“Allahı söymək məsələsi olmayıb” – Həbsdən çıxan dindar

“Allahı söymək məsələsi olmayıb” – Həbsdən çıxan dindar

Din

20 İyun 2022 13:56 3658


“Biz kiminsə xoşu gəlsin deyə ibadət edib namaz qılmırıq. Bu bizim seçimimiz və iradəmizlə baş verib. Belə bir deyim var ki , “palaza bürün, elnən sürün”. Bu deyimi misal götürürək onu deyə bilərəm ki, hamı şiədir mən də şiə olum, hamı namaz qılır, mən də namaz qılım və yaxud bunun kimi anlayışlar mənim şəxsiyyətimə uyğun deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Xural TV-də həbsdən azad olunan dindar aktivist Ağəli Yəhyayev deyib. O, bildirib ki, adından yayılan “Allahın söyülməsi” ilə bağlı iddialar əsassızdır:

“Əgər Allaha söyüş olarsa, təhqir edilərsə, mən heç zaman bunun altından qaçmaram. Bu hərəkətin nə cəzası olacaqsa, hər birini çəkməyə hazıram. 

Ancaq belə bir şey olmayıbsa, mənim sözüm təhrif olunub cəmiyyətə yayılır və kimlərinsə öz maraqları üçün sui-istifadə etməsi məni çox narahat etdi. 

Mən bacımla görüş almaqda məqsədim o idi ki, sözlərimi cəmiyyətə çatdıra bilsin. Bacıma bildirdim ki, cəmiyyətimizə çatdır ki, belə bir hadisə baş verməyib. Allah təhqir olunsa, Ağaəli orada dinc dayanmaz. Ölümümə səbəb olsa belə...

Məqsədim ondan ibarətdir ki, bu gün bizim xalqımızı istəyən və istəməyənlər çoxdur. 44 günlük müharibə dövründə biz bunu gördük. Bir çox ölkələrdən insanlar bizi dəstəklədi, nə qədər insanlar bizə yardım göndərdi.

Lakin, Xocalı faciəsini törədən, Qarabağda hər yeri talayan ermənilərə dəstək çıxanları da gördük. Və bu gün həmin insanlardır ki, guya Allahı müdafiə edirlər. Qarabağda müsəlman məscidlərinin sökülməsi, Xocalı faciəsinin törədilməsi müsəlmanlar və Allah üçün təhqir deyilmi? 

Məhkəmədə də hakimə bildirdim ki, mənim sözlərim kontekstdən çıxarılıb və bu vəziyyətə gətirilib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!