Ata mirası əlindən alınan Bakı sakini prezidentə müraciət etdi 

Ata mirası əlindən alınan Bakı sakini prezidentə müraciət etdi 

Xalqın səsi Veb saytların hazırlanması

15 Sentyabr 2023 12:54 15728


Bakı şəhər sakini Cabbarov Teymur Fəxrəddin oğlu ölkə rəhbərliyinə müraciət edib.

Bu haqda “Yeni Sabah”a açıqlama verən şikayətçi bildirib ki, o 6 ilə yaxındır ki, Baş Prokurorluq və Bakı şəhər prokurorluğu onun pozulmuş hüquqlarının bərpasına imkan vermir:

“Nizami rayon prokurorluğunun 2018-ci ildə başlatdığı 190086050 nömrəli cinayət işini illərdir ki, Bakı şəhər prokurorluğu öz səlahiyyətlərindən istifadə edərək məhkəməyə göndərilməsinə imkan vermir. Qanuni haqqını müdafiə edən mən yox, dələduzlar aşkar şəkildə himayə edilir. Əgər belə olmasaydı, istintaqın yekunlaşdırılmasına və cinayət işinin məhkəməyə göndərilməsinə imkan yaradılardı. 

Cənab Prezident, mən gənc yaşlarımdan YAP-ın üzvüyəm, hər zaman suzu və Ulu Öndərimiz Heydər Əliyevin  apardığı siyasəti fəal şəkildə dəstəkləyənlərdən biri olmuşam. Baş Prokurorluğun və Bakı şəhər prokurorluğunun qanunsuz əməlləri və göstərişləri dövlətimizin imicinə xələl gətirir, vətəndaşlarımızın dövlətimizə inamını sarsıdır.

Cənab Prezident, çarəsiz olaraq, sizə müraciət etmək məcburiyyətində qalmışam. Əgər Baş Prokurorluq və BŞP öz vəzifə borclarını yerinə yetirsəydilər, mən bu müraciəti etmək məcburiyyətində qalmazdım.

Cənab Prezident, yüzlərlə şikayət və müraciətlərimi nəzərə almağınızı və 190086050 nömrəli cinayət işinin məhkəməyə göndərilməsi üçün mənə yardım etməyinizi xahiş edirəm”.

T. Cabbarov onu da qeyd edib ki, sözügedən cinayət işi Bakı şəhər Nizami rayonunun keçmiş icra başçısı Arif Qasımovun saxta yollarla hazırlatdığı sənədlərlə Keşlə qəsəbəsində atadan övladlarına miras qalan 52 sot torpaq sahəsi satılması haqdadır. Onun sözlərinə görə, 1994-cü ildə atası Cabbarov Fəxrəddin Ziyatxan oğlu tərəfindən qurulan “Dədə Qorqud-10” Kiçik Müəssisəsinin Bakı şəhər İH və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin ayrılmasına dair” 9502 nömrəli İnşaat pasportunda qeyd edilən Nizami rayonu, Babək prospekti, 328 nömrəli məktəbin arxasında yerləşən 0,52 ha ərazisi olub. Atası 2016-cı ildə vəfat edəndən sonra sahibkarın ikinci həyat yoldaşı Cabbarova Kifayət Məmməd qızı, İcra başçısı Arif Qasımov və şirkətdə 33 faiz payı olan Ələsgərov Xəlil Məhərrəm oğlu əlbir olaraq həmin ərazini tam satıblar.

Hətta şikayətçinin sözlərinə görə bu proses atası 2016-ci ildə vəfat etməmişdən öncə xəstəxanada müalicə olunduğu vaxtdan başlayıb. Atasının vəfatından sonra isə torpaqların qalan hissəsi satılıb. Onun sözlərinə görə torpaqlar F. Cabbarovun birinci nikahdan olan 4 övladı, 2-ci nikahdan olan 1 övladı və ikinci həyat yoldaşı arasında bərabər hissələrlə bölünməli idi. Lakin qeyri-qanuni yollarla birinci nikahdan olan 4 övladın vərəsəlik hüququ qeyri-qanuni yolla pozulub və ərazi satılıb. 

Teymur Cabbarov deyir ki, 6 ildir məsələ ilə bağlı bütün aidiyyatlı qurumlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müayinə baxışı keçirilib və bəlli olub ki, həmin torpaq sahəsinin üzərində təxminən 27 ədəd bir və ikimərtəbəli fərdi yaşayış evləri inşa edilib. 

Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə dəvət olunan şikayətçiyə qanunvericiliyin tələbləri izah edilib və Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunub.

“2017-ci ildən Respublika Prokurorluğu ilə yanaşı şəhər və Nizami rayon prokurorluğuna müraciətlər edirəm.  Müraciətlərimdən sonra 2019-cu ildə prokurorluq cinayət işinə başlayıb. Şəhər prokukorluğu bu cinayət işini 5 ildir aparıb hüquqi qiymət vermir, stolüstü kitab kimi, ancaq stolun üstündə saxlayır. 6 ildir bu idarədən o idarəyə göndərməklə, aparıb şəhər prokurorluğunda cinayət işini saxlamaqla məşğuldur. Respublika Prokurorluğuna, Korrupsiya İdarəsinə dəfələrlə müraciət etsəm də, bizim müəssisənin torpaqlarının qeyri-qanuni zəbt olunması haqda real addım atılmır. Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər İH-də olan bəzi məmurlar dələduzlarla əlbir olub, satıb talayıblar. Bu faktları – korrupsiya və dələduzluq faktını ört-bastır edirlər.

Ortada konkret faktlar olsa da, dələduzların əməllərinə, Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin və digər məmurların əməllərinə göz yumulur. Onların əməllərinə hüquqi qiymət verilmir. 6 ildir ki, idarələrdə dolaşıram, hələ də nəticə yoxdur. Bu insanları məsuliyyətdən yayındırırlar”.

Yazıda adı çəkilən şəxslərin qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!