15 ilin günahı: Biz necə qəddar idik…

saytların hazırlanması

Evə çatdırılma

15 ilin günahı: Biz necə qəddar idik…

Yazar

21 Mart 2021 15:16 2247


Çox yazıb-pozdum, deyəsən, mütaliəm günəşin parlaq şəfəqlərini simasında əks etdirənləri təsvir edəcək qədər geniş deyil. 

Amma bir yerdən başlamalıyam. Axı illərin günah yükünü ancaq qələmim çiyinlərimdən götürə bilər. 

Onunla ilk tanışlığım təxminən 2004-2005-ci illərə təsadüf edir. Hər gün məktəbin girişində üzümə zillənmiş bir cüt parlayan göz həmin vaxt olmasa da, indi məni xeyli düşündürür. Görəsən, səhər saat 8:30-da niyə yatmırdı? Nə idi onu onlarla insanın üzünə gülümsəməyə vadar edən? Bəlkə sevgi, qayğı, nəvaziş, mərhəmət, yaxud sadəcə kiçik bir təbəssüm axtarırdı? Bəlkə çoxluğun arasında özünə yer tapa bilmədiyi halda yaşamağa səbəb tapmağa çalışırdı? Gözlərinin parıltısı təsəvvürümdə hər canlananda ürək döyüntülərimi daha dərindən hiss edirəm. Bəli,  "Mən onun bir şəklinə belə sahib deyiləm, amma yaddaşımın ana lentindən üz cizgiləri hələ də mənə gülümsəyir".  Bəs mən  niyə ona bir dəfə belə gülmədim, təbəssüm etmədim? Nə idi məni ondan uzaq durmağa, qorxmağa vadar edən? Axı o, sadəcə səssiz dayanırdı, hətta o qədər səssiz idi ki, gülüşünün də ahəngi eşidilmirdi. Sanki ətrafdakıların ona cəllad kimi yanaşdıqlarını hiss edib daxilində, "Mən müqəssir deyiləm, çarmıxa çəkəcəkmiş kimi zilləməyin gözlərinizi üzərimə", - deyirdi. Məktəbin yanındakı bulaqdan nə vaxt su içməyə gedirdiksə, əlində iki qab evlərinə su apardığını görürdük. Tez bir yerə toplaşıb yanımızdan keçməyini gözləyirdik. İlahi, biz necə qəddar idik, axı o bizə sadəcə sevgisini göstərirdi.  Dominos pizza

Özümü dərk etdiyim gündən bəri müəllimimi, dostlarımı, onun ətrafında olub ona yad planetliymiş kimi davranan hər kəsi günahlandırıram. Eqoistliyimiz 15 ildən çoxdur ki, bir insanı sevgisizliyə məhkum edib. Yəni onun yumru üzü, gülən gözü, bəstə boyu, bircə söz belə tələffüz etməyən dili bizə o haqqı verirdi ki, biz onu varlığından məhrum etməyə cəhd edək? Qulağımda atamın, "O da bizim kimi insandır, heç kimə də zərəri dəymir, yanından keçəndə qorxmağına ehtiyac yoxdur", - səsi tuğyan edir. Bağışlayın, cənab, illərdir bədənimə hakim kəsilən güvənsizlik duyğusunun nə vaxtsa sizə qarşı da yönəlmiş olduğunu hələ indi görə bilirəm. Düzü, bu gün Əlinin harada, necə həyat sürdüyündən xəbərim yoxdur. Gözlərindəki qar dənəsi kimi ağappaq olan işığın kimlərə yönəldiyini, ümumiyyətlə, sönüb-sönmədiyini bilmirəm. Daun sindromu onunla mənim arama elə bir körpü hörmüşdü ki, mən üzməyi hələ yeni-yeni öyrənirəm. Bəlkə çox yox, bircə dəfə üzünə gülsəydim, daxilində artacaq xoşbəxtlik hormonu məni onun hafizəsinə həkk edərdi, bəlkə mən də Əli üçün fərqli biri ola bilərdim. Amma yox, elə mən də hamı kimi fərqli olanı təcrid etməyə meyil edən, xislətində mühafizəkarlığın toxumları olan Adəm övladıyam. Bu gün Əlinin təsəvvürümdə canlanmağı mənə müəyyən qədər yaxşı biri olmaq üçün stimul verir. 

Bəli, bəzi insanlar susaraq da müəllim ola bilirlər. Ümumiyyətlə, özüm kommunikasiya baxımından problem yaşamasam da, çox danışan müəllimlərdən həmişə zəhləm gedib. Yəqin ki, mənim mərhəmət müəllimimin həyat yolumun mərkəzindən keçən dili sussa da, gözləri danışan "yad planetli"lərdir. 

İndi müəllimləri fərqli olan sizlərə üzümü tutub deyirəm ki, gəlin, çox da gec olmadan nifrət hissinin nə olduğunu bilməyən, safıqları ilə insanlığa su olmağı öyrədən Əliləri tənhalığa düçar etmək yerinə, pərvanədəki eşqi qəlbimizə təlqin edək. 

Parlamaq üçün işığı göz bəbəklərində gizlədən mələklər, gününüz mübarək!

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!