Uşaqların sağlam gələcəyi düzgün qidalanmadan keçir.
“Yeni Sabah” xəbər verir ki, mütəxəssislər uşaqların sağlam böyüməsi və inkişafı üçün düzgün qidalanmanın mühüm əhəmiyyət daşıdığını bildirirlər.
Qeyd olunur ki, xüsusilə 2–5 yaş dövrü uşağın körpəlikdən uşaqlığa keçid mərhələsi olmaqla yanaşı, qidalanma vərdişlərinin formalaşdığı ən vacib dövrlərdən biridir. Bu yaşlarda uşaqlar yeni dadlarla tanış olur, müxtəlif qidaları sınaqdan keçirir və tədricən müstəqil seçim etmə bacarığı qazanırlar. pizza hut
Mütəxəssislərin sözlərinə görə, məhz bu mərhələdə formalaşan qidalanma davranışları gələcək illərdə də davam edərək uşağın fiziki inkişafına, zehni fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərir.
Bildirilir ki, məktəbəqədər yaş dövründə uşaqlara sağlam qidalanma prinsiplərinin aşılanması onların gündəlik qida ehtiyaclarının qarşılanması ilə yanaşı, gələcəkdə yarana biləcək bir sıra sağlamlıq problemlərinin qarşısının alınmasında da mühüm rol oynayır. Düzgün qidalanma anemiya, eləcə də 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin riskini azaltmağa kömək edir.
Mütəxəssislər uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayırlar. Müxtəlif və balanslaşdırılmış qida rasionunun təmin olunması, meyvə və tərəvəzlərin gündəlik qidalanmada yer alması, şəkər, duz və yüksək kalorili məhsulların istehlakının məhdudlaşdırılması uşaqların sağlam inkişafına müsbət təsir göstərən əsas amillər sırasında göstərilir.
Qeyd edilir ki, uşaqlıq dövründə formalaşan düzgün qidalanma vərdişləri gələcək həyatın sağlam təməlini yaradır və sağlam gələcəyin əsas şərtlərindən biri hesab olunur. Sağlam gələcək isə məhz sağlam vərdişlərlə başlayır.
Aytac Əliyeva
Telegram kanalımız