“Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan ictimaiyyətini maraqlandıran və narahat edən bir məsələdir. İctimaiyyət əmin olmalıdır ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması müvəqqəti xarakter daşıyır və bu, humanitar səbəblidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O, zəlzələdən sonra 30 ilə yaxın bağlı qalan Türkiyə-Ermənistan sərhədlərinin açılmasından, habelə Ermənistan hakimiyyətinin bunu siyasi fürsətə çevirmə cəhdindən söz açıb. Dominos pizza
Xatırladaq ki, Ermənistanın humanitar karvanı artıq 2 dəfə Marqara-Alican sərhəd-keçid məntəqəsindən keçib. Bununla bərabər, rəsmi İrəvan diplomatik münasibətləri normallaşdırmağa hazır olduğunu və sərhədi tam açma zamanının yetişdiyini dilə gətirir. Son oxşar açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.
Natiq Mirinin sözlərinə görə, Ermənistanın Türkiyəyə yardım müraciəti olub:
“Türkiyə də bütün digər ölkələr kimi Ermənistana da “yox” deyə bilməzdi. Ona görə də indiki vəziyyətdə sərhəd qapılarını müvəqqəti də olsa, Ermənistanın üzünə açıb. Ancaq hər bir fürsət həm də yeni bir imkan deməkdir. Bu baxımdan, Türkiyə təkcə Ermənistanla deyil, həm də düşmən mövqedə olan Yunanıstana qarşı da eyni siyasəti yürüdür”.
Siyasi şərhçi deyib ki, qeyri müəyyənliklər çoxdur və münasibətlərə hansı çalarlar gələcək, hələlik bəlli deyil:
“Ancaq istənilən halda yeni normal münasibətlər sistemi qurmaq üçün hər iki dövlət, həm Türkiyə, həm də Yunanıstan rəsmiləri siyasi iradəni ortaya qoydular. Bu gün analoji halı Ermənistan da etmək istəyir. Lakin bu, konkret şərtlərə bağlıdır. İndiki vəziyyətdə Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan bu addımı atmaz”.
N. Miri əmin edib ki, Türkiyənin geosiyasi maraqları həm də Azərbaycanın geosiyasi maraqlarıdır:
“Regionda Azərbaycan və Türkiyə əməkdaşlıqla yeni təhlükəsizlik arxitekturasının qurulmasında maraqlıdır. Bu, Cənubi Qafqazda Türkiyə və Azərbaycanın əsasını qoyduğu “3+3 platforması”nda və digər məsələlərdə də belədir.
Azərbaycan və Türkiyə xarici siyasətdə də bir-birini tamamlayan dövlətlərdir. Ermənistanın Türkiyə ilə münasibətlərini daha irəliyə aparmaq istəyi, əslində, onlar üçün bir fürsətdir. Türkiyə isə bunu həm Azərbaycan, həm də Türkiyə üçün yeni imkana çevirə bilər. Bu isə regiondakı reallıqları Ermənistanın qəbul etməsindən keçir.
Nə Aİ, nə Rusiya, nə də ABŞ regiona sülh və əməkdaşlıq gətirə bilməz. Heç bir model Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz. Azərbaycan dövlətinin bu yöndə konkret təklifləri var. Ermənistan konkret fəaliyyət ortaya qoymasa, sərhədlər müvəqqəti şəkildə necə açılmışdısa, eynilə də bağlanacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız