Avropa Şurasının prezidenti Şarl Mişelin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla da oxşar telefon danışıqları aparıb. Danışıqların əsas mövzusu isə Ermənistan-Azərbaycan münasibətləridir.
Təbii ki, burada qəribə heç nə yoxdur, çünki yuxarıda qeyd etdiyimiz hər üç telefon danışığında eyni mövzu müzakirə olunub. Xüsusən də bir neçə həftə əvvəl eyni gündəmlə Brüsseldə Əliyev-Mişel-Paşinyan formatında görüş keçirildi. Diqqət çəkən məqam isə odur ki, həmin telefon danışıqları Rusiya, Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən fərqli nüanslarla təqdim edilib.
Kremlin məlum telefon danışığı ilə bağlı açıqlamasından aydın olur ki, digər mövzularla yanaşı, Qarabağda təhlükəsizlik və sabitlik də müzakirə olunub, üçtərəfli bəyanatın ardıcıl icrası prinsipial və vacib məsələ hesab edilib, nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan sərhədlərin müəyyənləşdirilməsi və tərəflər arasında sülh sazişinin hazırlanması prioritet məsələ olaraq qalıb. Pepperoni pizza
Moskvanın yaydığı bəyanatdan belə təəssürat yaranır ki, bütün nizamlanma prosesi Rusiya tərəfinin nəzarətindədir, üstəlik, əsas lokomotiv Rusiyadır.
Lakin Azərbaycan tərəfinin yaydığı bəyanatda kifayət qədər maraqlı nüanslar var. Prezidentin mətbuat xidməti xüsusilə qeyd edib ki, Prezident Əliyev Mişellə telefon danışığı zamanı Brüsseldə keçirilən son görüşdə əldə olunmuş razılaşmalara uyğun olaraq, artıq Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Milli Komissiyanın tərkibi haqqında qərar verib.
Bundan başqa, danışıqlar yalnız Bakı-İrəvan formatında olacaq. Belə çıxır ki, Bakının fikrincə, sülh sazişi ilə bağlı bütün proses Brüsseldə Əliyev-Mişel-Paşinyan danışıqlarında əldə olunan razılaşmaların məntiqi çərçivəsində həyata keçirilir. Yəni Azərbaycanın hakimiyyətinin yaydığı bəyanatda Rusiyanın münaqişənin həllində vasitəçi kimi ümumiyyətlə adı çəkilmir.
Son olaraq isə qayıdaq Ermənistana. Paşinyanın mətbuat xidməti Paşinyan-Mişel telefon danışığı ilə bağlı çox lakonik açıqlama yayıb. Sadəcə qeyd olunub ki, həmsöhbətlər Brüssel görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətləri ilə bağlı bir sıra digər məsələlər barədə danışıblar.
Bu, təbii ki, bir nüans kimi çox maraqlıdır. Hər nə qədər Paşinyan Moskvaya səfəri zamanı Rusiyaya reveranslar göstərməyə çalışsa da, o cümlədən Rusiyanın regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bəyan etsə də, artıq belə bir təəssürat da yaranır ki, Avropa təşəbbüsü ələ almaqla özünü regionda hiss etdirməyə başlayır. Bu da sözsüz ki, rusların ciddi narahatlığına səbəb olan faktorlardan biridir. Çünki başı Ukraynaya qarışmış Rusiya üçün arxa bağçası kimi hesab etdiyi Cənubi Qafqazda təşəbbüsləri əldən vermək, Putin hakimiyyəti üçün heç də uğurlu bir addım olmayacaq.
Rafi MÜSLÜMOV
Telegram kanalımız