Aqil Abbas: “Vasif Talıbov yaxşı nəzarət edə bilməyib”

Aqil Abbas: “Vasif Talıbov yaxşı nəzarət edə bilməyib”

Siyasət

29 Noyabr 2022 15:44 846


“Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda araşdırmalar aparır, saxlanılar da var. Hələ əməliyyat gedir, görək nə olacaq? Konstitusiyamıza görə, Naxçıvanın muxtariyyətinin ləğv olunması üçün referendum keçirilməlidir. İndi orda baş idarələr yaradılıb, bu, yaxşı haldır, Bakıdan idarə olunur".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

O əlavə edib: "Amma əvvəl Naxçıvanda özləri özlərini idarə edirdilər, Bakıdan uzaqlaşmışdılar. Mən nə deyə bilərəm, deyim ki, adamları tutun güllələyin, ya buraxın? Əməliyyat gedir, kimin nə günahı varsa, korrupsiyaya qurşanıbsa, üstü açılır. İndi ikisini tutublar, deyilənlərə görə, bəzilərini də saxlayıblar. Məlumat dəqiq deyil. Mən də bir millət vəkili kimi rəsmi açıqlamadan - DTX-nin, Baş Prokurorluğun açıqlamasından kənar söz danışa bilmərəm. Mətbuatdan oxuyuruq ki, filankəslər tutulub, amma rəsmi açıqlama yoxdur”.

Deputat korrupsiya məsələsində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da məsuliyyət daşıdığı barədə tənqidlərə isə belə münasibət bildirib: “Deməli, Vasif Talıbov yaxşı nəzarət edə bilməyib də. Bir regionda belə hadisələr olursa, deməli, orda nəzarət zəif olub. Vasif Talıbovun özünün korrupsiyada əli var, ya yoxdur, bunu istintaq müəyyənləşdirməlidir. Mən durub Vasif Talıbov haqqında belə bir söz deyə bilmərəm. O, Naxçıvan Ali Məclisinin sədridir, onun haqqında söz deməyim düz gəlməz…”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!