Ötən gün meyxanaçılar Pünhan Azimli (Alatava) və Pərviz Arif Azərbaycan Yazıçılar Birliyinə üzv olublar.
Onların birliyə üzv olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, bəziləri meyxananın ciddi sənət növü olmadığını iddia edərək, meyxanaçıların bu addımına tənqidi yanaşıblar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Şərif Ağayar Yazıçılar Birliyinin Azərbaycan ədəbiyyatına ziyan vurduğunu bildirib:
“Yazıçılar Birliyinə nə qədər mənasız adam qəbul edilsə, o qədər yaxşıdır. Qoy özünü nüfuzdan salsın və nəhayət, anlasınlar ki, demokratik yol tutan bir ölkə üçün belə kolxoz təfəkkürlü qurumlar nəinki lazım deyil, həm də çox ziyanlıdır. Yazıçılar Birliyinin və şəxsən Anarın Azərbaycanın mütərəqqi ədəbiyyatına vurduğu zərbəni yalnız Qarabağın işğalı ilə müqayisə eləmək olar. Çünki ikisi də düşməncə hərəkətdir və ikisi də otuz il çəkdi. Hətta Anar növbəti qurultayda da seçilib Stalindən yadigar qalan “dəyərlərin” ömrünü uzatmaq fikrindədir”.
Ağayarın sözlərinə görə, ciddi ədəbiyyatla məşğul olan şəxslər Yazıçılar Birliyindən uzaq durmalıdır:
“Dövlətin Azərbaycan Yazıçılar Birliyi ilə münasibəti varlı Həcilərlə müğənnilərin münasibətinə bənzəyir: Mən səni maddi təmin edirəm, sən də mənim istədiyimi etməlisən! Bax, Azərbaycan ədəbiyyatının ən böyük problemi bu yanaşmadadır. Ədəbiyyat özünü “gözəlçə” kimi aparmamalıdır. Dövlətlə işləməyin sivil yolları var. Mənə görə, özünə hörmət edən və ən başlıcası, ciddi nəsə yazmaq istəyən AYB-dən uzaq durmalıdır. Əks halda, növbəti otuz ildə də repressiya zamanlarından qalan totalitar bir təşkilatın korladığı atmosferdə oksigen qıtlığı yaşayacağıq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız