“Bu gün yazılan əsərlərin çoxunda onsuz da sosial problemlər işıqlandırılır. Yazıçılar gecə-gündüz bu barədə yazırlar, xüsunən də cavanlar bu mövzulara çox toxunurlar”.
Bu sözləri Yenisabah.az-a Xalq şairin Vahid Əziz deyib. Bu gün ədəbiyyatımızda sosial problemlərin işıqlandırılmadığını iddia edənlərə cavab verən şair bu fikrin yanlış olduğunu bildirib:
“Bu gün Qan Turalı, Kəramət Böyükçöl kimi yazıçılar əsərlərində sosial problemləri işıqlandırırlar, hamı öz sözünü deyir. Elçin müəllimin pyeslərində də bu var. Niyə yazmırlar ki? Tarixi romanlarımız var, bu romanlar “qızım sənə deyirəm, gəlinim, sən eşit” misalıdır. Tarixi romanlar o vaxt dəyərli olur ki, orada keçmiş adı ilə indiki problemlər qaldırılır.
Ağ partiyanın başqanı Tural Abbaslı gecə-gündüz televiziya kanallarında, sosial şəbəkələrdə problemlərdən danışır, istədiyini, ürəyindəki sözü deyir. Azərbaycanda demokratiya var, kimisə tutub dama basmırlar ki...”
V.Əziz cəmiyyəti narahat edən problemlərin həll edilməsində ədəbiyyatın da böyük rolu olduğunu xüsusi vurğulayıb:
“Təbii ki, güldən, bülbüldən yazılan əsərlər də var, eşqə düşən adama gül-bülbül poeziyası lazımdır, amma məhəbbətdən uzaq olanlara təbii ki, sosial problemlərin qabardılması lazımdır. Əvvəla ona görə ki, bu sosial problemləri qabardanda ölkə rəhbərliyi onu eşidir, mövcud problemlərdən xəbərdar olur. Möhtərəm Prezidentimiz özü dəfələrlə deyib ki, problemləri qaldırın ki, mən xəbərdar olum, ətrafımdakı şəxslər mənə düzgün məlumat vermirlər. Şəxsən mənim bu cür şeirlərim var. Hər zaman insanlar sosial problemlərin ədəbiyyatda da qaldırılmasını istəyiblər, çünki bu əvvəla təskinlikdir, ikincisi camaatın içində olan gərginliyi azaldır, düşünürlər ki, bu gün belədir, amma sabah daha yaxşı ola bilər. Ona görə də normal ölkələrdə bu cür sosial problemlərin qaldırılmasına hətta rəvac verirlər. Axmaq quruluşlarda demokratiyanın başından basırlar, danışmağa qoymurlar, lakin başa düşmürlər ki, təsir əkstəsirə bərabərdir. Şükürlər olsun ki, Azərbaycanda buna mane olan yoxdur, sosial problemlər qaldırılır, yazılır və deyilir. Yenə deyirəm, güldən-bülbüldən oxumaq istəyən yaşlı nəslin nümayəndələri, cavanlığını yaşamış sentimental adamlar və eşqə düşən cavanlardır. Normal düşünənlər hər zaman sosial problemlərin əsərlərdə də işıqlandırıldığını görmək istəyirlər. Gənc yazıçılar da bunu bacarırlar, mən də imkan tapdıqca onları oxuyuram. Varisin əsərlərində nə qədər sosial problemlər işıqlandırılıb. Bu çox yaxşı işdir. Əgər ədəbiyyatda cəmiyyəti narahat edən problemlər cəsarətlə qaldırılırsa, deməli, cəmiyyət inkişafdadır. Bəzən “sandıq ədəbiyyatı”ndan danışmağa başlayırlar, o bura aid deyil. Nə “sandıq ədəbiyyatı”?! Əgər sən vətəndaşsansa, ölkənin inkişafı üçün çəkinmədən, qorxmadan, cəsarətlə sözünü deməlisən”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız