ABŞ prezidenti Donald Tramp son çıxışlarında və siyasətində nadir torpaq elementləri mövzusuna xüsusi diqqət ayırır. Bu resursların ABŞ üçün əhəmiyyətini vurğulayan Tramp onların mümkün qədər müxtəlif ölkələrdən əldə olunmasının tərəfdarı kimi çıxış edir. Bir sıra dövlətlərlə bu istiqamətdə danışıqlar aparılması, strateji ehtiyatların formalaşdırılması və xarici mənbələrə maraq Trampın gündəmində əsas mövzulardan birinə çevrilib. Məhz bu maraq hazırda beynəlxalq müzakirələrin diqqət mərkəzindədir.
Bəs nadir torpaq elementləri niyə bu qədər önəm daşıyır?
“Yeni Sabah”a açıqlama verən geoloq Rauf Kərimov mövzuya belə aydınlıq gətirib: pizza hut
“Nadir torpaq elementləri Mendeleyev cədvəlinin sonunda yerləşən 14 elementdən ibarətdir. Bu elementlər lantandan başlayaraq lutetsiyə qədər davam edir və əsasən iki qrupa bölünür: yüngül və ağır nadir torpaq elementləri. Bu elementlər adətən ağır elementlər hesab olunur və onların yayılması geoloji şəraitdən, xüsusilə maqmanın tərkibindən asılıdır. Əgər maqmada qranat, almandin kimi dəmirli minerallar üstünlük təşkil edirsə, bu zaman ağır nadir torpaq elementləri daha çox olur. Əgər maqmanın tərkibində plagioklaz tipli minerallar üstünlük təşkil edirsə, onda yüngül nadir torpaq elementləri üstünlük təşkil edir. Yüngül nadir torpaq elementlərinə lantandan samariuma qədər olan elementlər daxildir, samariumdan sonrakılar isə ağır nadir torpaq elementləri sayılır”.
R.Kərimov bildirib ki, bu elementlər təbiətdə çox nadir hallarda ayrıca yataqlar şəklində formalaşır.
“Əksər hallarda onlar digər filizlərin tərkibində qarışıq elementlər kimi mövcud olur. Yalnız konsentrasiyası müəyyən həddən yüksək olduqda, onları digər filizlərdən ayıraraq sənaye üsulu ilə çıxarmaq mümkün olur”, deyə o, bildirib.
Geoloq qeyd edib ki, Azərbaycanda nadir torpaq elementləri üzrə tədqiqatlar əsasən tektonik proseslərlə əlaqəli aparılıb. Onun sözlərinə görə, müxtəlif struktur zonalarda – xüsusilə dağlıq sahələrdə – bu elementlərin mövcudluğu ehtimalı müəyyən edilsə də, həmin ərazilərdə konkret yatağın mövcudluğu demək deyil:
“Sadəcə perspektiv sahələr müəyyən edilir və gələcəkdə aparılacaq detallı geoloji-kəşfiyyat işləri nəticəsində yataq və ya təzahürlərin olub-olmaması aydınlaşdırıla bilər. Hazırda bu sahə Azərbaycanda hələ kifayət qədər dərindən öyrənilməyib. Nadir torpaq elementləri əsasən elmi tədqiqatlarda – maqmatik proseslərin genezisini, kristalların formalaşma şəraitini və geodinamik prosesləri öyrənmək üçün istifadə olunur. Bunun səbəbi bu elementlərin atom radiuslarının bir-birinə çox yaxın olması və geoloji proseslər zamanı oxşar davranış göstərməsidir. Xüsusilə serium və europium kimi elementlər oksidləşmə və reduksiya şəraitindən asılı olaraq fərqli davranış nümayiş etdirir və bu da geoloji mühit haqqında qiymətli məlumat verir. Buna görə də nadir torpaq elementləri yüksək dərəcədə informativ indikator elementlər hesab olunur”.
Ekspert vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın nadir torpaq elementləri ilə bağlı tez-tez açıqlamalar verməsi təsadüfi deyil:
“Bu elementlər yüksək texnologiyalar, hərbi sənaye, elektronika, yaşıl enerji və müdafiə sənayesi üçün strateji xammaldır. Nadir torpaq elementlərinin böyük yataqları əsasən Çin ərazisində yerləşir. Ukraynada da qədim kristallik süxurlarla əlaqəli nadir torpaq elementləri mövcuddur. Bu yataqlar əsasən şistlər, karbonatitlər və qələvi süxurlarla əlaqəlidir. Azərbaycanda isə klassik karbonatit və qələvi maqmatik süxurlar geniş yayılmayıb. Azərbaycan daha çox qırışıqlıq sisteminə daxil olan bir regiondur. Buna baxmayaraq, Böyük Qafqazın cənub yamacında və xüsusilə Şərqi Zəngəzur zonasında qızıl yataqları ilə əlaqəli bəzi perspektiv sahələr mövcuddur. Ehtimal edilir ki, bu ərazilərdə nadir torpaq elementlərinin də müəyyən konsentrasiyalarda rast gəlinməsi mümkündür, lakin bu, hələlik elmi cəhətdən tam sübut olunmayıb”.
Həmçinin, əlavə edib ki, nadir torpaq elementləri adətən karbonatitlərdə, qələvi intruziv süxurlarda və bəzi maqmatik komplekslərdə toplanır:
“Onların əsas daşıyıcı mineralları monazit, apatit, sirkon və s. minerallardır. Azərbaycanda bu tip süxurlar geniş yayılmadığı üçün nadir torpaq elementləri üzrə xüsusi axtarış və kəşfiyyat işləri yalnız son illərdə başlanıb və əsasən Böyük Qafqazın cənub yamacında aparılıb”.
Aytac Əliyeva
Telegram kanalımız