Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.
"Yeni Sabah" İTV-yə istinadən xəbər verir ki, bu barədə görüntüləri xəstəxanadakı pasiyentlərdən biri qeydə alıb. Mühafizədən tutmuş şöbə müdirinə qədər hər kəs bir canı xilas etmək uğrunda mübarizə aparıb.
62 yaşlı kişinin avtobusda halı pisləşib və sürücü onu ən yaxın xəstəxanaya çatdırıb. Bununla da onu xilas etmək üçün mücadilə başlayıb. Hadisə yerinə ilk çağırılanlardan biri təcili tibbi yardım həkimi Kaira Yüzbaşova olub. O, 30 ilə yaxındır ki, burada işləyir. Deyir ki, mühafizəçilər xəbər verən kimi tibb bacısı ilə dərhal həyətə qaçdıq:
"Bizdən qabaq reanimasyon tədbirləri başlamışdı. Yəni ürəyin qapalı masajı tibb qardaşları tərəfindən həyata keçirilirdi. Onlar həyətdə olublar, birinci onları çağırıblar. Mavi kod elan olundu, reanimatoloq Salatın xanım çağırıldı. Reanimasiya tədbirləri axıra kimi aparıldı və xəstə zala gətirildi. Orada xəstə stabilləşəndən sonra Reanimasiya şöbəsinə qaldırıldı".
Növbəti mərhələdə videonun yayılmasına səbəb olan digər həkim - ürək-damar cərrahı Gülnarə Şəbiyeva köməyə çatır:
"Mən çatanda artıq mavi kod aktiv idi. Xəstənin başının üzərində reanimatoloq var idi. Ən birinci xəstəyə yetişən orta personal olmuşdu: bizim tibb qardaşı Eşqin Qurbanlı və perfuzioloqumuz Zamiq Bəndəliyev. Onlar ürəyin qapalı masajına başlamışdılar, xəstəyə damar yolu açmışdılar. Mən sadəcə hava yolu təminatına kömək etdim və sonra başlanılan ürəyin qapalı masajını davam etdirdim".
Telegram kanalımız