“10 dollarlıq mala görə gömrükdə 125 manat ödəniş aldılar”

“10 dollarlıq mala görə gömrükdə 125 manat ödəniş aldılar”

Xalqın səsi Veb saytların hazırlanması

10 Fevral 2019 22:35 1303


“Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlığından birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi “Biznes islahatları” mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

"Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi", - sədr əlavə edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.

Onun sözlərinə görə, bağlama poçt göndərişi ilə şirkətin adına gəlib, amma şəxsin öz istifadəsi üçün olsaydı, ünvana göndərilərdi: "İkincisi hər hansı ödənişlər varsa, deməli, siz bağlamanı 3 - 4 gün saxlamısınız, ona görə terminal ödənişləri etmisiniz. Bilirsiniz ki, biz karqo terminalında xidmət göstəririk. Müvafiq proseslərin gömrük xidmətinə aidiyyatı yoxdur. Gömrük orqanı ilə sizin əməliyyatlarınız təxminən 30-40 dəqiqə çəkə bilərdi. Amma bu məsələni araşdıracam. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə vətəndaşın nə vaxt yaxınlaşdığı, sənədləri nə zaman təqdim etdiyi və başqa əməliyyatlar qeydə alınır".

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!