Artıq bir müddətdir ki, vətəndaşlar evlərində olan odlu silahları könüllü şəkildə hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıblar. Bunların arasında ov tüfəngləri ilə yanaşı hərbi sahədə istifadə edilən müxtəlif tipli silahlar da var. Bəs həmin silah-sursat vasitələri vətəndaşın əlinə haradan keçib?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bir sıra məqamları izah edib:
“Azərbaycanda silah satışı rəsmi olaraq həyata keçirilmir. Bu səbəbdən sözügedən silahları asanlıqla əldə etmək mümkün deyil. Hesab edirəm ki, sözügedən məsələdə ilk dövrlərdə nəzarətsizlik olub və bu minvalla silahlar insanların əlinə keçib. Başqa səbəb ağlabatan deyil. Azərbaycanda belə silahlar açıq satışda yer almır və onları xaricdən ölkəyə keçirmək də mümkün deyil. Çünki Dövlət Sərhəd Xidməti belə mövzulara ciddi nəzarət edir. O cümlədən, hüquq-mühafizə orqanları tərəfindən də məsələ nəzarətdə saxlanılır”. Dördpendirli pizza
Ekspert bildirir ki, 44 günlük müharibədən sonra insanlar azad edilən ərazilərə gedərək müxtəlif yollarla bu cür silahları əldə ediblər:
“Zənnimcə, torpaqlar işğaldan azad ediləndən sonra, ilk günlərdə bir sıra insanlar həmin bölgələrə axın edən zaman bu hadisələr baş verib. Beləliklə, bəzi silah-sursat vasitələri sivil şəxslərin əlinə keçib. Həmin şəxslər müəyyən boşluqdan istifadə edərək müxtəlif yollar vasitəsilə düşmənin atıb getdiyi silahları ələ keçiriblər. Başqa bir məsələ isə bəzi adamlarda SSRİ dövründən qalan tüfənglərdir. Bunlar həm ov silahları, həm də hərbi sahəsindəki silahlardandır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a bildirildi ki, həmin silahlar vətən müharibəsi və lokal xarakterli anti-terror tədbirlərindən sonrakı dövrdə vətəndaşlar tərəfindən ələ keçirilib:
“Daxil olan məlumatlar göstərir ki, vətən müharibəsi və lokal xarakterli anti-terror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silahı qanunsuz saxlanması, daşınması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, daşınması, satılması və s. barədə hüquq-mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır”.
Aytac Şahin
Telegram kanalımız