Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa ilə bağlı müdafiə planını dəstəkləməkdən imtina edib.
“Yeni Sabah” xəbər verir ki, NATO rəsmiləri bu qərarı Alyansın Türkiyənin Suriyadakı kürd terrorçularına qarşı əməliyyatını dəstəkləmədikləri izah ediblər. Eyni zamanda Ankara NATO-dan YPG-ni terror təşkilatı kimi tanımağı tələb edib.
Bundan başqa, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Türkiyəyə “qəti şəkildə” S-400 sistemlərini əməliyyat vəziyyətinə gətirməsini istəmədiyini bildirdiyini qeyd edib. Dördpendirli pizza
AStlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Yenisabah.az-a bildirib ki, Türkiyənin NATO ilə razılığa gəlməməsi başadüşüləndir: “Türkiyə deyir ki, əgər mənim dəstəyimi istəyirsinizsə, o zaman siz də mənə terrorla mübarizədə dəstək verin. Amma bunun əksi baş verir. NATO ölkələri PKK/YPG ilə mübarizədə Türkiyəyə dəstək vermir. Hətta bəzi hallarda PKK-nın uzantılarının maraqları müdafiə edir”.
Politoloqun fikrincə, dekabr ayında keçiriləcək NATO-nun sammitinə qədər tərəflərin ortaq məxrəcə gələcəyi gözləniləndir. “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da müəyyən qədər güzəştə getdi. O mənada ki, Rusiyadan alınan S400 raketlərinin NATO sistemində yer almasının müzakirə edilə biləcəyini söylədi. Düşünürəm ki, dekabrda keçiriləcək NATO-nun sammitinə qədər tərəflər ortaq məxrəcə gələ biləcək”, - deyə Elxan Şahinoğlu bildirib.
Politoloq Türkiyənin NATO ilə paralel Rusiya ilə münasibətləri inkişaf etdirməsini zərurətdən doğan addım kimi qiymətləndirib. “Türkiyənin NATO ölkələri ilə münasibətləri hamar deyil. Bu ölkələrdən bəziləri qondarma erməni soqırımını tanıyıb, bəziləri PKK-nın uzantılarına bu və ya digər şəkildə dəstək verir, hətta terroçuları gizlədir. Digər tərəfdən NATO ölkələri Türkiyəyə istədiyi silahları satmır. Bu halda təbii ki, Türkiyə alternativlər axtaracaq. Vaxtında NATO terrorla mübarizədə Türkiyəyə dəstək versəydi, “Patriot” raketləri ona satılsaydı, indi bu cür gərginlik yaşanmazdı. Lakin bunlar baş vermədi və Türkiyə də müdafiəsini qurmaq üçün Rusiyanın silahlarını almağa başladı. Hesab edirəm ki, Ankara üçün nə qədər çətin də olsa da NATO və Rusiya ilə münasibətlərdə balansı qoruya biləcək”.
Telegram kanalımız