“Sinan Oğanın qərarından asılı olmayaraq, seçkilərin nəticəsi dəyişməyəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nəsimi Məmmədli deyib.
O, “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğanın ikinci turda Prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləməsi faktına münasibət bildirib. pizza hut
N.Məmmədlinin fikrincə, S.Oğanın hansı qərar verməsinə baxmayaraq, seçkidə “Cümhur İttifaqı”nın qalib gəlməsi çox real görünür:
“Ona görə də Oğana qarşı tənqidlər hesab edirəm ki, ədalətli deyil. Həmçinin Sinan Oğanın səsləri sabit elektorat səsləri deyil, əksinə, seçki dönəmində qazanılmış səslərdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, həm iqtidara, həm də müxalifətə səs vermək istəməyən insanlar daha çox Sinan Oğana səs veriblər. Bu baxımdan, onun seçicilərini yönləndirməsi elə də asan məsələ deyil. Çox güman, o seçicilərin əksəriyyəti seçkiyə gəlməyəcək”.
Analitik iddia edib ki, “Cümhur İttifaqı”nın seçkiyi qazanması üçün əlində kifayət qədər ciddi əsasları var:
“Ona görə də Sinan Oğanın qəbul etdiyi qərar daha çox özünün gələcək siyasi taleyini müəyyənləşdirəcək bir qərar oldu. Mənə elə gəlir ki, bu qərarda Oğanın gələcək siyasi karyerasında xeyli uğurlu məqamlar olacaq.
Türkiyədə mühafizəkar və milliyyətçi kəsim iqtidarla eyni cinahda dayanır və daha çox sağ-mərkəz funksiyasını yerinə yetirir. O baxımdan, Sinan Oğana səs verən seçicilərin də böyük əksəriyyəti məhz mühafizəkar və milliyyətçi kəsimdir. Bunu da nəzərə almaq lazımdır ki, bunların əksinə gedəcəyi təqdirdə Oğanın siyasi uğur qazanması çətindir”.
“Başqa bir versiya isə o idi ki, Oğan müxalif qrupları dəstəkləsə belə, onsuz da müxalifət məğlub olacaqdı. Lakin bir şey bəllidir ki, bu gün Türkiyədə 28 milyon müxalif elektorat var. Hətta Oğanın bu elektoratın içərisindən öz seçicilərini götürüb müxalif siyasi təşkilat qurması ilə bağlı fikirlər də var idi”, - deyə müsahibimiz əlavə edib.
O, söyləyib ki, qərara hörmətlə yanaşılmalıdır:
“Düşünürəm ki, qarşıdakı 5 il Türkiyədə sabitlik və inkişaf dönəmi kimi qiymətləndiriləcək. O baxımdan, görünür ki, Sinan Oğan hakimiyyətlə eyni addımlamağı seçib. Ola bilsin ki, onun gələcəkdə milliyyətçi kəsimin lideri olmaq niyyəti də ola bilər. Əlbəttə ki, bunu qarşıdakı illərdə dəyərləndirmək olar, hazırda isə konkret fikir demək çətindir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız