. Allah hamısına rəhmət eləsin.
Dövlət də hər zaman onlara qayğı ilə yanaşır. Azərbaycan Prezidenti üçün də çətindir, yer üzündəki bütün Prezidentlər onun düşmənidir. Bu cür dövləti saxlamaq, qələbə çalmaq sizə asan gəlməsin. Biz 44 günlük müharibədə tək erməni ilə vuruşmadıq, bütün xristian dünyası vuruşduq, şərəfsiz İran dövləti ilə vuruşduq. Bizim Birinci, İkinci Qarabağ Müharibəsində 30 min şəhidimiz, qazimiz var, onların hamısını hörmət və ehtiramla anır, ruhları qarşısında baş əyirik”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız