11 ay araq içib 1 ay oruc tutmaq olar?

11 ay araq içib 1 ay oruc tutmaq olar?

Yazar

01 Aprel 2022 11:38 4920


Hər dəfə Müqəddəs Ramazan ayı başlayanda köhnə söhbətlər yenidən təzələnir: “Filankəs 11 ay araq içir. Guya 1 ay oruc tutanda dünya düzələcək?”

Hətta bir qədər irəli gedənlər də olur: “Onun orucu onsuz da qəbul olunmayacaq!”

Və heç kim də soruşmur ki, sən hardan bilirsən? Allahın vəkilisən?

Biz qulp qoymağı sevən adamlarıq. Ən yaxşı əməldə belə bir “pis” tərəf tapıb onu gözdən salmağı bacarırıq. 

Şəxsən mən müqəddəs Həcc ziyarətinə gedən adamların daş-qalaq edildiyinin dəfələrlə şahidi olmuşam. “Arqument” isə həmişə var: “Niyə o pulu verib beş adamın qarnını doyurmursan?”

Və yenə heç kimin ağlına gəlmir ki, bu sualı dərisinin beş qəpiklik qiyməti olmayan müğənniyə beş milyonluq villa alan məmura, yaxud qeyri-sağlam rəqabət mühitində tenderləri qapazalayan iş adamına versin...

Yaşadığımız hər gün, hər ay dəyərlidir. Amma Ramazan ayının həyatımızda ayrıca yeri var. Buna görə də Ramazan ayına “Ayların Sultanı” deyirlər.

Sabahdan Ramazan ayı başlayır. Biz dünyəvi dövlətdə yaşayırıq. Hər kəs öz inancında sərbəstdir. Hər kəsin inandığı kimi yaşamaq hüququ var. Lətifəsi insanlardan uzaq, Anadoluda məşhur bir atalar sözü var: “Hər qoyunu öz ayağından asırlar”.

İnsan günahı da, savabı da özü üçün qazanır. 

Söhbəti çox uzatmağın mənası yoxdur. Sözümün canı var, tutaq ki, kimsə 11 ay araq içib 1 ay oruc tutur. Bunun bizə nə dəxli var? Həmin adam ilin 12 ayı, hətta hər gün araq içsə, bundan nə qazanacağıq? Ən azı ildə bir ay spirtli içkilərdən uzaq qalıb günahlarının bağışlanması üçün dua edirsə, bunun bizə nə ziyanı var?

Mən Ramazan ayında mənəvi kamilliyə yüksəlib pis əməllərə ömürlük tövbə edən adamlar tanıyıram. Hər kəsə öz səhvini düzəltmək üçün şans vermək lazımdır. 

Yıxılana kötək vuranlardan yox, əppək verənlərdən olaq...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!