“ATƏT-in Minsk qrupu 30 illik işğal dövründə problemin həllinə heç bir töhfə vermədi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O, Qərbin Azərbaycan-Ermənistan danışıqlarında artıq fəaliyyəti Azərbaycan tərəfindən qəbul edilməyən ATƏT-in Minsk qrupunun yenidən dirildilməsi cəhdlərinə münasibət bildirib. Sezar pizza
T.İsmayılova görə, ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlərinin sonrakı etiraflarında da qeyd olunub ki, onlar sadəcə bölgəyə boş-boş vaxt keçirməyə gəliblər:
“Ona görə də Qərbin ATƏT-in Minsk qrupu ilə bağlı səyləri yekdil deyil. Nəzərə almaq lazımdır ki, özəlliklə də Azərbaycanın diplomatik səyləri nəticəsində Vaşinqton və Brüsseldə ATƏT-in Minsk qrupu ilə bağlı heç bir təkliflər səsləndirilmir. ATƏT-in Minsk qrupunu diriltmək istəyən Fransa və Ermənistanın təhriki ilə müəyyən erməni lobissinin təsiri altında olan Belçika, Hollandiya və digər ölkələrdəki müxtəlif siyasi dairələrdir”.
Analitik hesab edir ki, Azərbaycanın bu məsələdə prinsipial və dəqiq mövqeləri olduğuna görə, bundan sonra ATƏT-in Minsk qrupunun bölgədə hansısa bir formada dirçəldilməsinə imkan verilməyəcək:
“Azərbaycan heç bir formada ATƏT-in Minsk qrupunun bərpasına şərait yarada bilməz. Çünki artıq ATƏT-in Minsk qrupunun labüdlüyü üçün heç bir məsələ yoxdur, Qarabağ müharibəsi bitib, Azərbaycan torpaqlarını işğaldan azad edə bilib və artıq ikinci mərhələ - Azərbaycanla Ermənistan arasındakı sülh, sərhədlərin delimitasiya və demarkasiyası və Qarabağdakı Azərbaycan vətəndaşı olmalı olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi qaldırılıb”.
“Bu baxımdan, hansısa bir formada burada ATƏT-in Minsk qrupunun fəallıq göstərəcəyi bir situasiyanın olması mövcud deyil. Fikrimcə, Azərbaycan Ermənistan və onun havadarlarının ATƏT-in Minsk qrupunun dirçəldilməsi ilə bağlı bütün səylərinə baxmayaraq, bu formatın yenidən bərpasına imkan verməyəcək”, - müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız