Təmkin Xəlilzadəni küncə qoyanlar...

saytların hazırlanması

Evə çatdırılma

Təmkin Xəlilzadəni küncə qoyanlar...

İdman

04 May 2019 11:11 1610


Təmkin Xəlilzadə dekabr ayında “Sabah”a keçəndə heç də birmənalı qarşılanmamışdı. Futbolçunun “Qəbələ”dən debütant kluba keçməsi bəzilərini hətta qıcıqlandırıdı desək, yanılmarıq. 
Aydın məsələdir ki, Təmkin “qırmızı-qaralar”ın heyətində özünü çox yaxşı tərəfdən göstərməyi, necə deyərlər sübut etməyi bacarmışdı. Amma görünən budur ki, futbolçu özünün də yaşadığı Masazıra daha yaxın yerdə məşqlərə qatılmaq, oyuna getmək şansını dəyərləndirmiş və sonda belə bir qərar vermişdi. 
Futbolçunun “Sabah”dan kənarlaşdırılmadan öncə mətbuatda kifayət qədər açıqlamaları yayılmışdı. Yəni, mediaya açıq bir gənc idi, bəzi futbolçularımızdan fərqli olaraq. Təmkinin necə bir insan olduğunu azdan-çoxdan tanıyanlar bilir. Son dərəcə müasir olan futbolçu qovulmadan əvvəl həyat yoldaşı ilə birgə müsahibə vermiş, tanışlıq mərhələlərindən, ailəsindən danışmışdı. Halbuki, belə baxsaq, bu nəinki cəmiyyətimizin bir çox üzvü, həm də futbolçular üçün xoşagəlməz bir hal idi. Az öncə də dediyimiz kimi, gənc müasirliklə yoğurulan, streotipləri qıran biri olduğundan onun üçün belə açıqlamalar vermək o qədər də böyük bir şey deyildi. Bundan əlavə “Neftçi” ilə matçdan öncə iddialı danışması da sanki bir az odun üstünə benzin tökmək kimi bir şey idi. 
Belə görünür ki, 25 yaşlı futbolçunun kənarlaşmasında bu kimi amillər də azdan-çoxdan rol oynayıb. Klubdan məlumat almaq istəyərkən bunun klubun daxili işi olduğu və hansı səbəbdən kənarlaşdırıldığı barədə konkret bir şey deyilməmiş, onunla bağlı qərarı mayda açıqlayacaqlarını söyləmişdilər. 

Bu qərar nə olacaq? Bunu zaman göstərməmişdən əvvəl, istəyirəm mən qeyd edim. Yəqin ki, o, debütant klubdan birdəfəlik uzaqlaşdırılacaq. 

Nəzərə alsaq ki, Təmkin təkcə yeni yaranmış “Sabah”ın deyil, həm də millinin oyunçusudur, o zaman bu qədər sındırmaq və bu qədər futboldan uzaqlaşdırmaq bir futbolçunun taleyi ilə oynamaq deyil də, nədir? Hər-halda millinin oyunlarına baxanda Təmkinin necə oyun nümayiş etdirdiyinin şahidi olmuşuq. İyun ayında da millinin Macarıstanla qarşılaşması baş tutacaq. Bəlkə də, Təmkinin futboldan bu qədər uzaq qalması ona ciddi zərbə olacaq. Birdən-birə bu qədər müddətdən sonra məşqlərə qatılması millinin oyununda iştirakını çətinləşdirəcək. Belə düşünmək olar ki, Təmkin həmin oyunlara dəvət almayacaq. Səbəb də bəllidir. Biz bir futbolçunun taleyinin necə itib-batmasının şahidi oluruq. Bu təkcə oynamaq, məşq etmək cəhətdən deyil, həmçinin psixoloji cəhətdən də onu necə sarsıdır, düşünmək o qədər də çətin deyil.
Beləliklə, Azərbaycan futboluna xoş gəlmisiniz!
Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!