“Koronavirus bir bəladır və bütün dünya bu bəlanın acısını yaşayır. Bəlkə də, bu virus dünya hegemonluğunun qarşılığında insan övladına bəla olaraq göndərilib. İndi bütün bəşəriyyət koronavirusa yoluxub. Məzlum insanları öldürmək əmri verən böyük dövlətlər başını itirib. Dünya 12-ci imamın gəlişinə doğru gedir”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Tövbə Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül ölümündən bir neçə gün əvvəl səsləndirmişdi.
O, dünən gecə saatlarında dünyasını dəyişib. 80 yaşlı axundun ölümünə səbəb ürək tutması olub. pizza sifarişi
Hacı Əbdül cəmiyyətdə maraqlı açıqlamaları ilə yadda qalıb. Məsələn, qadınlar arasında tövbəni pozanların olub-olmadıqları və buna görə cəza tətbiq edilib-edilmədiyi barədə suala cavab verən zaman demişdi: “İndiyə kimi heç bir qadına şallaq vurmamışam. Ona görə yox ki, onlar şallağa layiq deyillər, yaxud da cəzalanmamalıdırlar. Qadınların tövbə etdiyini görmüşəm, amma tövbəni pozduqlarının şahidi olmamışam”.
Keçmiş nazir Əli İnsanov azadlığa buraxılmasına isə özünəməxsus reaksiya vermişdi: “Mən Əli İnsanovun gəlib tövbə eləməsini gözləyirəm. Çünki insanı həyat düzəldir. Görünür, o, bu həyatdan dərs almayıb. Sağlıq olsun, başa düşər”.
“Tövbə” Cəmiyyətinin sədri həm də 77 yaşında ata olması və yeni doğulan oğluna öz adını qoyması ilə yadda qalıb.
“Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”, - deyə bu barədə bildirmişdi.
Həmçinin əlavə etmişdi ki, ahıl yaşda ata olmağın ziyanı yoxdur və özündən də yaşlılara bununla bağlı tövsiyə vermişdi: “Məndən də yaşlılara məsləhət görürəm. Çünki ömrü Allah verib. Heç kəs bilmir ki, nə qədər yaşayacaq”.
Bu məsələ ilə bağlı onun daha bir maraqlı açıqlaması böyük övladı ilə kiçiyinin arasındakı yaş fərqi barədə olmuşdu: “Ən böyük övladımın 50 yaşı var. Balacadan 50 yaş böyükdür”.
İctimai-siyasi fəaliyyətlə məşğul olan Hacı Əbdül müsahiblərinin birində şeir yazdığını açıqlamışdı.
“Baxıram, gözlərimdən duman keçir, çən keçir,
Elə bil ki, Araz da gəlib sinəmdən keçir”.
Bu beyt onun “Sərhəddə” şeirəndədir. O, həmçinin uşaqlar üçün də şeir yazıb. “Kukla” adlı şeiri buna misal ola bilər:
Ay mənim, gözəl kuklam,
Dur yanıma gəl, kuklam.
Yavaş-yavaş ayaq aç,
Özün yeri, özün qaç.
Bax, bu fildir, bu dəvə,
Apar onları evə.
Vannaya sal, çimizdir,
Görən desin təmizdir.
Telegram kanalımız