Xəbər verdiyimiz kimi, Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, hazırda Beynəlxalq Muğam Mərkəzində mərhumla vida mərasimi keçirilir. Tədbirdə mədəniyyət naziri Adil Kərimli də iştirak edir.
Nazir mərhum sənətkarın vəfatı ilə bağlı çıxış edərək bildirib ki, onun yaradıcılığı hər zaman xalqın yaddaşında qalacaq. Adil Kərimli qeyd edib ki, Ramiz Quliyev Azərbaycan mədəniyyətində silinməz iz buraxıb: Sezar pizza
“Onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir iz buraxıb ki, həmin iz hər kəs üçün bir örnək olacaq. O böyük bir ifaçı olmaqla tar sənətini nəinki bölgəmizdə, bütün dünyada tanıdıb. Xalqın hər bir nümayəndəsi bilir ki, o tarı sanki canlandırırdı. Bu da ruhumuzu oxşayırdı, çox fərqli bir hiss idi. Bu irsi də hər kəs yarada bilmir. Onun yaradıcılığı əbədi olaraq hər kəsin yaddaşında qalacaq. Dünyada olan tələbələri də musiqi səhnəsinə öz töhfələrini verməkdədir”.
Adil Kərimli həmçinin bildirib ki, Ramiz Quliyev həm ölkə rəhbərliyi, həm də xalq tərəfindən yüksək dəyərləndirilən sənətkar olub:
“Azərbaycan musiqisindən söz düşən zaman ağla ilk gələn adlardan biri də Ramiz Quliyev olub. Zamanında Ulu Öndər Heydər Əliyev onun sənətinə yüksək qiymət vermişdi. İlham Əliyevin verdiyi çoxsaylı ordenlər də onun yaradıcılığının yüksək qiymətləndirilməsindən xəbər verir. Mərhumun müalicəsi Heydər Əliyev Fondunun diqqətində idi. Ölüm reallıqdır. O, fiziki olaraq ölsə də, hər birimizin yaddaşında silinməz izləri qalacaq. Düşünürük ki, bundan sonra onun sənəti, ifaçılıq tərzi cəmiyyətin hər bir üzvü üçün daima yaşayacaqdır. Onun haqqında deyiləcək sözlər çoxdur. Qısa çıxışla onun dəyərini səciyyələndirmək çətindir. Onun adı dünya musiqi sahəsində hər zaman qalacaq. Mən Mədəniyyət Nazirliyi adından onun yaxınlarına, dostlarına, sənət yoldaşlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin!”
Aydan Hacıbalazadə
Telegram kanalımız