Xəbər verdiyimiz kimi “Qarabağ” çempionatın bitməsinə 1 oyun qalmış artıq çempionluğunu rəsmiləşdirdi. PFL-dən isə əvvəlcədən verilən açıqlamada bildirilmişdi ki, “Qarabağ” “Səbail”i udarsa, kuboku Tofiq Bəhramovda deyil, “Neftçi” ilə oyunda qaldıracaq. Yəni, Bakcell Arenada.
Yaxşı, bəs bu “Neftçi” azarkeşlərinin ürəyincədirmi? Xeyr. Azarkeşlər razı deyil ki, mövsümboyu liderlik uğurunda mübarizə apardıqları komanda öz meydanlarında çempionluq kubokunu qaldırsın. Həm, rəhbərlikdən, həm futbolçulardan narazı olan azarkeşlər bu qərarın dəyişdirilməsini istəyirlər. Yəni, tələb etdikləri budur ki, son matç Dalğa Arenada baş tutsun, “Qarabağ” da beləcə kuboku Bakcell Arenada deyil, Dalğa-da qaldırsın.
Amma PFL-dən verilən dünənki açıqlamada oyunun başlama saatı da, keçiriləcək stadion da, mükafatlandırma da - hər şey qeyd olunub. Şəhər klubunun azarkeşlərinin etirazı isə, sözsüz, nəyəsə yaramır. Çünki bu “Bordin rədd olsun, Mirabdullanı da oynat arada, Dario Federikonu qaytarın” və.s kimi etirazlardan deyil. Burada hədəf təkcə “Neftçi” yox, həm də “Qarabağ”dır. Dördpendirli pizza
Bu kuboku qaldıracaq komanda Ağdam təmsilçisidir və bu qərar sırf rəqib komandanın tərəfkeşlərinin ürəyincə olsun deyə, verilməməlidir. Yəni, stadion dəyişikliyi düşünülürsə, hər iki tərəfin razılığı nəzərə alınmalıdır. Nəzərə alaq ki, “Neftçi”lilər ilk dəfə belə təklif və iradla çıxış etmirlər.
Məğlubiyyəti həzm edə bilməyən azarkeşlərin narazılığı təkcə bu yöndə deyil. Onlar eyni zamanda çempionluğun itirilməsində rəhbərlik və futbolçuları, məşqçilər heyətini günahkarlandırırlar. Roberto Bordinin müdafiə futbolu oynatmasına etiraz edən tərəfkeşlər artıq onun istefasını da tələb edirlər. Mövsüm əvvəlində kifayət qədər inandırıcı təsir bağışlayan Bordinin mövsüm sonunda “Qarabağ”a “təslim olması” necə deyərlər azarkeşlərdə italiyalı məşqçiyə qarşı qıcıq hissi yaradıb. Bu da normal haldır. Əvvəl də qeyd etdiyimiz kimi son illərdə “Neftçi” çempionluğa bu qədər yaxın olmamışdı yox, heç yanından da keçməmişdi. Tənqid “silahı” futbolçulara da yönəlib. Onlar futbolçuları oynamamaqda, çempionluğu “Qarabağ”a verməkdə də ittiham edirlər. Bunları hardasa anlamaq olar, çünki məğlub komanda da, azarkeşlər də hər zaman bir günahkar axtarışında olurlar. Amma nəzərə almalıdırlar ki, burda ən böyük günahkar elə mövsüm əvvəlində inandıqları Bordindir. Hər halda kimsə çempionluğu bu pisdir, sən götür deyib başqasına yönəltməz.
Bu və ya digər hallarda mövsümün bitməsinə sayılı günlər qalıb. “Qarabağ” çempiondur, “Neftçi” gümüş medalla kifayətlənib. Və “ağ-qaralar” bu ikincilik sayəsində Avropa Liqasında şansını sınayacaq. Belə bir zamanda baş məşqçi dəyişikliyi yenidən komandanın yorğunluğuna və uğursuzluğuna gətirib çıxara bilər.
Gözləməli birinci məqam budur, digəri isə Bordinin taktikasını dəyişməsi və qorxaq futbol oynatmağı dayandırması. İtaliyalı nəzərə almalıdır ki, müdafiə futbolu çox zaman qalibiyyətə yox, məğlubiyyətə səbəb olur. Bu kimi amillər və tənqidlər nə vaxta kimi baş məşqçiyə kar etməyəcək, o zamana kimi də “ağlayanalar” da çox olacaq, “ağladılanlar” da...
Naibə Məmmədova
Telegram kanalımız