“50 yaşdan o yana keçsəm, intihar edəcəm” -  Orxan Bahadırsoy

“50 yaşdan o yana keçsəm, intihar edəcəm” - Orxan Bahadırsoy

Yazar Veb saytların hazırlanması

05 İyul 2019 14:52 2988


Şair, dramaturq və aktyor Orxan Bahadırsoyun “Yeni Sabah”a müsahibəsi:

- Mümkünsə, özünüz haqda qısa məlumat verin...  

- Mən Orxan Bahadırsoy 1993-cü il avqust ayının 4-də Lerik rayonun Hamarmeşə kəndində anadan olmuşam. 2011-ci ildə orta məktəbi bitirib, o vaxtkı Dövlət Neft Akademyasına (indiki Neft və Sənaye universitetinə) tibbi texnologiya ixtisasına qəbul olmuşam. Buradakı təhsilimə 1 il tab gətirə bilmişəm, sonra imtina edib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin kino və dram aktyorluğu ixtisasına qəbul olmuşam. 14-15 yaşlarımdan şeir, hekayə, müxtəlif ssenarilər yazmağa başlamışam. 4 kitabım çap olunub, bir neçə pyeslərim səhnələşdirilib. 

- Təhsilinizi yarıda qoyduğunuzu dediniz. Buna nəbəb nə oldu?

- Yeniyetmə yaşlarından xalq, özəl, peşəkar - bütün teatrlara gedirdim. Bəzən müxtəlif rollar da alırdım, uşaq rollarını ifa edirdim, məktəbin ictimai işlərində, tədbirlərdə fəaliyyətim çox olurdu- inşa müsabiqələri, tədbirlərin təşkili, quruluşu, qiraət müsabiqələri bunların hər birində başda idim. 14-15 yaşlarından özümü teatrdan, incəsənətdən, ədəbiyyatdan kənar bir yerdə görmürdüm. Lakin fiziki, kimyəvi, riyazi biliklərim çox yaxşı olduğu üçün müəllimlərim də, valideyinlərim də məni dəqiq elmlər üzrə ixtisaslaşmağa həm həvəsləndirir, həm də vadar edirdilər. Mən də yeniyetməliyimə, o dövrün acizliyinə, gücsüzlüyünə, yenik düşüb bunu qəbul etmişdim və 1-ci qrupa imtahan verib ixtisaslaşmışdım. Amma sonradan teatrsız alınmadığını, ədəbiyyatsız nəfəs ala bilmədiyimi, səhnəsiz darıxdığımı – hər şeyin öz qayəsini itirdiyini gördüm və imtina elədim.

- Şeirlərinizdə təsvir etdiyiniz “o” qadın kimdir?

- Mən şeirlərimdə əsla cins bildirməmişəm. Çox nadir istisnalarla. Onların da mövzusu bildirməyi tələb edib. Yoxsa mənim şeirlərimin 98-99%-ni istənilən cinsə, bütün növ sevgilərə aid edə bilərsiniz - qadınla kişi arasında olan sevgi, qadının qadına, kişinin kişiyə olan sevgisinə.

- Digər yazarlardan, şairlərdən fərqli olaraq sizi ədəbi mühitin kənarında görürük. Niyə?

- Ədəbiyyat kollektiv sənət deyil, mən ədəbi mühit sözünü qəbul etmirəm. Teatr, kino kollektiv sənətdir, amma bəstəkarlıq, rəssamlıq, yazıçılıq fərdi fəaliyyətdir. Bunu mühitə salanda, qruplaşdıranda, çirkin nüanslar ortaya çıxır. Həmin ədəbiyyat admaları da bir-birini təqlid etməyə başlayırlar. Yazdıqları da özlərinin mühitindən, çərçivəsindən kənara çıxa bilmir. Mən bu barədə çox sərt danışmaq istəmirəm, çünki Azərbaycanda o dediyiniz ədəbi mühit var, onların qruplaşmaları var. Orada yer alan yazıçılar, şairlər sözlərimdən inciyərlər. Bu barədə çox sərt fikirlərim var, lakin dilə gətirmirəm. Mən əlbəttə, heç bir ədəbi mühitin nümayəndəsi deyiləm.  Bundan sonra da əsla olmaram. Ümumiyyətlə, sıradan olmağı, başqaları ilə birgə qoyulmağı sevmirəm. Çağırıldığım yerdə məndən başqa qonaq varsa, getmirəm. İstər eqoizm, istər özünü bəyənmişlik olsun, adına nə deyirlər, desinlər, bu məni o qədər də maraqlandırmır. Mən öz  sənətimə o qədər  hörmət edirəm, itaət edirəm ki, onu heç kim və heç nə ilə bərabər tuta bilmərəm. Ona görə, heç kimlə və heç yerdə bərabər deyiləm.

- Orxan Bahadırsoy hansısa şeirini yazarkən ağlayıbmı?

- Hansısa şeirini yox, şeirlərinin 90%-ni ağlayaraq yazıb. İnsanların duyğularına hesablanmış emosianal kələkbazlıqlardan uzağam. Bu barədə yanlış anlaşılmayım. Buna görə bu qısa açıqlamanı verdim. Mən bir şeiri yazanda nəinki ağlamaq, oynayıram. Oradakı obrazı aktyor  kimi canlandırıram, onun bütün hislərini əvvəlcə, yaşayıram. Bəlkə, saatlarla onun üzərində düşünürəm. O insan olmaq üçün mimikalarım, səs tonumla o şeirdəki adama çevirilirəm.  Bir aktyor kimi mən kiməm? Hardayam? suallarını cavablandırıram, onun xarakterini hazırlayıram və ondan sonra onun dilindən o sözləri, ifadələri misralara çevirirəm. Həmin obrazın ağrılı-acılı bir hekayəsi varsa, məni mütləq ağladır. Pyeslərimdə bunu daha çox yaşayıram. Hər obrazda ayrı xarakterə, ruha düşürəm. Çünki bəzi obrazlar mənfi, müsbət, kövrək, əzazildir və mən hər birinin nitqini yazanda o adama çevirilirəm. Hətta bir səhnəni otağımda nəyinsə üstünə çıxıb canladırdığım da olub. Filan sözü mən desəm, filankəs mənə necə cavab verər? Təzədən o adam kimi cavab verib, o dialoqu qurub, sonra yazıram. Bir əsər yazanda tək başına bir evin içində saç yolmaq da, üz-göz cırmaq da, soyunmaq da, rəqs eləmək  də - ağıla gələcək  hər şey olur.

- Yarımçıq saxladığınız əsərlər var?

- Bəli, var. “Pikassonun boyaları” əsərini tamamlamamışam. “Yalançı akasiya”nı hazırda yazıram.  2011-ci ildə başladığım əsər vardı, hələ bitirə bilməmişəm.

- Əsərlərinizdəki hansı obrazı ruhunuza daha yaxın hiss edirsiniz və oynamaq istərdiniz?

- Yazdığım əsərlərdən “Kimsəsizlər sığınacağı”ndakı yazıçı obrazı. Çox istərdim, hardasa səhnələşdirilə, özüm canlandırım. Ümumiyyətlə, özüm səhnələşdirmək istərdim. Amma hələki elə bir şəraitim yoxdur. Əsərlərimdəki obrazların hamısı mənim ruhuma  yaxın obrazlardır, canlandıra bilərəm. Maddi nemətlərdən imtina etmiş, ətrafındakı hadisələrə etiraz etmiş, amma bu etirazdan da yorulmuş, faydasının olduğunu görməmiş, təkliyə qapılmış bir obraz canlandırmaq istəyirəm. Ola bilər, bir şair, filosof olsun və ya istedadı, savadı olmayan, amma bu axmaq axının fərqinə varan, bu gedişatın çox mənasız olduğunu hiss edən, qəflətdən ayılan bir obraz olsun.

- Danışığınızdan elə başa düşürəm ki, Azərbaycan reallıqlarından narazısınız...

- Əlbəttə, narazıyam. Təkcə Azərbaycandan yox, bütün dünyadan narazıyam.Təbii, mənim narazı olmağım nəyi dəyişir  ki? Amma siz mənə sual verdiniz bir fərd olaraq. Çünki bu narazılığı hiss etdiniz. Bu günki Azərbaycan insanından da, Azərbaycan dövlətindən də narazıyam, dünyanın gedişatından, iqtisadiyyatlardan, siyasətlərdən, millətlərdən, irqlərdən, cinslərdən- hamıdan və hər şeydən narazıyam. Narazı olmasam, bir şeylər  yaza bilmərəm. O narazılıq bir  yerdə formalaşmalıdır ki, səni  ayılmağa, yüksəlməyə,  öyrənməyə,  yaratmağa sövq eləsin. Yoxsa hər şeydən çox razı, ay mən çox xoşbəxtəm, Allah millətimizin canın sağ eləsin, vallah bizim millətimizdən yoxdur, dövlətimiz çox möhtəşəm dövlətdir - bu kimi cəfəngiyyatlarla bilmirəm nə yaza, yarada biləcəyini düşünürlər? Və ya yazdıqlarının müqabilində bir şeylər  qazanmaq üçün yaltaqlıq  edənlər  nə fikirləşirlər? Onların həyata baxışı, sənətə münasibətləri mənə çox maraqlı gəlir. Mənim belə şeylərdən xoşum gəlmir. Cəmiyyət oxumaqla öyrənməyin, baxmaqla görməyin arasındakı fərqi bilmir. Cəhalət ağır dərddir, cahillə mübahisə ya ədəbi pozur, ya əsəbi. Mövlanənin sözüdür, səhv etmirəmsə. Mən də bunların pozulmasını istəmədiyim üçün adətən bu mövzuda danışmıram. Amma ümid edirəm, düzələr. Onsuz ümid edə-edə bir yerlərə gəlib çıxmışıq.

- Nə vaxta kimi yazıb-yaratmaq fikiriniz var?

- 50-60 yaşdan sonra yaşamaq mənə cansıxıcı gəlir. Hesab etmirəm ki, 50-60 yaşdan o yana keçəm. Güman ki, keçsəm, intihar edərəm. Praktiiki olaraq, indiyə qədərki ədəbiyyat, rejisor, aktyor, rəssamların hamısı müşahidəyə görə, 50-60 yaş aralığındakı dönəmdə tükənirlər. Bu tükənmişliklə barışmaq istəmirlər və zay məshullar ərsəyə gətirirlər. O yaşdan sonra yazılan çox ciddi əsərlər  də var. Həddən artıq surətpərəst insanam. 30 yaşımda belə, çirkinləşdiyimi hiss etsəm, dərhal intihar edərəm, xarici gözəlliyimi itirmək istəmirəm. Yaşlılığın bu gözəlliyi müəyyən qədər  apardığını düşünürəm. Onun getdiyini düşünsəm, qalmaram, qalsam belə, üzə-gözə görünmərəm. Yazmağı isə ölənə qədər düşünürəm. Tükənəndə dayanaram. Özümü 70, 80, 90 yaşlı Azərbaycan şairləri kimi yazmağa məcbur etmərəm. 

- Kimsə yazmaqdan kənarlaşdıra bilər sizi? 

- Həyatıma kiminsə hakim kəsilə biləcəyini əsla düşünmürəm. Mən bu ixtiyarı indiyəcən heç kimə verməmişəm. İnsan bu yaşdan sonra getdikcə müdrikləşir. Müdrik insan da öz həyatında başqasını hakim eləməz. İndiyə qədər etməmişəmsə, indən sonra çətinki kiməsə görə nəsə edəm. 

- Dramaturgiyanın Azərbaycanda və dünyada digər ədəbi sahələrdən geri qalmasının səbəbini nədə görürsünüz?

- Azərbaycanda yeni nəsil şairlər, publisistlər  xeylidir. Hansı nə dərəcədə ciddi istedaddır, ortaya nə dərəcədə bədii nümunə çıxarır bu ayrı məsələdir. Ad olaraq, ölkə doludur. Amma dramaturq yoxdur, bu ciddi problemdir. Dram əsərlərinə müraciət edilməməsi teatrın gələcək iflasından xəbər verir. Bu məni narahat edir. Dram əsərlərinə marağın artırılması barədə çoxlu məqalə yazmışam.  Ədəbi söhbətlər zamanı, teatr xadimləri ilə, aktyor, aktrisa, rejisorlarla danışmışam. Teatrlar yeni nəsil dramaturq  yetişdirmək üçün bir tədbir görməlidir. Onlarda dramatik növə müraciət etmələri üçün maraq yaradılmalı, həvəs oyadılmalıdır. Mədəniyyət naziri müsabiqələr keçirməlidir. Teatrlar yazçılara dram əsərlərini yazması üçün qapılarını açmalıdır. Teatrın daxilini bilmədən yazıçı dram əsəri yaza bilməz. Təəssüf ki, teatr bir dəfəlik bütün qapılarını ədəbiyyat adamlarının üzünə qapadıb, keçib oturub dar çərçivənin içində. Ancaq xarici klassiklərin, ya da bizim məmurların əsərlərini səhnələşdirirlər. Məmur olmasan, vəzifən və pulun olmasa, Azərbaycan teatrında yaradıcılıq keçmir. Azərbaycan teatrı azad yaradıcılığa, əsl bədii nümunəyə baxmır. Azərbaycan rejisoru istəyir ki, ona fəxri ad, titul verəcək adamlarla işləsin, istedadını da, sənətini də, şəxsiyyətini də pula satır. Təəssüf ki, bu gün Azərbaycanda teatr rejisorlarının 90%-i bu vəziyyətdədir. Bu da teatrın çöküşündən xəbər verir. Bizim yazıçılar düşünür ki, dram əsərləri oxunmur, mütaliə üçün uğurlu janr deyil. Mən bu günə qədər 30-a yaxın irili-xırdalı pyes yazmışam. Yüzlərlə şeir, məqalə yazmışam, amma mən böyük uğurumu dramaturgiyadan qazanmışam. Avropa teatrında əsərim səhnələşdirilib, imzam orada teatrın repertuarına yazılıb, kitabım çap olunub. Deməli, dramaturgiyanın bir yazıçıya qata biləcəyi şeylər daha çoxdur. 

