“İnsanlar hər hansı ölkəyə səyahət etmək üçün tur paketi alarkən son dərəcə diqqətli olmalıdır. İlk növbədə seçilən tur şirkətinin nə dərəcədə etibarlı və real fəaliyyət göstərdiyi araşdırılmalıdır. Xüsusilə tur agentlikləri və tur operatorları barədə məlumat toplamaq, onların fəaliyyət tarixçəsi və müştəri rəyləri ilə tanış olmaq vacibdir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə bildirib. Onun sözlərinə görə, ən ucuz tur paketini təklif edən şirkət hər zaman ən yaxşı seçim deyil:
“Bəzən sosial şəbəkələr və müxtəlif onlayn platformalar vasitəsilə vətəndaşların aldadılması halları müşahidə olunur. Buna görə də şirkətin etibarlılığı, müştəri məmnuniyyəti və referansları mütləq yoxlanılmalıdır. Unutmaq olmaz ki, ən ucuz tur paketini təklif edən şirkət hər zaman ən yaxşı seçim deyil”. pizza
“Səyahət paketi almamışdan əvvəl həmin şirkətlə daha əvvəl əməkdaşlıq etmiş şəxslərin rəylərini öyrənmək faydalıdır. Turun təşkili, rəhbərlərin peşəkarlığı, yerləşdirmə üçün nəzərdə tutulan otellər və digər xidmətlər barədə məlumat əldə etmək lazımdır. Əks halda, bəzi şirkətlərin vədləri ilə təqdim etdikləri xidmət arasında ciddi fərqlər yarana bilər və bu da müştərinin narazılığına səbəb olar”.
Ekspert qeyd edib ki, xidmət tam təqdim edilmədən yüksək məbləğdə ödəniş etmək risklidir:
“Təəssüf ki, sosial şəbəkələrdə səhifə açaraq insanlardan pul topladıqdan sonra fəaliyyətini dayandıran dələduz qruplarla da rastlaşmaq mümkündür. Belə halların qarşısını almaq üçün vətəndaşlar şirkətin ofisini ziyarət etməli, onun real fəaliyyət göstərdiyinə əmin olmalıdırlar”.
“Ödəniş məsələsində də ehtiyatlı davranmaq vacibdir. Adətən tur şirkətləri ilkin ödəniş kimi ümumi məbləğin müəyyən hissəsini tələb edirlər. Lakin xidmət tam təqdim edilmədən yüksək məbləğdə ödəniş etmək risklidir. Bu səbəbdən şirkətin etibarlılığına əmin olduqdan sonra ilkin ödənişin həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız