Yurçeviç özünü də, bizi də ruhdan salıb –   “AFFA-da dəyişiklik olmasa…”

saytların hazırlanması

Evə çatdırılma

Yurçeviç özünü də, bizi də ruhdan salıb – “AFFA-da dəyişiklik olmasa…”

İdman

09 Sentyabr 2019 14:50 1296


Xəbər verdiyimiz kimi, bu gün Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya ilə üz-üzə gələcək. Keçirilən 4 oyunda isə yığmamız 1 xal belə toplaya bilməyib. E qrupunda sonuncu pillədə qərarlaşan komandamızın baş məşqçisi Nikola Yurçeviçin dünənki açıqlaması isə ümidləri daha da öldürüb.

Belə ki, yeni gələndə uğurlardan, naliyyətlərdən danışan xorvatiyalı çalışdırıcının məğlubiyyətlərdən sonra məyus olduğu görünür. Uelslə oyundan əvvəl futbolçu qıtlığından əziyyət çəkdiklərini bildirən baş məşqçi bu dəfə daha pessimist danışıb. O bildirib ki, çox güman qrupun autsayderi biz olacağıq. 

Bəs görəsən, bu vəziyyətdə azarkeşlərimiz Azərbaycan millisindən nə gözləyir, onlar oyunu hansı ruhda izləyəcəklər? “Yeni Sabah” bununla bağlı azarkeşlər arasında sorğu keçirib və millimizin oyunundan onların nə gözlədiyini öyrənib: pizza

Sevinc Məmmədova (“Qarabağ” azarkeşi) – “Millidən xüsusi heç nə gözləmirəm. Məncə, sürpriz filan olmayacaq. Ümumiyyətlə, Qurban Qurbanovun istefaya göndərilməsindən sonra anladım ki, AFFA-ya milli, futbol, nəticə, heç nə maraqlı deyil. Onlar ancaq özünü düşünür. Qurbanovun nəyə qadir olduğunu hamı bilir: son 6 ildə 6 dəfə çempion olub, 6 dəfə avrokuboklarda qrupa düşüb. Bu məşqçiyə şans verməyib. istefaya göndərib, yerinə Yurçeviç kimi heç bir uğuru olmayan birini gətirəndə mənim üçün milli bitdi. O gündən mənim üçün milli də “Qarabağ”dır, klub da. Nə vaxta qədər AFFA-da dəyişiklik olmasa, o vaxta qədər də milli məni maraqlandırmayacaq. Bu gün də komandamızdan heç nə gözləmirəm. Məncə, rahat 4-5 top buraxacaqlar. Qrupda sonuncu olmaq üçün əcnəbi məşqçi gətirməyə ehtiyac yoxdur ki. Məni də təyin etsələr, komandanı sonuncu edə bilərdim. Məncə, Yurçeviçin açıqlaması gecikmiş müsahibədir. Millimizin potensialı və onun bu vaxta qədərki karyerasına baxanda hamımız sonuncu olacağımızı bilirdik”.

Cavad Şərifli (“Qəbələ” azarkeşi) – “Millidə milli ruh lazımdır. O ruhla o sevgiylə meydana çıxsalar, bəlkə də, xal ala bilərik. Çünki bir dəfə Xorvatiyadan xal almışıq. Yurçeviçin dediyi cümlə peşəkar baş məşqçiyə yaraşmayan cümlədir. Əgər, qrupu sonuncu yerdə bitirəcəyiksə, sən nəyə lazımsan? Nə iş görürsən? O vaxt “Qəbələ” dönəmində Roman Qriqorçuk hər müsahibəsində deyirdi ki, bizə 5:0-lıq qələbə lazımdır. İnam olmalıdır. Amma belə başa düşürəm ki, Yrçeviç oyuna çıxmamışdan öncə artıq məğlub olub”. 

Şamil Mustafayev (“Milli Dəstə” azad azarkeş qrupunun yaradıcılarından) – “Bəli, adəti üzrə biz səfər matçlarında iştirak edirik. Yalnız vaxtaşırı tətil vaxtı Azərbaycandakı oyunlara da gələ bilirik. Xorvatiya ilə oyunda gözləntilərimiz hər zamankı kimi yaxşı oyundur. Qrupda olan bütün rəqiblərin gücləri bəllidir. Faktiki olaraq hamısı bizdən güclü millilərdir. Buna görə də nəticə tələb etmək çox çətindir. Amma tələb etdiyimiz 90 dəqiqə ürəklə oynamaq və imkan düşərsə, xal qoparmaqdır. Yurçeviçin dediyinə gəldikdə isə, haqlı olsa da, bunu bu tərzdə deməməlidir. Oyunçular bundan sonra hansı motivasiya ilə oynayacaq axı? Yenə deyirəm hamımız bilirik ki, çox çətin qrupa düşmüşük, amma sona qədər döyüşməyi kim qadağan edib ki, milliyə? Uelslə oynadığımız kimi bütün matçları oynayasaydıq, əminəm xallar da toplayardıq.

Sevda Şərbətli (“Qarabağ” azarkeşi) – “Millinin indiki durumundan, açığı, heç nə gözləmirəm, bəlkə, bir ümid işığı olsa, maksimum heç-heçə. Onun da ehtimalı çox aşağıdır. Oyuna da getməyəcəm. Yurçeviç belə baxanda sözün düzünü deyir, amma indiki an üçün yaxşı bir şey deyil. Futbolçuların olan qalan motivasiyası da düşür.

Orxan Barini (“Neftçi” azarkeşi, “Milli Dəstə”nin yaradıcılarından) – “Milli son matçda döyüşkən oyun göstərdiklərinə inanıb. Mənə elə gəlir ki, bu maçta da Uelslə oynanan oyunun eynisini görəcəyik. Yurçeviçin bu açıqlamasını isə bir azarkeş olaraq heç cür qəbul edə bilmərəm. Komandanı belə motivasiya etmirlər. Ən azından futbolçularını dəstəkləməli, onların inancına inanc qatmalı idi. Belə bir açıqlama professional birinə yaraşmadı. Uğurlu olmaq istəyirsənsə, öncə müsbət motivasiyaya köklənməlisən. Ən azından futbolçulara güvən vermək üçün”.

Sevinc Novruzova (“Qəbələ” azarkeşi) – “Oyuna gedəcəyəm. Açığı, nəticə haqqında nəsə demək o qədər də asan deyil. Amma nəzərə alsaq ki, səfərdə xorvatlara qarşı mübariz oyun sərgiləmişik və baş məşqçimizin də xorvat olması, hardasa bizə ümid verir. Yurçeviç xorvat futboluna bələd olduğundan, bu oyun barədə nikbin danışmaq olar. Mənə elə gəlir ki, biz bu matçda müdafiədən oynasaq, nəticə əldə edə bilərik. Rəşad Sadıqovun gedişindən sonra müdafiədə açıq-aşkar boşluqlar hiss olunurdu. Ancaq Uelslə matçda Bəhlul Mustafazadə əla performans göstərdi. “Qəbələ Futbol Akademiya”sının yetirməsi elə ilk oyunda özünü sübut etməyə, perspektivinin olduğunu nümayiş etdirməyə çalışdı. Bu gün "Qəbələ"nin futbol akademiyasında Bəhlul kimi çox gənc və bacarıqlı futbolçular yetişir. Ümumiyyətlə, bir "Qəbələ" azarkeşi olaraq akademiyamızın yetirmələrinin həm əsas, həm də müxtəlif yaş qruplarından olan yığma komandalarında çıxışı məni çox qürurlandırır. Xorvatiya ilə oyuna gəlincə, millimizə uğurlar arzu edirəm. Ümid edirəm ki, bu matçda qrupda ilk xalımızı qazanmağa nail olarıq.

Balamirzə Cavadov (“Qarabağ” azarkeşi) – “Millinin oyunları artıq elə vüsət alıb ki, məğlubiyyətdən başqa heç nə görmürəm. Amma düşünürəm ki, AFFA, bəlkə, oyuna “barmaq edə”. Bu açıqlamanı verən məşqçini saxlamaq heç düzgün deyil. Əslində Qurbanov güclü bir milli yığacaqdı. Amma hər şeydən öncə futbolun inkişafın istəyiriksə, AFFA rəhbərliyi getməlidir. Oyuna getmək istərdim. Əvvəlcə, qripəm, ikincisi qeyd etdiyim şəxslər getməyənə qədər və ya futbola düzgün münasibət göstərməyənə qədər milli oyunlarına getməyəcəm”.

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!