Ümummilli Lider Heydər Əliyevin qurduğu Yeni Azərbaycan Partiyası (YAP) artıq 29 ildir, ölkədə hakimiyyətdədir. 1992-ci ildə qurulan YAP-ın ideoloji platforması olan “Yeni Azərbaycan” qəzeti isə 1993-cü ilin aprelindən fəaliyyət göstərməkdədir. Təbii, “Yeni Azərbaycan” qəzeti fəaliyyətinin ilk aylarında müstəqil və müxalifyönlü kursu ilə seçilsə də, Heydər Əliyevin hakimiyyətə qayıdışı və YAP-ın iqtidar partiyasına çevrilməsi ilə nəşrin statusu, o cümlədən, informasiya siyasəti dəyişdi.
Daha dəqiq desək, artıq hakim partiyanın ruporu olan qəzet təmsil etdiyi siyasi qüvvənin maraqlarını daha geniş miqyasda əks etdirməyə çalışdı. Bununla belə, etiraf edək ki, klassik partiya qəzeti qəlibindən çıxmayan “Yeni Azərbaycan” ölkənin geniş media spektrində heç vaxt öncül mövqe tutmayıb. Açığı, heç buna cəhd göstərməyib. O baxımdan, sözügedən qəzetin media rəqabətində haçansa iştirak etdiyini söyləmək imkan xaricindədir.
Buna görə də, “Yeni Azərbaycan” ictimai rəyə təsir göstərmədiyi bir aksiom kimi qəbul edilir. Yəni normalda media orqanı bağlı olduğu siyasi qüvvənin təbliğini təşkil etməli olduğu halda, “Yeni Azərbaycan” qəzeti YAP-ın, onun liderləri əvvəl mərhum Heydər Əliyev, indi isə Prezident İlham Əliyevin nüfuzu sayəsində öz mövcudluğunu davam etdirir. Amma 700 minlik partiyanın qəzetinin ölkənin media sahəsində öz fəaliyyətsizliyi üzündən bir küncə sıxılmış vəziyyətdə qalması həqiqətən də, nonses sayılmalıdır. pizza sifarişi
Qəzetin fəaliyyətdə olduğu bu 29 il ərzində qəzetin canlandırılması üçün atılan addımlar, aş redaktor kürsüsündə edilən dəyişikliklər də iqtidar qəzetini ətalətdən çıxarmaq gücündə olmadı. Əvəzində isə “Yeni Azərbaycan”ın baş redaktorları ard-arda millət vəkili statusu əldə etməklə, qəzetin imkanlarını özləri üçün “tramplin”ə çevirdilər. Yəni qəzet yerində saysa da, onun fəaliyyətinə məsul olan şəxslər irəli getməyə nail oldular.
Bir müddət əvvəl “Yeni Azərbaycan”da rəhbərlik yenə dəyişdirildi. Ancaq yenilənən nəsə varmı? Təsdiqedici cavab istisnadır. Təsəvvür edin ki, Azərbaycan mediasının ölkənin müstəqillik dönəmində yaşadığı inkişaf prosesinin sanki bu qəzetə heç bir təsiri olmayıb. Aydın məsələdir, hakimiyyət partiyasının qəzetində maddi-texniki problemlərin olduğunu düşünmək belə artıqdır.
Məlum olduğu qədər, başqa media orqanlarının üzləşdiyi iqtisadi çətinliklərlə “Yeni Azərbaycan” qəzeti heç vaxt qarşılaşmayıb. Görünür, yüksək səviyyəli təminatın uğurlu nəticə doğurması reallığı “Yeni Azərbaycan”a aid deyil. Belə olmasaydı, maddi problem görməyən bu qəzet hələ də fəaliyyətində ötən əsrin bulanıq sovet mətbuat prinsiplərinə söykənməz, oxucu kütləsinin ironik münasibətinin hədəfi olmazdı.
Yeri gəlmişkən, Azərbaycanda rəsmi qəzetlərin istiqaməti və mövzu seçimində üstünlük verdikləri prinsiplər hər kəsə məlumdur. Diqqətli oxucular hətta “Azərbaycan” kimi mühafizəkar bir qəzetdə nazirliklərin, müxtəlif dövlət qurumlarının, hər hansı neqativ halların sərt tənqid olunduğu, səs-küy doğuran materialların dərc edildiyini yaxşı xatırlayırlar.
Bəs “Yeni Azərbaycan”da ictimai əhəmiyyətli bu və digər problemin obyektiv surətdə işıqlandırıldığını görən-oxuyan olubmu? Təəssüf ki, yox! Çünki qəzetin səhifələri demək olar, “sosializm yarışı”nın tərənnüm edildiyi yazılarla doldurulur. Bununla oxucuların diqqətini cəlb etmək, bir az da irəli getsək, ictimai rəyə təsir göstərmək mümkün deyil.
Bir qəzetin fəaliyyətində yarım əsr əvvələ aid prinsiplər rəhbər tutulursa, nəticə belə də olmalıdır.
Təqvimdə isə 2022-ci ildir...
Telegram kanalımız