Artıq bir neçə ildir ki, məşhur simalar onlara yazılan təhqir dolu şərhlərdən gileylənirlər. Bu hal əsasən, onlar sosial şəbəkələrdə məşhurlaşandan sonra artmağa başladı. Artıq sənətçilərin izləyiciləri tanınmış simaların paylaşımlarının altından söyüş dolu şərh yazmaqdan belə çəkinmirlər.
Bəzən məşhurlar da bu şərhləri cavabsız qoymur və izləyicilərinin təhqirinə təhqirlə cavab verirlər.
Bəs görəsən, məşhurların sosial şəbəkələrdə bu cür aqressiv davranmasına səbəb nədir? Sezar pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva bildirib ki, bu gün sənətdə həvəskarlarla peşəkarlar arasında fərq hiss olunmur:
“Şou-biznes əhli arasında bu gün aləm bir-birinə qarışıb. Təbii ki, bu professional müğənnilərə aid deyil, onlar ayrı, həvəskar müğənnilər isə tamam ayrıdır. İndi hər şey bir-birinə qarışıb, kim həvəskardır, kim proffessionaldır bilinmir. Əvvəllər xalq teatrları vardı professional olmayan aktyor və aktrisalar gedib orada çıxış edirdilər. Bilinirdi ki, onlar təcrübəli deyillər. İndi isə belə şeylər yoxdur”.
Şou-biznesi Sovet dönəmi ilə müqayisə edən aktrisa artıq sənətçilərin hörmətdən düşdüyünü deyib:
“Əvvəllər sənət adamları əlçatmaz idi, mətbuat ancaq onların sənəti haqda materiallar dərc edirdi. Məşhurların şəxsi həyatı gündəmə gətirilmirdi, onlar əlçatmaz idilər, hörmətli idilər. Sonralar maqazin proqramları, bəzi televiziyalar onların şəxsi həyatlarını gündəmə gətirdi, hər şeyi ortaya çıxardılar. Sovet dönəmində bu cür çılpaq şəkildə hər şey danışılmırdı. İndi isə bəzi mətbuat nümayəndələri sənətçinin dediyi pis bir sözü başlığa çıxarıb verir. İzləyici də yazını oxumadan başlığa görə başlayır sənətçini təhqir etməyə.
Televiziyalar şou-biznes nümayəndələrinə şərait yaratdılar ki, onlar bir-birlərini efirdə təhqir etsinlər. Bütün bunlar izləyicinin gözü önündə baş verdi və sənətçi ilə izləyici arasındakı pərdə götürüldü. Bundan sonra başladılar sosial şəbəkələrdə sənətçini təhqir etməyə, qadınların şəxsi həyatını gündəmə gətirməyə. Bilirsiniz, əvvəllər də sənətçi qadınlar arasında bu cür şeylər olub, amma bu ictimailəşməyib, müzakirəyə çıxarılmayıb. Sənətçilər özü aləmi bir-birinə qatdılar. Onlardan sonra gələn gənclər də baxdı ki, onlar qalmaqalla gündəmdə qalırlar, sabah toya çağrılırlar. Gənclər düşündü ki, mən sakit oturmuşam, abrımı qoruyuram, amma acından ölürəm, heç kəs toya çağırmır”.
N.Allahverdiyeva qeyd edib ki, məşhurların təhqirlərlə üzləşməsində günahkar elə onların özləridir:
“Mən illərdir bu sənətdəyəm, heç vaxt bizi belə hörmətdən salmamışdılar. Tamaşaçı da elə bilir ki, hamı belədir.
O vaxt bizə müəllimlərimiz deyirdi ki, eybi yox, qoy size izləməyə 2 tamaşaçı gəlsin, amma əsl sənət nümayiş etdirin. İndi isə pula görə hər şey edirlər. Deyirlər üzümə tüpür, amma mənə pul ver. Bütün mənəviyyat itib, hər şey zahiri parıltıdan ibarətdir. Sosial şəbəkələrə baxıram sənətçiləri söyürlər, təhqir edib olmazın sözlər deyirlər, sabah da baxırsan ki, həmin şəxsi toya çağırıb xeyli pul verirlər. Əlbəttə ki, sabah həmin müğənni çıxıb səni təhqir edəcək. Çünki onun əlində pul, arxasında adamı var, başlayır söyməyə. Ayıbdır, vallah! Onların yerinə utanıram. Mənə tez-tez deyirlər ki, niyə çəkilmirsən, niyə verilişlərə çıxmırsan? Niyə çəkilim? Nə səbəbə? Biz ömrümüzü sənətə həsr etdik, amma bu gün qalmışıq qıraqda.
Ayıbdır, tamaşaçılar artıq deyir ki, biz Azərbaycan telekanallarına baxmırıq. Tamaşaçı sizin əvəzinizə utanır. Bunu edən özləridir, heç kəs tamaşaçını qınamasın. Bu gün səni təhqir edirlərsə, günahkarı sənsən. Bəzən mənə də təhqir dolu şərhlər yazılır. Deməli, mən haradasa səhv buraxmışam ki, mənə elə bir şey yazırlar. Düşünürəm ki, əsl tamaşaçı elə sözlər yazmaz. Məni sənətdə sevməyən insanlar var ki, öz qohumları vasitəsilə o cür şərhlər yazırlar. Elə bir vəziyyətə gətirib çatdırıblar ki, tamaşaçı ilə sənətçidə ara açılıb. Bunların hamısını məhz siz sənətçilər etmisiniz”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız