Koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrində karantin rejimi elan olunub. Artıq bir müddətdir ki, insanlar məhdud şərtlər daxilində hərəkət edir, günlərini dörd divar arasında keçirirlər. Müxtəlif peşə sahibləri kimi sənət adamları da karantin qaydalarına əməl edir, gündəlik vərdişlərini arxa plana keçirirlər. Onlar həm də öz pərəstişkarlarına müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa səsləyirlər.
Yenisabah.az “Bu Şəhərdə” komandasınınnın ssenaristi Müşviq Abbasovla mövzu ətrafında söhbət edib:
- Müşviq bəy, karantin rejimini necə keçirirsiniz? pizza
- Hər şey yaxşıdır, buna da şükür. Karantin müddətini hamı necə keçirirsə, biz də elə keçiririk. Bəzən sıxıntı olur, bəzən baş qarışır. Vaxtın keçməsi üçün kinolara baxıram, yaxşı ideyalarım var.
- Evdə olduğunuz müddətdə "Bu şəhərdə" üçün yeni ssenarilər yazırsınızmı?
- Növbəti konsert üçün ssenarilərim var. Bildiyiniz kimi, mart ayında baş tutacaq konsertlərin hamısını yaya keçirdik. Beş gün Bakıda, beş gün Gəncədə, iki gün Naxçıvanda, iki gün də Ukraynada konsertlər olmalıydı. Amma hamısını təxirə saldıq. İndi ümid edirik ki, iyun və ya iyul ayında konsertlərimiz olacaq. Həmin konsertin ssenarisi ilə bağlı yeniliklər edirəm. Baxmayaraq ki, həmin konsertin proqramı artıq hazırdır, mövcud yeniliklərlə bağlı həmin səhnəciklərdə müəyyən dəyişikliklər olacaq. Çünki son vaxtlar ölkəmizdə və dünyada bir çox maraqlı hadisələr baş verdi. Bu hadisələri diqqətdən kənarda qoymaq istəmədim.
- Rafael və Coşqunla görüşüb, gələcək planlarınızı müzakirə edirsinizmi?
- Özüm mütəmadi olaraq evdə ssenarilər yazmaqla məşğulam. Aktyorlarla görüşmürük, Rafaellə də Coşqunla da görüntülü zəngləşirik, yenilikləri, dəyişiklikləri birgə müzakirə edirik.
- Karantin günlərində dost-tanışla, qohum qardaşla əlaqəni kəsmisiniz, yoxsa get-gəl var?
- Yox, heç yerə gedib-gəlmirəm. Yalnız valideynlərimə baş çəkirəm, onları da tam təcrid etmişəm, istəmirəm çölə çıxsınlar. Onların təchizatı ilə mən məşğul oluram. Nəsə, lazım olsa özüm alıb aparıram, istər yemək, istər dərmanlar alıram. Başqa heç kəslə görüşmürəm, əlaqəni kəsmişəm, yalnız zəngləşirik. Evdə də çölə çıxıb qayıdan bircə mənəm, uşaqlar hamısı evdədirlər.
- Müşviq bəy, bildiyiniz kimi virus üzündən işsiz qalan aztəminatlı ailələrə sənət adamları tərəfindən yardımlar edilir. Lakin yardım kampaniyasına qoşulan sənət adamlarına münasibət birmənalı deyil. Məşhurları bu çətin durumda özlərini reklam etməkdə günahlandıranlar var. Siz nə düşünürsünüz?
- Mənə elə gəlir ki, köməklik edən insan, etdiyi yaxşılığı dilə gətirməsə, daha yaxşı olar. Köməklik olunan insan özü nə isə, haradasa deyərsə, bu, daha yaxşı olar. Amma kimsə özü etdiyini deməsə, çəkib göstərməsə, daha yaxşı olar. Bunu mən demirəm, dində də belədir. Bunu İslam deyir. Bu zaman köməklik edən insanın savabı daha çox olar. Əgər savab iş görmək istəyirsə. Yox, əgər onun məqsədi savab deyilsə, başqa məqsədi varsa, - hansı ki, bunu biz bilmərik - belə etməyi bəlkə də daha məsləhətlidir, özü bilər.
- Bəs "Bu Şəhərdə" komandası özü bu tip yardımlarda iştirak edirmi?
- Karantin, orucluq, Qurban bayramı, Məhərrəm ayı olsa da, olmasa da, fərq etməz, biz “Bu Şəhər”də olaraq kimlərə kömək etmişiksə, onu özümüz bilirik, bir də Allahımız bilir. Hətta bizim köməklik etdiyimiz insanların çoxu bilmir ki, onlara köməyi biz etmişik. Çox vaxt biz üçüncü şəxsin vasitəsilə kiməsə yardım edirik. Mütəmadi olaraq hər konsertdən sonra biz kimlərəsə yardım əlimizi uzadırıq. Bizim də öz üzərimizə götürdüyümüz ehtiyacı olan ailələr, xəstə insanlar var, kəsilən qurbanların xüsusi ünvanları var. Yenə deyirəm, onlara edəndə də çox vaxt elə edirik ki, həmin insanların özləri də bilmir ki, bu dəstək haradan gəlib. Onların sayı birdir, yüzdür və mindir, bunun fərqi yoxdur, bunu biz özümüz bilirik. Allah özü bilən yaxşıdır. Allah hamımıza kömək olsun. Axı Allahın özü də bizə ayrı-ayrılıqda kömək etdikdə bunu reklam eləmir. Biz özümüz deyirik ki, bu kömək Allahdan gəldi. Filan işdə Allah yardımçımız oldu, bunu özümüz fikirləşirik.
- Sonda oxucularımıza nə demək istərdiniz?
- Az qalıb, İnşallah, karantin tezliklə başa çatacaq. Sadəcə, evdə oturmaq lazımdır. Hamı bilməlidir ki, biz evdəyik virus çöldə. Lakin biz çölə çıxsaq virus evə girə bilər. Ona görə evdə oturaq.
Əsmətxanım
Telegram kanalımız