28 may 1918-ci ildə Məmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən qurulan Azərbaycan Xalq Cümhuriyyətində 1 ay sonra 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi, general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Qeyd edək ki, Azərbaycan ordusunu Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallar idarə ediblər. AXC süqut etdikdən sonra isə bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1993-cü ilin sonlarından isə artıq komplektləşdirilmiş ordunun yaradılmasına start verildi. pizza mizza
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Vətən müharibəsindən sonra isə ordunun yenidən qurulması işinə start verilmiş və bu sahədə qabaqlayıcı tədbirlər atılmışdır. Müharibədən sonra ordu birlikləri ən müasir silahlarla silahlandırılmış və daim hərbi təlimlər keçirilərək müasir döyüş təcrübələrinə yiyələnilmişdir.
Yenisabah.az-la fikirlərini bölüşən hərbi ekspert Emin Həsənli söyləyib ki, Vətən müharibəsi Azərbaycan tarixində çox əlamətdar hadisələrdən biridir və bunun şanlı hərb tariximizdə müstəsna rolu mövcuddur:
“Vətən Müharibəsində Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlığı hər kəsə məlumdur. Hazırda ABŞ-ın və Böyük Britaniyanın hərbi akademiyalarında İkinci Qarabağ müharibəsinin aparılma şəraiti öyrənilir. Ukrayna daxil bir çox dövlətlər də Azərbaycan ordusunun təcrübəsindən bəhrələnir və yararlanırlar. Bu, həm müasir müharibənin aparılması, PUA-ların və müasir texnologiyaların istifadə etmək, həm də ki, klassik müharibəni aparmaq baxımından çox önəmli idi”.
Müsahibimiz xatırladıb ki, müharibə zamanı Şuşa şəhəri yüngül silahlarla düşməndən azad edildi:
“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa qalası dağılmasın deyə, Azərbaycan əsgərləri yüngül silahlarla həmin sıldırım qayalara dırmaşaraq, torpaqları azad etdi. Bunun əhəmiyyəti həddindən artıq böyükdür.
Prezident-xalq-ordu birliyi baxımından güclü ordunun olması, habelə Azərbaycan xalqının səfərbər olaraq orduya dəstək verməsi, o cümlədən yüzminlərlə Azərbaycan gəncinin döyüşlərə getmək istəməsi, könüllü döyüşlərə yazılması və xalqın bir bayraq, eləcə də ölkə Prezidenti ətrafında birləşməsi, qardaş Türkiyənin öz dəstəyini ifadə etməsi çox önəmli faktorlar idi”.
“Biz 2020-ci ilin sentyabrına qədər bütün bayramlarımızı qeyd edəndə deyirdik ki, bizə bir bayram yaraşır, o da qələbə bayramıdır və bu bayramı biz əldə etməliyik. 44 günlük müharibədən sonra isə Azərbaycan ordusu, əsgərlərimiz və zabitlərimiz Ali Baş Komandan İlham Əliyevlə birlikdə bunu bizə bəxş etdi.

Artıq biz bu gün Silahlı Qüvvələr Gününü qeyd edəndə qəhrəman ordumuzu təbrik edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə uzun ömür, can sağlığı versin.
Silahlı Qüvvələr Günü ümumxalq bayramıdır, ordu Azərbaycan xalqının qürur mənbəyidir. Hər birimiz bu qalib ordu ilə birlikdə qürur duyuruq, o günləri xatırlayırıq.
Azərbaycan daim müstəqil yaşayacaq. Şanlı tariximizdə silahlı qüvvələrimiz və Vətən müharibəsi isə önəmli yerlərdən birini tutur və tutacaq da. Azərbaycan gəncliyinin qəhrəmanlıqları uzun illər xatırlanacaq”, – fikirlərini bölüşüb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız