“Mən hər şeyi bilirəm” kimi davrandığımız zaman özümüzü nə qədər komik duruma saldığımızın fərqində olmuruq. Həyat belədir, bəzən özünü ən ağıllı hesab edənlər, ağılsızlıqları ilə ən rəzil duruma düşə bilir. Bu onlar üçün hər şeyi bilən bir varlığın verdiyi dərsdir.
Məqsəd önəmlidir. Əgər güclü bir məqsədin varsa, bütün ruhunla bu məqsədə çatmağı arzulayırsansa, çatacaqsan. Narahat olmağa dəyməz, sarsılmaz eşqin səni o hədəfə çatdıracaq. Kərbəla düzündə şəhid olanların da eşqi bu qədər saf, təmiz və sarsılmaz idi. 1300 ildir ki, bu eşq bitmir.
Ölkəmizdə hər il eyni yanaşmaların şahidi oluruq. Bir qrup özünü ağıllı sayan adamlar Məhərrəm ayında bu mövzunu lağlağıya çevirir, Kərbəla şəhidləri üçün əzadarlıq edənləri ələ salırlar. Mən onların ağıllarına şübhə etmirəm, amma yanaşmalarını tənqid etməkdən də özümü saxlaya bilmirəm. Hər zaman demişəm: Başqasının inancını ələ salmaq çox pis hərəkətdir. İnanc toxunulmazdır və fərdi məsələdir. İstər göylərdəki kimsənin görmədiyi bir varlığa inansın, istər bütə, istər boynundan asdığı duaya. pizza mizza
Bir müddət əvvəl yeniyetmə olan qızıma həm namaz qılıb, həm də qarnıaçıq geyimdən istifadə edən qadınlar haqda sual verdim. Bu davranışa necə yanaşdığını soruşdum. Əslində, bu sualı verməkdə hər hansı qınayıcı niyyətim yox idi. Sadəcə, Nurayın təfəkkürünü yoxlamaq istəyirdim. Amma onun verdiyi qısa cavab mənə aldığım ən böyük dərsi verdi. “Bunun nə sənə, nə də mənə heç bir aidiyyatı yoxdur”. 17 yaşlı qız bu məsələyə fikir bildirməyin belə yersiz olduğunu düşünür. “Bravo” dedim. Kamil insan inanc məsələsinə elə bu cür də yanaşmalıdır.
Amma illərdir fərqli münasibətin şahidi oluruq. İllərdir eyni ittihamlar və eyni izahları eşitməyə məcburuq. Bığıburma kişilər, üzündən nur yağan qadınlar, cəmiyyətin intellektual hesab etdiyi adamlar öz soydaşlarının inanclarını araya qoymaq üçün sanki yarışa giriblər. Halbuki onların çoxunun mediada tolerantlıqla bağlı, multikultural dəyərlər haqda palaz-palaz məqalələri, müsahibələri var. İndi nə düşünək? Onlar hansı fikirlərində səmimidirlər? Bu yanaşmanın harası tolerantlıq olur?
Təkrar: İnanc toxunulmazdır. Kimsə nəyəsə inanırsa və bunu düzgün hesab etmirsənsə, onu ələ salmalı deyilsən. Sən ələ saldıqca əks effekt görəcəksən. Yox, həqiqətən də bu inancda səmimi olaraq yanlışlıq görürsənsə, o zaman düzgün yol seçməlisən. Düzgün yol mədəni yoldur. Dəvət yoludur. İnandırmaq yoludur. Sən ağıllı adamsansa bilməlisən ki, ələmi ələ saldıqca bu insanlar həmin ələmə daha möhkəm sarılacaqlar. Sən nələrinsə dəyişməyini istəyirsənsə, əvvəlcə özün dəyişməlisən. Özün dəyişə bilmirsənsə, bunu başqalarından tələb etməyin yersizdir.
Amma bu adamlar durmadan danışırlar. İnsana iki qulaq, bir ağız verildiyini anlamaq bu qədər çətin olmamlıdır axı. Sən bu sadə məntiqi anlamırsansa, onlardan elə bu şəkildə də istifadə etmirsənsə, o zaman dediklərin laqqırtıdan o yana keçməyəcək.
İnanmaq insan ruhunun tənqidə, aşağılanmaya açıq olmayan hissidir. İnanc eşqdir. EŞQ isə heç zaman ölmür.
Elnur Məmmədli
Telegram kanalımız