1992-ci ildə Dnestr çayının şərq sahilində yerləşən yerli ukraynalılar və ruslar Moldova hakimiyyətinə qarşı çıxaraq separatçı hərəkata başladılar. Sözsüz ki, bu, sovetlərin parçalanmasından sonra baş verən domino effektinin ilkin mərhələsi idi və qondarma “Dnestryanı Respublikası”da bu mərhələdə yaranan “dövlət”lərdən biri kimi ortaya çıxmışdı.
Dnestryanı keçmiş SSRİ ərazisində rusdilli əhalinin kompakt yaşadığı, bu gün isə Moldova ilə Ukrayna arasında “sıxılmış” və dünya tərəfindən tanınmayan bir “respublikadır”. Ən böyük şəhərləri paytaxt Tiraspol, Bender, Rıbnitsa, Kamenka, Dubossarı və Qriqoriopoldur. "Ölkə"nin rəsmi adı isə "Dnestryanı Moldov Respublikası"dır.
Ukraynada baş verən hadisələrə gəldikdə isə burada rəsmi Tiraspol, gərginliyin artmasında, əlbəttə ki, maraqlıdır. Məqsəd isə Odessa ətrafı ərazilərin Rusiya tərəfindən ələ keçirilməsi və Rusiyaya quru yolu ilə birləşməkdir. Burada Ukraynanın ikinci cəbhə açmaq niyyətləri də özünü büruzə verir. Çünki rəsmi Kiyevin əsas hədəfi Rusiyanın diqqətini üçüncü bir respublikaya yönəltməkdir. Günah keçisi isə Moldova ola bilər. pizza sifarişi
Bölgədə baş verən hadisələr, “Dnestryanı Dövlət Təhlükəsizlik Nazirliyinə” terror aktı, eləcə də Tiraspoldakı hərbi aerodromun vurulması qarşıdan gələn hərbi eskalasiyanın ilkin əlamətləri ola bilər. Rəsmi Kişineunun mövqeyi “odun üstünə su səpmək” olsa da, separatçılar Rusiyadan aldıqları dəstək və rəsmi Moskvaya birləşmək istəklərinə görə, eskalasiyanın daha da artmasını istəyirlər.
Bildiyiniz kimi, Moldova prezidenti Maya Sandu yuxarıda baş verən hadisələri problemli bölgə daxilində olan qüvvələrin hərəkətləri ilə əlaqələndirib. Əslində, qərbyönümlü lider burada Kiyevə də aydın siqnal verib.
Aprelin 27-də səhər saatlarında Dnestryanı bölgənin Kolbasna qəsəbəsi atəşə tutulub. Separatçı rejim bunu Ukrayna hakimiyyətinin üzərinə atsa da, Ukrayna siyasi elitası bunun separatçıların bölgədə gərginliyi artırmaq istiqamətində həyata keçirdiyi akt olduğunu bildiriblər. Məqsəd isə keçmiş SSRİ-nin Kolbasnada yerləşən ən böyük silah-sursat anbarının məhvi istəyidir. Münaqişəni alovlandırmaq niyyətinin getdikcə aydınlaşdığı bu məqamda separatçı “DXR” “rəhbərliyi” Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın növbəti məqsədinin Dnestryanı ərazinin mühafizəsi olacağını bildirib. Sözsüz ki, bu açıqlamalar Kreml tərəfindən verilən təlimatlardır və Moskvanın maşası olan separatçılar, əslində, ikinci hədəfin Moldova olduğunu heç də gizlətmirlər.
Xatırladaq ki, Dnestryanıda Rusiyanın 3 min hərbçidən ibarət sülhməramlı kontingenti var. Tanınmamış “respublika”nın silahlı qüvvələrinin sayı isə 4-5 min nəfər civarındadır.
Maraqlı məqam isə budur ki, Ukrayna Prezident Aparatı rəhbərinin müavini Oleksiy Arestoviçin bu bölgə haqqında səsləndirdiyi fikirlər regionda hərbi konfrantasiyanın artma riskini də özündə ehtiva edir. Qeyd edək ki, Arestoviç bildirib ki, “biz hər an Dnestryanıya qoşun çıxarda bilərik, lakin bu ərazilər Moldovanın suveren torpaqlarıdır”.
Son olaraq isə görünən odur ki, Kremlin növbəti hədəfi Moldovadır. Moskva Moldovanı qarışdırmaq istəyini gizlətmir. Sözsüz ki, böyük imperiyaların hər zaman böyük ambisiyaları olub. Rusiyanın keçmiş postsovet ölkələrində yaratdığı “sənət əsərləri” isə hər kəsə məlumdur.
Rafi MÜSLÜMOV
Telegram kanalımız