Attilla və Timuçinin anasından – Müsahibə

Attilla və Timuçinin anasından – Müsahibə

İdman Saytların hazırlanması

24 Aprel 2019 17:48 1060


Türkiyənin Antalya şəhərində şahmat üzrə qadınlar arasında keçirilən Avropa çempionatında komandamızın üzvü Türkan Məmmədyarova 2020-ci ilə qadınlar arasında Dünya Kubokunda iştirak hüququ qazanıb. 

“Yeni Sabah” xanım şahmatçıdan bu barədə müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

-1989-cu il, 7 avqust tarixində Sumqayıtda doğulmuşam. Elə orada da 23 nömrəli məktəbi bitirmişəm. Qadınlar arasında indiyə kimi ən gənc çempion olmuşam (14 yaş). Ümumi isə 3 dəfə qadınlar arasında Azərbaycan çempionu olmuşam. 13 yaşımdan qadnlardan ibarət milli komanda da oynayıram. Yeniyetmələr arasında Avropa çempionu, dünya 2-cisi və beynəlxalq turnirlərdə qadınlar arasında 1-ci olmuşam. Həmçinin klublar arası Türkiyə çempionu olmuşam.  Evliyəm, 3 övladım var. Adları Attilla, İnci və Timuçindir.

- Dünya kubokuna vəsiqə qazanarkən hansı hisləri keçirirdiniz?

- Əlbəttə, bu çox sevindirici bir haldır. Çünki 2 ildən bir keçirilən bu yarışmaya vəsiqə qazanmaq olduqca çətindir. Yarışma 2 ildən bir keçirilir və dünya üzrə cəmi 64 qadın şahmatçıya yer verilir.

- Bunu gözləyirdiniz, ya sürpriz nəticə oldu?

- Sevindirici oldu, amma sürpriz olmadı. Çünki dəfələrlə vəsiqəyə yaxın olmuşam, lakin qazana bilməmişəm. 

- Əvvəlki illərdə vəsiqə qazanmağınıza rəqibi yaxşı analiz etməməyiniz, ya həyəcan kimi faktorlar mane olub?

- Yəqin ki, bu il hazırlığım daha güclü oldu. Həm də mənə elə gəlir ki, bu il istəyim daha çox idi. Çünki ailə qurandan sonra şahmata yetərincə zaman ayıra bilmədim, uğursuzluqlar  yaşadım və bu mənə pis təsir etdi. Qarşıma məqsəd qoydum ki, artıq uğur qazanmaq lazımdır.

- 2020-ci ildə dünya kuboku uğurunda mübarizə aparacaqsınız. Hazırlıqlara nə zamandan başlamağı düşünürsünüz?

- 1 may tarixində Naxçıvanda Heydər Əliyevin xatirəsinə ənənəvi açıq turnirimiz  olacaq. O yarışdan sonra hazırlıqlarım başlayacaq.

- Ailəli olduğunuzu bildirdiniz. İndi də şahmat və ailə ikisi bir arada çətin olur?

- Karyerası olan qadın üçün ailə çətindir. Mən isə ailə, övladlarla zaman keçirməyi sevən biri olaraq, daha çox vaxtımı onlara ayırıram. Uşaqlar mənə kitab gətirirlər ki, nağıl oxu, nağılları evdə səhnələşdiririk, oyunlar oynayırıq. Amma artıq bir az böyüyüblər və bağçaya gedirlər. Onlar orada olanda şahmat və başqa işlərimi görürəm. Xatırladım ki, həftənin əlavə 2  günü də işləyirəm. Deyə bilərəm ki, ailə cəhətdən bəxtim gətirib. Çox xoşbəxtəm ki, mənə şahmatda kömək olan ailəm, yoldaşım və yoldaşımın ailəsi var. Yarışa gedəndə övladlarımı onlara əmanət edirəm, onlar məndən daha yaxşı baxırlar.

- Bildiyim qədəri ilə ailənizdə ananızdan başqa hamı şahmatla məşğul olur. Sizdə bu sevgini onlar yaratdı, ya özünüz istədiniz?

- Mən özümü tanıyandan bəri şahmatla məşğul oluram.  4-5 yaşımdan şahmatdayam. Atamın arzusu olub və həmişə həm məşqçi, həm ata kimi üzərimizdə dayanıb. Ona görə, uşaq olanda özümün istəyib-istəmədiyim yadımda deyil. İndi isə o sevgi var.

- Nə zamansa bu sahədən uzaqlaşmaq fikriniz  olubmu?

- Şahmatçı olmağın müsbət cəhəti odur ki, 100 yaşında da şahmatla məşğul ola bilərsən. Hələki elə bir  fikrim yoxdur, bunu təsəvvürümə belə gətirmirəm.

- Məğlubiyyətlərə əsəbləşəndə o hirsi necə soyudursunuz?

- Uşaq vaxtı çox ağlamağımla məşhur idim. İndinin özündə də hər məğlub olanda, ağlamaq tutur, ağlayıram. Vuran, yıxan, dağıdan adam deyiləm…

- Məğlub olanda qardaşınız Şəhriyar Məmmədyarov tərəfindən danlanmısınız?

- Bu gedişi səhv oynadın deyir, amma danlamır. Ümumiyyətlə, Şəhriyardan şahmat barədə tərif eşitmək çətin məsələdir.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!