“Mən özüm də həmin tədbirdə iştirak edərək çıxış etdim. Əslində, monitorinq mərkəzinin bayağı musiqilərlə bağlı narahatlığı çox təbiidir. Çünki onlar da bizim cəmiyyətimizin bir hissəsidir, cəmiyyətimizin aydınlarıdır. Onlar da vətəndaşlarımızıdır və Azərbaycan mədəniyyətinin hansı istiqamətdə getdiyini görüb bundan narahat olurlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.
Xatırladaq ki, bundan bir neçə gün öncə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib. Tədbirdə 200-ə yaxın mahnı bayağı hesab edilib, 2.000-dən çox musiqi əsərində isə nöqsanlar aşkarlanıb, milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. Sezar pizza
B. Vəziroğlu hesab edir ki, həmin mahnılar barədə hesabata vaxtında görülmüş tədbir demək olmaz:
“Buna gecikmiş tədbir demək lazımdır. Mən çıxışımı ondan başladım ki, biz nəticəni müzakirə edirik və nəticə ətrafında polemika aparırıq. Halbuki səbəbləri tapmalıyıq. Səbəblərdən doğan nəticədir ki, bu gün Azərbaycan mədəniyyətinin bir çox sahələrində, xüsusilə də musiqi janrında belə bir xaos hökm sürür. Loru dillə desək, biabırçılıq baş alıb gedir.
Səbəblərə baxanda, ilk növbədə, kamil oxucu, tamaşaçı və dinləyici yetişdirməliyik. Yoxsa cahil kütləyə necə sənət əsəri təqdim edib onu bəyəndirə bilərik?!
Həmişə deyirlər ki, cəmiyyəti maarifləndirmək lazımdır. Mən isə əksini deyirəm ki, öncə tərbiyələndirmək lazımdır. Çünki tərbiyəsiz insana maarifçi ideyalar və fikirlər təsir etməz, onları qəbul etmək istəməz. İnsan əvvəlcə tərbiyələnməli, onun zövqü formalaşmalı, savadı, biliyi, dünyagörüşü olmalı, yaxşı və pisin nə olduğunu dərk etməlidir ki, onu maarifləndirəndə hər şeyi anlasın. Tərbiyəsiz insan deyəcək ki, get, öz işinin dalınca, özüm bilirəm, nəyi sevim, nəyi sevməyim”.
Nəğməkar şairin fikrincə, bu məsələtə dövlətin təsir alətləri olmalıdır:
“Bizə “qılınc müsəlmanı” deyirlər. Şərqdə maarifləndirmə metodu asanlıqla başa gəlmir. “Qılınc müsəlman”a bir əlində Quran, bir əlində də qılınc olaraq tərbiyə verməlisən. Çünki Qurana qulaq asanda deyirsən ki, çox sağ ol, asmaq istəməyəndə də qılıncı başından endirirsən ki, düz yolda deyilsən.
Əgər Monitorinq Mərkəzinin dərc etdiyi hesabatı tamamlasaq, bu, bəlkə yüz cildlərlə alınar. Müasir “əsərlər”in 99%-i o kitaba düşə bilər. Belə bir dəhşətli mənzərə var.
Radio-televiziya məkanına xüsusi göstəriş verilməlidir. Bir zamanlar Prezidentin göstərişi ilə AzTV-də Bədii Şura yaradıldı və mən ilk Bədii Şurada iştirak etdim. Xeyli məsələlərin tənzimlənməsində də Bədii Şura rol oynadı. Sonra gördülər ki, Prezidentin sözündən bir müddət keçib və bunu unutmaq olar.
Hətta özəl tele şirkətlərdə də Bədii Şura yaratmadılar. O vaxtı müğənnilərdən alınan "çirkli pullar"ın qabağı kəsilirdi. Amma sonra yenə də öz "kəndimiz"ə qayıtdıq. İndi də həmin prosesin davamını edirik”.
Sonda B. Vəziroğlu bildirib: “Bunları xüsusi təşəbbüs və vətəndaş həmrəyliyi ilə etmək mümkün deyil. İsa Muğannanın “Nəsimi” filmində səsləndirilən məşhur bir cümlə var: “Bu dünyada 2 cür insanvar: cahil və kamil”. Nə qədər ki, cəmiyyətin böyük bir hissəsi cahil insanlardan ibarət olacaq, onları maarifləndirə bilməyəcəyik. Bütün bunların kökünü kəsmək üçün kamil vətəndaş cəmiyyəti yaratmalıyıq. Onda bu müzakirələr, dedi-qodulara, kitablara, daldan atılan daşlara ehtiyac qalmayacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız