Ölkədə hər hansı hadisə baş verən zaman rəsmi, aidiyyatı qurumlardan ya məlumat almaq olmur, ya da informasiya gecikir. Belə olduğu halda, sosial şəbəkələrdə, media qurumlarında baş verənlərlə bağlı doğru yaxud yalan məlumatlar yayılır, məsələ fərqli istiqamətlərə çəkilir və ya şişirdilir. Yalnız bundan sonra dövlət qurumları gecikmiş mətbuat konfransı keçirir. Lakin buna kimi problem artıq hökumət səviyyəsinə qalxır.
İçərişəhərdə Qala divarları ətrafında tikinti işlərinin aparılması buna nümunədir. Hətta birinci vitse-prezident Mehriban Əliyeva da çıxışında informasiya məsələsinə toxunub. “Gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq” – deyə M.Əliyeva qeyd edib.
Mövzu ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Yeni Sabah”a açıqlamasında deyib ki, baş verənlər uzun illər Azərbaycanda keçirilmiş media siyasətinin nəticəsidir: pizza hut
“Yadınızdadırsa, ayrı-ayrı nazirliklər hətta qərarlar qəbul edirdilər. Məsələn, Müdafiə Nazirliyi. Belə qaydalar qəbul edirdi ki, onların icazəsi olmadan filan mövzuda informasiya yazıla bilməz, onlarla razılaşdırılmamış informasiyalar verilməməlidir və s. Parlamentdə dəfələlə bununla bağlı çıxışlar olub. Nəticədə Azərbaycanın dövlət orqanlarının mətbuat xidmətlərində güclü qapalılıq mühiti yaradılıb.
Bu həm də müəyyən qanunlarla tənzimlənir. Bilirsiniz, bəzi qanunlar hətta jurnalistlərin informasiya açıqlamasını qadağan edir, kommersiya sirri elan edir və.s. Tamamilə razıyam ki, dövlət orqanlarının mətbuat xidmətləri informasiyanı gizlətmək yox, onu mümkün qədər geniş yaymalı və dövlət orqanlarının fəaliyyətini əks etdirməlidir. Belə informasiya olmayan yerdə onu mütləq şayiələr dolduracaq. Bu, informasiyanın qanunudur”.
A.Əliyev qeyd edib ki, nəhayət dövlət strukturlarının rəhbərləri tərəfindən ictimaiyyətə dolğun, geniş informasiya verilməsi haqqında fikirlər söylənilməsi çox düzgün yanaşmadır:
“Bu, bir tərəfdən informasiya mübadiləsində hökumət orqanlarının həmişə özünə haqq qazandırmaq məcburiyyətində qalmasının qarşısını ala bilər. İkincisi, dövlət orqanlarında həyata keçirilən faəliyyətin dolğun işıqlandırılmasına, həmçinin informasiya orqanlarının məlumat bazasının genişlənməsinə səbəb ola bilər.
Amma bir məsələ də var ki, bizim bir çox dövlət orqanlarının mətbuat xidmətləri ümumiyyətlə informasiya ilə işləməyi bacarmırlar. Ya kadrlar hazırlıqlı deyil, işləri, peşələri ancaq həmin strukturun rəhbərlərinin nüfuzunu qorumaqdan ibarətdir. Yaxud uzun illər fəaliyyətsizlik nəticəsində necə deyərlər, o keyfiyyətləri atrofiyaya uğrayıb. Əvvələr ATƏT, Avropa Şurası və digər qurumlar onlar üçün xüsusi təlimlər, kurslar keçirdi. Odur ki, dövlət qurumlarının mətbuat işçiləri üçün ciddi tədbirlər görmək lazımdır”.
Günay Rəsulqızı
Telegram kanalımız