Bir çox ekspertlər 2023-2025-ci illərin Azərbaycan üçün riskli və çətin bir dönəm olacağını deyirlər. Bunu dünyada gedən siyasi-iqtisadi proseslərlə əlaqələndirənlər də az deyil. Həmçinin Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi və ABŞ-ın da buna səssiz qalmayacağı, eyni ssenarini Kremlə qarşı təkrarlayacağı da səsləndirilən fikirlər arasında yer alır. Bütün bunların fonunda isə dünyada bir xaos yaşanacağı və bunun Azərbaycana da sıçrayacağı haqda müxtəlif proqnozlar verilir. Bəs görəsən bu proqnozlar nə dərəcədə doğrudur? Ümumiyyətlə Azərbaycanı qarşıda hansısa çətin sınaqlar gözləyirmi?
Yenisabah.az xəbər verir ki, politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanı qarşıda müəyyən sınaqlar gözləyir: “Bu, xüsusilə Qarabağın bərpası və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olan məsələlərdir. Amma Azərbaycan iqtisadi cəhətdən çökməyəcək. Çünki ölkənin ağır sənayesi elə də güclü inkişaf etməyib. Aqrar sənaye isə indi inkişaf etməyə başlayır. Bu cür proqnozlar resursları olmayan dövlətlərə aiddir. Bütün dünyada mütləq və nisbi üstünlüklər nəzəriyyəsi mövcuddur. Azərbaycan mütləq üstünlüklər nəzəriyyəsinə daxil olan dövlətlərdən biridir. Yəni ölkəmizin yeraltı və yerüstü sərvətləri, o cümlədən əmək resursları var. İqtisadi cəhətdən götürdüyümüz istiqamət də müasir standartlara cavab verir. Dünyada sınaqlarla üz-üzə qalacaq dövlətlərdən biri isə Rusiyadır. Çünki orada islahatlar yavaş-yavaş həyata keçirilir. Sürətli islahatlar yolunu isə Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya və bu kimi ölkələr keçib. Həmçinin klassik kapitalizm yolunu seçən ölkələrin çökmə ehtimalı çox aşağıdır. Yeganə çətinliklə üzləşə biləcək ölkələr Sovet lagerindən çıxan bəzi respublikalar ola bilər. Məsələn Şimali Koreya, Kuba, Belarus, Rusiya, Moldova, Tacikistan və sair dövlətləri bura aid etmək mümkündür. Sadalanan ölkələrdə çox böyük geriləmələr baş verəcək. Çünki bu dövlətlərdə modernləşmə yoxdur”.
Politoloqun sözlərinə görə, Azərbaycan dünyanın aparıcı iqtisadi dövləti deyil: “Həmçinin aqrar-industral dövlət də deyilik. Hələ buna doğru addımlayırıq. İkincisi Azərbaycanın resursları mövcuddur və qiymət nə qədər düşsə də valyuta ehtiyyatlarımız var. Mərkəzi Bankda 7 milyard, Neft Fondunda isə 50 milyard dollara yaxın valyutamız mövcuddur. Bir dövlət kimi 3 il öz əhalimizi saxlamaq qabiliyyətindəyik. Yəni 2023-2024-cü illərdə Azərbaycan üçün siyasi-iqtisadi təhlükə gözlənilmir. Dünyada baş verən proseslərə gəldikdə isə Azərbaycan sürətli inteqrasiya yolunu seçib. Ölkəmiz həm regionda, həm də Qərbdə öz nüfuzu ilə seçilən dövlətlərdən biridir. Azərbaycan öz qazını ən azı Türkiyə və Gürcüstana satmaqla iqtisadiyyatını kompensasiya edə bilər. Ona görə də dünyadakı iqtisadi geriləmələr Azərbaycana təsir göstərməyəcək”. pizza
Nüvə məsələsinə gəlincə Cümşüd Nuriyev bunları deyib: “Rusiya xırda başlıqlı nüvə silahından istifadə edə bilər. Onların dağıdıcı qabiliyyəti isə çox aşağıdır. Bu silahın fəsadlarının Qafqaz dağlarını keçməsi isə sıfıra bərabərdir. Böyük başlıqlı nüvə silahından isə nə ABŞ, nə də Rusiya istifadə edəcək. Çünki bu, hər iki dövlətin faciəsi ola bilər. Ukraynaya qarşı nüvə silahından istifadə isə bütün Avropanın Rusiyanın üzərinə qalxması və Kremlin məhv edilməsi deməkdir. Putinin belə ağılsız addım atacağı real görünmür”./Konkret.az
Telegram kanalımız