- Hansı mövzuda əsərləri ədəbiyyatımızda daha çox görmək istərdiniz? Bizdə bu yöndə sərhəd varmı, sizcə?

- LGBT mövzulu əsərlər Azərbaycanda azdır. Bədii nümunələr mümkün qədər dünyəvi olmalıdır. Orada hər cins, hər irq, hər din, hər milliyət, hər təriqət özünü tapmalıdır. Səhvini də, düzünü də orada görməlıdir, nəticələr çıxarmalıdır. Eyni ilə, bütün dünyanın insan haqları baxımından uğradığı təzyiq və təqiblərə görə, LGBT fərdləri gündəmdədir. Bir neçə gün əvvəl Türkiyədə LGBT haqları uğurunda kifayət qədər ciddi mübarizə aparmış, gözəl əsərlər vermiş LGBT mənsublu şair Küçük İsgender də vəfat etdi. Bununla bərabər LGBT mövzusu Türkiyənin gündəmindədir. Azərbaycanda isə mövzu səlahiyyətli qurumlar tərəfindən ümumiyyətlə, dilə gətirilmir. Çox güman ki, bu mövzunu dilə gətirsələr, məsxərə obyekti olarlar, konservativ cəmiyyətdə yaşayırıq. Bu yaxınlarda maraqlı bir nüansa rast gəldim.

Xarici ölkələrdən Kanadanın baş naziri, bir də Serbiyanın prezidentini (LGBT mənsubludur) adamlar lağ qoymuşdu. Sən bir yaşadığın ölkəyə bax. Sən hansı mühitdə, hansı coğrafiyada, hansı şəraitdə, hansı vəziyyətdə ədalətsizliklərə, haqsızlıqlara göz yuma-yuma yaşayırsan?! Nə qədər rüşvət alırlar səndən? Nə qədər haqların tapdanlanır? Nə qədər təqib olunursan? Nə qədər azadlıqların məhdudlaşdırılır? Sənin təhsil haqqın belə əlindən alınıb, sənə düz-əməlli təhsil belə vermirlər. Amma vergini vaxtlı-vaxtında istəyirlər. Bütün bunlara rəğmən özünü xoşbəxt hiss edirsən ki, Kanadaya, Serbiyaya gülürsən? Ədəbiyyatda bu cür (söhbət təkcə, LGBT-dən getmir) cəmiyyət tərəfindən yersiz qınaqlara tuş gəlmiş çox mövzu var. Onların ədəbiyyatda mövzu olması çox vacibdir. Lakin təəssüf ki, Azərbaycanın sənət adamları da bu şeylərdən qorxub, çəkinirlər. Azərbaycanın tanınmış şəxslərindən biri üstündə LGBT bayrağı olan şəkil paylaşır. Faktiki burada bir dəstək var. Amma paylaşıma oxucular tənqid, təhqir yazanda izahat verir ki, mənim xarakterimdir, rəngləri sevirəm.

Açıq-aydın de, mən LGBT-yə dəstək oluram, siz də onların sizə bir zərəri yoxdursa, həyatlarına hörmət edin. Sizin onlarla nə işiniz var? Gedin, sizdən üşvət istəyən məmurla, səhiyyəylə dalaşın, probleminizi həll edin. Azad, demokratik cəmiyyət  qurun, övladınıza təmiz gələcək qoyun. Yoxsa LGBT fərdləri sizi niyə narahat edir? Nədir dərdiniz? Sənət adamlarının özlərinin radikal olması bir başqa faciədir. Azərbaycanda rejisor, müğənni, aktyor, yazıçı var ki, faktiki geydir, amma efirə çıxsa homofob fikirlər səsləndirəcək ki, yox, efirə buraxmaq, adlarını çəkmək olmaz, azadlıq vermək olmaz. Sən kimsən ki, kiməsə azadlıq  verirsən?! Sən heç sənətkar deyilsən. Birinci öz həyatına, öz yaşamına xəyanət edirsən. İkincisi, sənətin ən təməl prinsipi olan insan azadlıqları prinsipinə xəyanət edirsən. Sən nə sənətkarsan ki, çıxıb efirdən yekə-yekə də danışırsan?! Bu ölkədə belə şeylər gülməli formadadır, halbuki dünyada ciddi nüanslardır. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!