Yeni Zelandiyada ən azı 49 nəfərin məsciddə öldürüldüyü terror aktı ilə bağlı dünyanın bir çox ölkəsində bəyanatlar səsləndirildi, başsağlığı verildi. Maraqlıdır ki, ABŞ , o cümlədən Avropa baş verən hadisəni "terror" adlandırmaqdan çəkinir. Ən xırda hadisələrdə belə müsəlmanları terrorçu adlandıran ölkələr bu dəfə öz dinlərinə mənsub şəxsləri bəlkə də müdafiə etmək fikrindədirlər. Yeni Zelandiyada baş verən hadisə bir daha təsdiqləyir ki, terror terrordur, onun dini, irqi, milli mənsubiyyəti yoxdur. Lakin Qərbin məsələyə münasibəti nə dərəcədə obyektivdir? Hər halda, sualın cavabı göz qabağındadır.
Mövzu ilə bağlı Dini Komitənin keçmiş sədri Rafiq Əliyev “Yeni Sabah”a danışarkən iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantı Breiviklə ( Norveçdə 77 adamın ölümünə səbəb olan terrorçu) müqayisə edib və bildirib ki, hər iki terrorçunun etdikləri oxşarlıq təşkil edir:
“Onun da törətdiyi hadisəni dinlə bağlamadılar. Görünür, siyasətçilər xristianlarla müsəlmanların açıq qarışıqlığa getməsini istəmirlər. Amma bu, terror aktıdır. Həmin şəxs avtomatlarının, o cümlədən digər əşyalarının üstündə də müsəlmanları hədəf aldığını bəyan edir, xaç yürüşünü yenidən başlamaq niyyətini irəli sürür. Bunu da etdi və açıq şəkildə dünyaya göstərdi. Kimsə qəbul edir və ya əksinə. Amma fakt odur ki, Yeni Zelandiyadakı hadisə terror aktıdır və xristianların müsəlmanlara qarşı olan təcavüzüdür. Bunun da səbəbləri var, sadəcə ortaya çıxmayıb”.
R.Əliyev qeyd edib ki, xristian dövlətlərinin müsəlmanların da köməkliyi ola-ola Yaxın və Orta Şərqdə apardığı siyasəti terror , həm də cinayət adlandırmaq olar:
“Onlar Varşava Müqaviləsi Təşkilatı bağlanandan, SSRİ çökəndən sonra birinci düşmən İslamı adlandırıb NATO-nu saxladılar və İslama qarşı mübarizəyə başladılar. Nəticədə 20-25 il ərzində xristian-müsəlman qarşıdurması elə həddə gəlib çatdı ki, nəinki, fakt, artıq reallıqdır. Avropada müsəlman-xristian qarşıdurması mütləq olacaq və bu proses davam edir. Sadəcə olaraq onlar bu məsələni ictimaiyyətə çatdırmaq istəmirlər. Xüsusilə amerikalılar, avropalılar hadisəni terror kimi qəbul etmirlər. Amma ilk anlardan belə bilirlər ki, baş verən hadisə planlaşdırılmış terror aktıdır”.
Günay Rəsulqızı
Telegram kanalımız